10 min dollara görə 17 min manat ödəyənlər 8500 manatı geri alacaq

10 min dollara görə 17 min manat ödəyənlər 8500 manatı geri alacaq
Azərbaycanda problemli (vaxtı keçmiş) kreditlərin ödənilməsinin yeni mexanizmi barədə prezident İlham Əliyev çoxdan gözənilən fərmanı dərc olundu. Bəs bu fərman necə işləyəcək və kimlərin borcunun hansı hissəsi dövlət büdcəsi hesabına "silinəcək"?

Virtualaz.org sənədin işlənib hazırlanmasında iştirak edən bank-maliyyə mütəxəssisindən bu fərmanın necə işləyəcəyinə dair geniş izahat alıb.

Əvvəlcədən onu qeyd edək ki, sənəd xalq arasında deyildiyi kimi heç də "kredit borclarının silinməsi" mənasını vermir. Bankdan kredit götürmək və onu ümumiyyətlə ödəməmək, dövlətin bu borcu ödəyəcəyini gözləmək əlbətdə ki, yanlış yanaşmadır. Və bəzi populistlərin iddia etdiyinin əksinə olaraq dövlətin problemi kreditlərin hamısını öz hesabına "silməsi" gələcəkdə bank sistemi və ümumiyyətlə iqtisadiyyat üçün təhlükəli presedent yarada bilərdi. Hansı ki, heç bir ölkədə kreditlərin "silinməsi" kimi populist qərarlar verilməyib, yaxud verilsə də icra edilməyib.

Bu baxımdan prezident fərmanı əhalinin, yəni fiziki şəxslərin 10 min ABŞ dollarına qədər olan kredit borclarının 2015-ci ildə baş vermiş iki devalvasiya nəticəsində manat ekvivalentində artmış əsas hissəsinin təqribən devalvasiyadan əvvəlki məzənnə ilə hesablanmasını nəzərdə tutur. Aradakı fərq isə dövlət büdcəsi hesabına kompensasiya ediləcək.

Beləliklə, fərmana əsasən 2015-ci ildə birinci devalvasiyanın baş verdiyi günə qədər (fevralın 21-i) vətəndaş bankdan 10 min ABŞ dolları məbləğində (Təqribi olaraq 1 ABŞ dolları=0.78 AZN) kredit götürmüşdüsə, yaxud daha çox məbləğ götürüb bundan 10 min dollar əsas borcu qalırdısa həmin günə qədər onun əsas kredit borcu 7800 manat təşkil edirdi. Devalvasiya nəticəsində isə vətəndaşın əsas borcu artaraq 10.500 manata çatmışdı. Başqa sözlə, əsas borc təqribən 2700 manat artmışdı. (Nəzəri olaraq belə hesab edilir ki, vətəndaş devalvasiyaya qədər banka olan borcundan heç nə ödəməyib, yəni 10 min dollar əsas borcu dəyişməz qalırdı)

Bu situasiya üçün prezidentin fərmanına əsasən vətəndaşın manatla artan həmin əsas borcuna görə dövlət 2500 manat kompensasiya ödəyəcək. (10.000 ABŞ dolları X 0.25 AZN=2500 AZN). Yəni vətəndaşın əsas borcu devalvasiyadan əvvəlki məbləğə yaxınlaşaraq 8 min manat təşkil edəcək.

Fərmanda nədən 10 min dollara qədər borclardan söhbət getdiyinə gəlincə isə hesablamalara görə vətəndaşların banklara olan problemli kreditlərinin 95 faizə qədəri məhz bu məbləğə qədər borclardır. Nəticədə yuxarı hədd olaraq 10 min dollar götürülüb.

Fərmanın 1.2 bəndinə əsasən birinci devalvasiyadan sonrakı müddətdə, ikinci devalvasiyanın baş verdiyi tarixə qədər (21 dekabr 2015-ci il) vətəndaşın banka olan 10 min dollar borcuna görə ona hər dollar üçün 0.6 manat, yəni cəmi 6 min manat kompensasiya ödəniləcək. Başqa sözlə, vətəndaş birinci devalvasiyadan sonra bankdan 10 min dollar borcu qalırdısa onun əsas borcunun manat ekvivalenti 10.500 manat idi. Lakin ikinci devalvasiya nəticəsində əsas borcun məbləği artaraq 15.500 min manat təşkil etdi. İndi isə dövlət həmin itkiyə görə də borclu vətəndaşa hər dollara görə 0.6 manat olmaqla kompensasiya ödəyir. Bu zaman nəzər alınır ki, ikinci devalvasiyadan sonra da manatın ucuzlaşması davam edib və hazırda məzənnə 1 ABŞ dolları üçün 1.7 AZN olaraq sabitləşib.

Başqa sözlə, vətəndaşın iki devalvasiya nəticəsində artan əsas borcuna görə hər dollar üçün cəmi 0.85 AZN kompensasiya ödənilir. Əgər hər hansı borclu hər iki devalvasiyadan əziyyət çəkibsə belə şəxslərə həm 0.25, həm 0.6 AZN kompensasiya ödəniləcək. Bu da vətəndaşların devalvasiyadan əvvəl banklara olan 10 min dollara görə əsas borcunun köhnə məzənnə ilə ödəməsi deməkdir. Yəni dövlət borclu vətəndaşların hər iki devalvasiyadan məruz qaldıqları maliyyə itkilərini kompensasiya edir.

Daha bir mühüm məqam: fərmanda nəzərdə tutulmuş güzəşt mexanizmi əsasında 10 min dollara qədər borclarını indiki məzənnə ilə banka ödəyib başa çatdırmış vətəndaşların da itkisini kompensasiya edəcək, onların artıq ödədikləri pullar geri qaytarılacaq. Məsələn, vətəndaş devalvasiyadan əvvəl götürdüyü 10 min dollar əsas borca görə 17.000 manat ödəmişdisə indi həmin şəxs bankdan 8500 manatını geri ala, onu istədiyi şəkildə istifadə edəcək.

Bu da kifayət qədər ədalətli yanaşmadır. Hansı ki, fərmanın dərcindən sonra bəzi eksperlər borcunu yeni məzənnə ilə ödəyib başa çatdırmış şəxslərin itkilərinin kompensasiya edilməsi haqda sənəddə heç nə deyilmədiyini əsas gətirərək ədalət prinsipinin müəyyən qədər pozulacağını deyirdilər. Əslində isə fərman indiyə qədər ödənilmiş borclarla ödənilməmiş borclar arasında fərq qoymur.

Fərmana əsasən dövlətin devalvasiya nəticəsində borclu şəxslərin itkilərini kompensasiya etmək üçün ödədiyi vəsaitlər banklar tərəfindən faizlərə, o cümlədən dəbbələrə çıxıla bilməz, ancaq əsas borcun ödənilməsinə sərf edilməlidir.

Fərmanda deyildiyi kimi dövlətin bu güzəşt mezanizmi sayəsində hər bir fiziki şəxsə ödəniləcək kompensasiyanın ümumi məbləği 5 min ABŞ dolları ekvivalentini keçməyəcək. Bu hədd ona görə müəyyən olunub ki, bəzi şəxslər bir yox, bir neçə banka borclu ola bilərlər və nəticədə güzəşt mexanizmi sayəsində 10 min dollara qədər borcu olan başqa şəxslərdən dəfələrlə çox kompensasiya almaq imkanı qazanarlar. Yəni ədalət prinsipi pozular. Hərçənd araşdırmalar göstərir ki, borclular arasında bu cür şəxslərin sayı çox azdır, yaxud cüzidir.

Gözlənilir ki, bu güzəşt təxminən 400 minə qədər borclunu əhatə edəcək.

Fərman təkcə vətəndaşların 10 min dollara qədər olan borclarının devalvasiya nəticəsində artmış əsas hissəsinin kompensasiya edilməsini nəzərdə tutmur. Digər problemi kreditlər məsələsinin də həlli üçün borcluların mənafeyi baxımından sərfəli mexanizm yaradır.

Təhlillərə əsasən fərmanın 10 min dollara qədər olan borclarla bağlı hissəsi ölkədə problemli kreditlər məsələsini xeyli ölçüdə həll etmiş olacaq. Lakin buna baxmayaraq yenə də problemli kreditlər, o cümlədən manatla götürülmüş problemli kreditlər (10 min dollara və ya 17 min manata qədər ) yenə də qalacaq. Bu, elə borclu şəxslərdir ki, onlar götürdükləri vəsaitlərin bir qismini ödəyə bilməyiblər və nəticədə banklar tərəfindən məhkəmələrə veriliblər. Borcların tutulması icra tərəfindən onların əmək haqlarına, pensiyalarına və s. yönəldilib.

Fərmanda bu məqam da nəzərə alınır və belə borcların restrukturizasiyası proqramı təqdim edilir. Belə ki, Mərkəzi Bank belə problemi kreditləri restrukturizasiyası üçün banklara dövlət zəmanəti ilə 682 milyon manat güzəştli kredit ayıracaq. Banklar isə borclulara qarşı məhkəmə iddialarını geri çağıracaq, icra tədbirlərini dayandıracaq, faizləri, dəbbələri siləcək və onlarla borcların restrukturizasiyası çərçivəsində yeni güzəştli kredit müqavilələri bağlayacaq.

Bu güzəştli şərtlərə əsasən banklar dövlətin ayırdığı güzəştli kredit hesabına borclulara 1 il möhlət hüququ olmaqla 5 illik aşağı faizli ( 1 faiz) kredit verəcək ki, onlar əvvəlki borclarını ödəsinlər. Yəni bu cür şəxslərdən 1 il ərzində heç bir ödəniş alınmayacaq. Bu müddət ərzində onlar öz maliyyə durumlarını sabitləşdirmək imkanı qazanacaqlar və daha sonra əsas borclarını geri qaytarmağa başlayacaqlar. Başqa sözlə, restrukturizasiya proqramına qoşulan vətəndaşları narahat edən bütün qalıq problemlər-faizlər, dəbbələr, məhkəmə qərarları və s. aradan qaldırılmış olacaq.

Fərman onu nəzərdə tutur ki, banklar indiyə qədər olan problemli kreditlərin valyuta olan hissəsini manat ekvivalenti ilə əvəzləyəcək. Bu zaman bankların valyuta aktivləri ilə bağlı yaranacaq problemi aradan qaldırmaq üçün dövlət onlara 215 milyon dollarlıq (illik faiz dərəcəsi 0.5 olmaqla) qiymətli kağızlar satacaq.

Загрузка...

Xəbər lenti