Akademik Musa Əliyevin 110 illik yubileyi keçirildi

Akademik Musa Əliyevin 110 illik yubileyi keçirildi
Mayın 15-də Azərbaycan Milli Elmlər Akademiyasında görkəmli alim, tanınmış ictimai xadim, akademik Musa Əliyevin 110 illiyinə həsr olunmuş yubiley yığıncağı keçirilib.

Milli.Az xəbər vüeri ki, ilk olaraq iştirakçılar II Fəxri Xiyabanda akademik Musa Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Akademiyanın Əsas binasında təşkil olunan tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Akademik Musa Əliyevin 110 illiyinin qeyd edilməsi haqqında" 21 fevral 2018-ci il tarixli Sərəncamını xatırladan Akif Əlizadə vurğulayıb ki, bu sənəd elmimizə və alimlərimizə dövlət qayğısının daha bir göstəricisidir.

Natiq bildirib ki, Musa Əliyev Azərbaycanda geologiya elminin inkişafına fundamental tədqiqatları ilə mühüm töhfələr verib, yüksəkixtisaslı kadrların hazırlanmasında xüsusi xidmətlər göstərib. Onun akademiyanın prezidenti kimi respublikada intellektual potensialın formalaşdırılması və elmin perspektivli sahələrinin təşkili istiqamətində mühüm nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb.

Akademik Akif Əlizadə görkəmli alimin həm də böyük ictimai xadim olduğunu vurğulayıb: "O, müxtəlif illərdə SSRİ və Azərbaycanın Ali Sovetlərinin deputatı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü və katibi, Azərbaycan Nazirlər Soveti sədrinin müavini, Azərbaycan Plan Komitəsinin sədri, keçmiş Ümumittifaq "Bilik" Cəmiyyətinin Azərbaycan şöbəsinin sədri, Lenin Mükafatları Komitəsinin və Ali Attestasiya Komissiyası Plenumunun üzvü, Sovet-Pakistan Dostluq Cəmiyyətinin vitse-prezidenti olub. SSRİ Neft Sənayesi Nazirliyinin kollegiyası tərəfindən "Fəxri Neftçi" adına layiq görülüb. Neft sənayesində çoxillik səmərəli elmi fəaliyyətinə görə adı SSRİ Neft Sənayesi Nazirliyinin "Fəxri kitabı"na daxil edilib. Ümumittifaq Paleontoloji Cəmiyyətin Fəxri üzvü seçilib".

AMEA rəhbəri görkəmli alimin çoxillik məhsuldar elmi-təşkilati, pedaqoji və ictimai fəaliyyətinin yüksək qiymətləndirildiyini, onun "Lenin", iki dəfə "Qırmızı Əmək Bayrağı", "Şərəf Nişanı" ordenləri, bir neçə medal və fəxri fərmanlarla təltif olunduğunu nəzərə çatdırıb. Alimin ölümündən sonra 1989-cu ildə "Azərbaycanın təbaşir faunası" monoqrafiyasına görə Azərbaycan dövlət mükafatı laureatı adına layiq görüldüyünü əlavə edib.

Akademik Akif Əlizadə görkəmli alimlə bağlı xatirələrini bölüşüb: "1956-cı ilin payız aylarında mənə məlumat gəldi ki, akademiyanın o vaxtkı prezidenti, akademik Musa Əliyevin Geologiya İnstitutunda iki vakant ştat vahidi var və ora gənc mütəxəssislər axtarır. Həmin vaxt akademiyaya işə qəbul olunmaq çox çətin məsələ idi. Musa Əliyevlə görüşdüm, söhbət etdik. Məni işə qəbul etdi".

Musa Əliyevin görkəmli paleontoloq olduğunu deyən Akif Əlizadə onun laboratoriyasında elmi istiqamətini bir daha təbabətlə, tibblə bağlaya bildiyini əlavə edib.

Akademik Akif Əlizadə görkəmli alimin həm akademiyanın prezidenti kimi, həm də laboratoriyanın rəhbəri olaraq, ilk addımından ona qayğı göstərdiyini, inandığını bildirib. Diqqətə çatdırıb ki, prezidentlik vəzifəsindən azad olunub Moskvaya köçdükdən sonra da hər zaman ona dəstək olub. Musa Əliyevin Azərbaycan elmində əvəzsiz xidmətləri olduğunu vurğulayan AMEA rəhbəri onun xatirəsinin hər zaman yaddaşlarda yaşayacağını söyləyib.

Tədbirdə AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrədin Qədirov "Görkəmli alimin şərəfli həyat yolu" mövzusunda məruzə ilə çıxış edib. Akademik Musa Əliyevin 1926-cı ildə Aşqabadda fizika-riyaziyyat təmayüllü orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Dağ-mədən fakültəsinə daxil olduğunu söyləyən F.Qədirov 1931-ci ildə oranı bitirdiyini əlavə edib. Vurğulayıb ki, o, 1936-cı ildə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1957-ci ildə professor elmi adını alıb. 1950-ci ildə isə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

Natiq akademik Musa Əliyevin bir sıra yüksək vəzifələrdə uğurla çalışdığını deyib: "O, 1936-1941-ci illərdə Azərbaycan Sənaye İnstitutunda ardıcıl olaraq dosent, neft fakültəsinin dekanı və institutun direktoru vəzifələrində işləyib, 1941-1942-ci illərdə keçmiş SSRİ-nin Neft Sənayesi Nazirliyinin nəzdində Baş tədris idarəsinin rəisi vəzifəsinə təyin edilib, eyni zamanda Moskva Neft İnstitutunda pedaqoji fəaliyyət göstərib. Akademik 1943-1949-cu illərdə Azərbaycanda partiya və hökumət orqanlarında çalışıb, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sənaye üzrə katibi, Azərbaycan  Nazirlər Soveti sədrinin müavini və Dövlət Plan Komitəsinin sədri, SSRİ Ali Sovetinin deputatı olub".

Mərhum akademikin elmi fəaliyyətindən danışan məruzəçi bildirib ki, alimin əsas uğurlarından biri onun rəhbərliyi ilə 1949-cu ildə Xəzər dənizinin akvatoriyasında neft və qazın geoloji axtarışı və istismarına dair layihə əsasında ilk dəfə neft sənayesində dənizdə böyük yatağın ("Neft Daşları") açılışı olub. Musa Əliyevin böyük elm təşkilatçısı olduğunu söyləyən F.Qədirov vurğulayıb ki, o, 1950-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışıb: "Onun Akademiyaya rəhbərlik etdiyi dövrdə Elmlər Akademiyasının inkişafının istiqamətləndirilməsində, yeni elmi tədqiqat institutlarının, bölmə və şöbələrin yaradılmasında, elmin ən perspektiv sahələrinin təşkilində mühüm xidmətləri olub".

Alim vurğulayıb ki, Geologiya İnstitutundakı fəaliyyəti dövründə Musa Əliyevin də yaxından iştirak etdiyi tədqiqatlar nəticəsində Azərbaycanda müxtəlif ərazilərin faydalı qazıntılarının müəyyənləşdirilməsi və perspektivlərinin dəyərləndirilməsi üçün xeyli sayda geoloji, tektonik və neotektonik xəritələr tərtib edilib. Bu xəritələr bir sıra neft, filiz və qeyri-filiz yataqlarının müəyyənləşdirilməsində mühüm rol oynayıb.

Bölmənin akademik-katibi bildirib ki, M.Əliyev Azərbaycanda Mezozoy üzrə paleontoloq və stratiqrafların elmi məktəbinin banisidir. Bu məktəb isə SSRİ-də Yura və Təbaşir stratiqrafiyası üzrə "Bakı Məktəbi" kimi məşhurlaşıb. 1958-ci ildən Moskvada Musa Əliyevin elmi fəaliyyətinin yeni dövrünün başlandığını diqqətə çatdıran alim vurğulayıb ki, o, SSRİ Elmlər Akademiyasının prezidenti A.Nesmeyanovun təklifi ilə Moskvaya yeni təşkil edilmiş Yanar Qazıntı Yataqlarının Geologiyası və İşlənilməsi İnstitutuna elmi işlər üzrə direktor müavini vəzifəsinə dəvət olunaraq ömrünün sonuna kimi burada çalışıb. Musa Əliyev 1967-1971-ci illərdə Sovet-Əlcəzair neft-qaz kontraktına rəhbərlik edib, Əlcəzairin Tinduf və Xassi Braxim neft-qaz yataqlarının açılması da onun adı ilə bağlıdır.

F.Qədirov görkəmli alimin rəhbərliyi ilə 60-dan çox fəlsəfə və elmlər doktoru yetişdirildiyini, onun geologiya, paleontologiya və stratiqrafiyanın müxtəlif problemlərinə aid 350-yə yaxın elmi əsərin müəllifi olduğunu diqqətə çatdırıb. Akademik Musa Əliyevin adının Azərbaycan elminin inkişaf tarixində xüsusi yer tutuduğunu, hələ uzun illər gələcək nəsillər üçün nümunə olacağını deyən F.Qədirov görkəmli alimin əziz xatirəsinin hər zaman yaşayacağını əlavə edib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı "Akademik Musa Əliyevin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin inkişafında rolu" mövzusunda məruzə ilə çıxış edib. Natiq bildirib ki, Azərbaycanda geoloq kadrların professional hazırlanmasının əsası ötən əsrin 20-ci illərində Bakı Politexnik İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) qoyulub. Qeyd edib ki, məhz bu ixtisası seçmiş Musa Əliyev ali məktəbin Dağ-mədən fakültəsinə daxil olub, ilk günlərdən liderlik keyfiyyətləri ilə fərqləndiyinə görə, tələbələr onu geoloqlar qrupunun başçısı seçiblər.

Musa Əliyevin tələbəlik illərində pedaqoji fəaliyyətlə də məşğul olduğunu deyən M.Babanlı vurğulayıb ki, o, 1930-1933-cü illərdə Balaxanıda Nəriman Nərimanov adına Sənaye texnikumunda və Lassal adına Neft texnikumunda  müxtəlif fənlərdən dərs deyib.

Məruzəçi Musa Əliyevin Azərbaycan Sənaye İnstitutunu bitirdiyi il ali məktəbdə dərs demək hüququ qazandığını, Azərbaycan Sənaye İnstitutunda ardıcıl olaraq assistent, dosent və Neft fakültəsinin dekanı kimi fəaliyyət göstərdiyini, 1939-cu ildə isə institutun direktoru vəzifəsinə təyin edildiyini diqqətə çatdırıb. M.Babanlı məhz bundan sonra milli kadrların yetişdirilməsi istiqamətində ciddi işlərə başlanıldığını, neft sənayesi üzrə milli kadrların seçilməsi və yerləşdirilməsində ilk addımlar atıldığını söyləyib: "Musa Əliyev artıq o dövrdə SSRİ miqyasında nüfuzlu sayılan ali məktəbimizin 20 illik yubileyinin təntənəli keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olub. İşçilərin cəmi 25 faizini təşkil edən azərbaycanlıların əksəriyyəti direktorun Moskvaya göndərilmiş məlumatı əsasında orden və medallara təqdim olunub, bu da institut üzrə təltif olunanların 70 faizini təşkil edib. Musa Əliyev də yüksək elmi-pedaqoji və təşkilati nailiyyətlərinə görə "Qırmızı Əmək Bayrağı" ordeninə layiq görülüb. Onun rəhbərliyi dövründə institut iki dəfə SSRİ Xalq Neft Sənayesi Komissarlığı və Neftçilər Həmkarlar İttifaqının Mərkəzi Komitəsinin keçici bayrağını alıb".

Ümummilli lider Heydər Əliyevin bu institutda təhsil aldığını xatırladan məruzəçi bildirib ki, o, 2000-ci il müəllim-tələbə kollektivi ilə görüşdə çıxışı zamanı - "...Xatirəmdədir ki, 1940-cı ildə burada tələbə idim. Bildikki, 20 illik yubileydir. O vaxt burada rektor Musa Əliyev idi. Bilirsiniz ki, o, sonra böyük alim, akademiyanın prezidenti olmuşdur. Başqa müəllimlərimiz də var idi. Onlar yüksək dövlət ordenləri ilə təltif olunmuş, institut təltif edilmişdir" fikirlərini səsləndirərək Musa Əliyevi xatırlayıb.

M.Babanlı mərhum akademikin böyük insan, dahi şəxsiyyət, görkəmli alim, bacarıqlı pedaqoq, əsl ziyalı olduğunu, onun əziz xatirəsinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində hər zaman yaşayacağını vurğulayıb.

İclasda Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Bakı Dövlət Universitetinin Faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadə,  AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin müdiri, akademik Teymur Bünyadov və digərləri çıxış edərək akademik Musa Əliyevin həyat və elmi fəaliyyətindən danışıblar, görkəmli alimlə bağlı xatirələrini bölüşüblər.

Sonra  "ADA" Universitetinin rektoru, professor Hafiz Paşayev ailə üzvləri adından çıxış edərək alimlə bağlı xatirələrini bölüşüb, yığıncağın təşkilinə görə AMEA rəhbərliyinə, həmçinin tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Tədbirin sonunda akademik Musa Əliyevin həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş edilib. 
Загрузка...

Xəbər lenti