ABŞ-ın keçmiş səfiri Azərbaycanda işıqların sönməsi və digər kritik məsələlər haqda - Robert Sekuta yazır ki...

ABŞ-ın keçmiş səfiri Azərbaycanda işıqların sönməsi və digər kritik məsələlər haqda - Robert Sekuta yazır ki...

Amerikanın analitik mərkəzləri Böyük Xəzər regionunda (Mərkəzi Asiya və üç Cənubi Qafqaz respublikaları nəzərdə tutulur) kritik əhəmiyyətli infrastrukturun mühafizə olunması üçün zəruri tədbirlər barədə məsələni araşdırır.

Virtualaz.org xəbər verir ki, bu barədə Amerikadakı Xəzər Siyasi Mərkəzinin (Caspian Policy Center) saytında dərc edilmiş və "Böyük Xəzər regionunda kritik mühüm infrastrukturun mühafizəsi-tələbatlar və imkanlar” adlı araşdırmada deyilir. Araşdırmanın müəllifi isə ABŞ-ın Bakıdakı keçmiş səfiri Robert Sekutadır.

Müəllif qeyd edir ki, bu mərkəz regionda kritik infrastrukturun vəziyyətinin mühüm aspektlərini araşdırıb. Hökumətlər və özəl sektor tərəfindən mövcud və formalaşmaqa olan kritik infrastrukturun mühafizəsi üçün fəal tədbirlərin görülməsinin zəruri olduğu qənaətinə gəlib. Mərkəz dörd əsas sektor müəyyən edib. Bura elektrik şəbəkələri, İT və telekommunikasiya sistemləri, neft və qaz kəmərləri, habelə yeni dəmir yol, bərə və digər yerüstü nəqliyyat şəbəkələri daxildir.

Keçmiş səfir bildirir ki, mühüm infrastrukturun mühafizəsi region ölkələrinin təhlükəsizliyi, iqtisadi inkişafı və əhalisinin rifahı üçün böyük əhəmiyyətə malikdir. Kritik infrastrukturun qorunması onun yaradılması qədər vacib məsələdir, amma bu infrastruktur sistemlərinin mühafizə olunması və bərpa edilməsi işləri yetərincə deyil. Nəticədə ən müxtəlif fəsadlar ortaya çıxa bilər-müvəqqəti narahatlıqlardan tutmuş kütləvi insan ölümlərinə, cəmiyyətin ciddi narazılığından siyasi çaxnaşmalara qədər.

Robert Sekuta hesab edir ki, bununla bağlı hökumətlər təhdidlərin aşkarlanması, infrastrukturun qorunması üçün tədbirlərin görülməsi üçün öz rolunu oynamalıdır. Belə ki, regionun mühüm infrastruktur sistemləri İpək yolunun dirçəlməsi, habelə regionun iqtisadi dirçəlişi ilə bağlı beynəlxalq əhəmiyyət kəsb edir. Yeni dəmiryol və digər yerüstü infrastruktur xətləri  Çinlə Qərbi və Mərkəzi Avropa arasında ticarətin daha çevik variantlarını tapmağa imkan verir. Xəzər regionunun mineral ehtiyatlarını Çinə və Avropaya nəql edən neft və qaz kəmərləri qlobal energetika təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir.

Keçmiş səfirin fikrincə kritik infrastrukturun modernləşdirilməsi, mühafizəsi və onlara vaxtlı-vaxtında baxım həyata keçirilməsi yeni şəbəkələrin və infrastrukturun yaradılması qədər əhəmiyyət kəsb edir. Bundan əlavə mühüm infrastruktur obyektlərinin qorunmasında hökumətlərin roluna dair ciddi müzakirələrə baxmayaraq özəl sektor da burada öz rolunu oynamalıdır.

"Son hadisələr göstərir ki, regionda kritik infrastruktur Birləşmiş Ştatların və Qərbi Avropa ölkələrinin qarşılaşdığı problemlərdən sığortalanmayıb. Məsələn, regionun elektrik şəbəkələrinn kökü sovet dövrünə gedib çıxır və köhnəlir ölkələrin artan iqtisadiyyatına və əhalisinin tələbatına cavab verə bilmir. İyulun 3-də Azərbaycanda elektrik enerjisinin bütün ölkə boyu kəsilməsi nasazlıqların hansı nəticələrə gətirib çıxara biləcəyini əyani göstərir”-Robert Sekuta belə yazır.

Diplomata görə taleyin ironiyasıdır ki, yeni kritik infrastruktur sistemləri də lap əvvəldən daxili çatışmamazlıqlara malik ola bilər. Məsələn, İT və telekommunikasiya sistemlərində belə çatışmamazlıqlar mövcuddur. Belə ki, Çin yeni Trans-Avrasiya şəbəkəsinin qurulmasında mühüm rol oynayıb, habelə Rusiya ilə optik lifli kabellər şəbəkəsinin və digər sistemlərin qurulması üzərində birgə işləyib. Narahatlıq və təhlükə var ki, Çin və Rusiya hökumətləri bu sistemlər üzərindən ötürülən bitləri və baytları izləyir, onları öz serverlərində yerləşdirir və saxlayır. Ona görə də region hökumətləri informasiyaların ötürülməsi üzərində nəzarətlərini itirə və verilənlərin lokallaşdırılması üçün Pekinin artan təzyiqləri ilə qarşılaşa bilərlər. Nəticədə isə bütün vətəndaşlar, özəl sektor və hökumətlər zərər çəkər.

Robert Sekuta hesab edir ki, atıla biləcək ən mühüm addımlardan biri hökumətlər daxilində və hökumətlərin arasında fasiləsiz rabitənin yaxşılaşdırılması, habelə özəl sektorla rabitə əlaqələrinin daha etibarlı qurulması ola bilər. Bu məsələdə ABŞ və Avropa ölkələri ilə əməkdaşlıq hamıya fayda gətirərdi. Çünki həmin ölkələr İpək yolunun inkişafında və uğurlarında maraqlıdır.


Загрузка...

Xəbər lenti