ANS-ə qarşı 205 min manat pul və avadanlıqların üzərinə həbs tələbi

ANS-ə qarşı 205 min manat pul və avadanlıqların üzərinə həbs tələbi
ANS telekanalı və "ANS ÇM” radiosu fəaliyyətini dayandırandan bir qədər sonra Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu şirkətin yerləşdiyi və fəaliyyət göstərdiyi bina ilə bağlı icarə müqaviləsini uzatmaqdan imtina etdi.

İnstitut rəhbərliyi ANS Şirkətlər Qrupuna aid bütün avadanlıqların qısa müddətdə binadan çıxarılmasını tələb edirdi. Deyirdilər ki, institutun özünün həmin binaya ehtiyacı var, işləməyə yer tapmırlar.

ANS isə uzun müddət binanı boşaltmırdı.

"Biz öz fəaliyyətlərimizi yerinə yetirə bilmirik. Biz tətbiqi zoologiya mərkəzi yaratmışıq. Bunun üçün bizə otaqlar, dərs zalı lazımdır. Qarşı tərəf də əmlakını götürə bilmir, ya yerləri yoxdur, ya da düşünürlər ki, fəaliyyətləri nə vaxtsa bərpa olunacaq. Əgər iş məhkəməlikdirsə, biz məhkəməyə vermirik, onlar versinlər”, – Zoologiya İnstitutunun direktoru Elman Yusifov mətbuata açıqlamasında belə demişdi.

Bizimyol.info xəbər verir ki, Zoologiya İnstitutu direktorun bu açıqlamasına baxmayaraq, bir müddət əvvəl ANS-ə qarşı məhkəmədə iddia qaldırıb. İnstitut ANS-in ona ziyan vurduğunu iddia edərək, ödənilməsini tələb edib. Zoologiya İnstitutunun rəhbərliyi iddia ərizəsində maddi zərərə görə 200 min və kommunal borc kimi ödənilmiş 4893 manatı tələb edib. İnstitut təmsilçiləri məhkəmədən xahiş ediblər ki, iddianı təminetmə tədbiri tətbiq olunsun. Yəni bəri başdan məhkəmə getdiyi müddətdə ANS-ə bütün avadanlıqların və əşyaların üzərinə həbs qoyulsun.

İddianı təminetmə tədbiri – avadanlıqların üzərinə həbs qoyulması barədə ərizəyə məhkəmə "yox” deyib.

Bir müddət sonra isə Zoologiya İnstitutu işə baxan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin dəftərxanasına ərizə göndərib ki, iddiası və əlavə etdiyi sənədlər geri qaytarılsın.

Məhkəmə də ərizəni nəzərə alaraq, işə baxılmasına xitam verib, iddianı və ona əlavə edilmiş sənədləri Zoologiya İnstitutuna geri qaytarıb.

loading...

Xəbər lenti