ABŞ-a ölümcül ZƏRBƏ VURACAQ – Müharibənin ikinci DALĞASI BAŞLAYIR

ABŞ-a ölümcül ZƏRBƏ VURACAQ – Müharibənin ikinci DALĞASI BAŞLAYIR
Dünyanın ən böyük iki iqtisadiyyatı arasında başlayan ticarət müharibəsinin nəticələri özünü çox ağır şəkildə göstərəcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Çinin müdafiə, texnologiya, aviasiya və avtomobil sektorunu hədəf alıb.

Çin isə ABŞ prezidenti Donad Trampın səs dəstəyinin yüksək olduğu bölgələri, həmçinin kənd təsərrüfatı və geyim sahələrini hədəfə alıb. Ticarət müharibəsində növbəti addımın ABŞ-dan gəlməsi gözlənilir.

Qlobal iqtisadiyyat və ticarət, dünyanın iki böyük iqtisadiyyatı arasında ticarət müharibəsi səbəbiylə risk altındadır. Dünya iqtisadiyyatının çətinliklə üzləşdiyi bir dövrdə ABŞ və Çin arasında ticarət müharibəsi baş verməsi fəsadları daha da ağırlaşdıran amil hesab olunur. ABŞ administrasiyası Çinlə əvvəlki razılaşmaya baxmayaraq, Çin məhsullarına 25 faiz əlavə gömrük vergisi tətbiq etməyə qərar verib. Artırılan verginin ümimu dəyəri isə 50 milyard dollar qiymətləndirilir. Çinin cavabı da gecikmədi. Pekin 659 ABŞ məhsuluna 25 faiz əlavə gömrük vergisi tətbiq edəcəyini açıqladı. Bunun isə ABŞ-a təxminən 50 milyard dollar zərər verəcəyi gözlənilir. Çin Amerikanın neft və neft məhsulları, təbii qaz, kömür və tibbi cihazlarına gömrük vergilərini artıracaq.

ABŞ ticarət müharibəsində ikinci dalğaya başlayaraq, 60 gün ərzində 100 milyard dollarlıq əlavə vergini tətbiq etməyə hazırlaşır.

İqtisadi ekspertlərin sözlərinə görə, qısa müddət əvvələ qədər sinxron şəkildə böyüyən qlobal iqtisadiyyatda görüntü dəyişir, ixracatçıların işi çətinləşir. ABŞ-ın İrana qarşı yenidən sanksiya tətbiqi barədə qərar verməsi idxal xərclərini artırıb. Avropa iqtisadiyyatında zəifləmə siqnalları verilir. Avropa və ABŞ-ın mərkəzi bankları ucuz pul siyasətini ləğv edir, dünya üzrə borclanma xərcləri artır. Geosiyasi risklər artmaqdadır. Və Amerika Birləşmiş Ştatları ilə ticarət tərəfdaşları arasında gərginlik getdikcə artır.

İqtisadçılara görə, ticarət müharibəsində əsas sual kimin daha çox qazanacağı deyil, kimin daha çox itirəcəyi barədə olmalıdır. ABŞ ticarət səlahiyyətlilərinə görə, 2016-ci ilin yekunlarına əsasən Çin və ABŞ arasında ümumi ticarət dövriyyəsinin həcmi 578,2 milyard dollar olub. ABŞ Çinə 115,6 milyard dollarlıq məhsul satdığı halda, Çindən 462,6 milyard dollarlıq məhsul alıb. Bu isə ABŞ-ın Çinlə ticarətdə 347 milyard dollar kəsirinin olduğunu göstərir. Analitiklərin fikrincə, Çinin ABŞ-dan asılılığı vaxt keçdikcə azalır.

Ekspertlərin fikrincə, Çinin mümkün cavabı ABŞ iqtisadiyyatında, xüsusilə kənd təsərrüfatı və kosmik aviasiya kimi mühüm sahələri vura bilər. Çin 2016-ci ildə ABŞ mallarının satıldığı üçüncü ən böyük bazar idi. Çin Amerikanın soya, donuz məhsulları və təyyarələrinin ən yaxşı alıcılardan biridir. Donald Tramp administrasiyasının məlum qərarından sonra Çin Braziliyadan soya idxalını artırarsa, ABŞ hökuməti öz fermerləri üçün yeni bazar tapmalı olacaq. Ötən il Çinin ABŞ-dan idxal etdiyi soyanın miqdarı, ABŞ-ın soya ixracının üçdə ikisini təşkil edib. Ticarət müharibəsi səbəbiylə ABŞ-ın soya ixracının təxminən 50 fazi azalacağı gözlənilir.

Xəbər lenti