Aqil Abbas: “Məktəblərdə təhsili 15 iyuna qədər uzadıb şagirdləri süründürürlər”

Aqil Abbas: “Məktəblərdə təhsili 15 iyuna qədər uzadıb şagirdləri süründürürlər”
"Vaxtı ilə mənfur sovet təhsil sistemi vardır. Burada əyləşənlərin mütləq əksəriyyəti sovet təhsil sisteminin yetirməsidir. Hansı ki, bu təhsil sistemində oxuyan Xudu Məmmədov 34 yaşında elmlər doktoru olub və İngiltərədə ingilislərə mühazirə oxuyurdu. Eləcə də Yusif Məmmədəliyev və digərlərinin adını qeyd edə bilərəm”.

"Ölkə.Az” xəbər verir ki, bunu Milli Məclisdə "Təhsil haqqında qanun” layihəsinin müzakirəsi zamanı deputat Aqil Abbas deyib. 

Aqil Abbas əlavə edib ki, hazırda parlamentdə onunla yanaşı əyləşən  Əhliman Əmiraslanov, İsa Həbibbəyli, Gövhər Baxşəliyeva və digərləri mənfur sovet təhsil sistemindən çıxan alimlərdir:

"Onlar Azərbaycan elminə böyük töhvələr verib. İndi bir nəfər mənə Əhliman müəllimin və ya Abel Məhərrəmovun adını çəksin. Son 26 ildə boloniya sistemi belə bir alim ortaya çıxarmayıb”.
Deputat tədris ilinin iyunun 15-nə qədər davam etməsini tənqid edib:

"Təhsil müddətini 15 iyuna qədər uzadaraq şagirdləri məktəbdə niyə süründürürlər? Uşaqları nəyə görə belə yükləmək lazımdır? Birinci sinfə gedən şagirdin çantası 6 kiloqram 800 qramdır. Biz bəyəm ştanqist yetişdiririk? Anlayıram ki, yeni tədris ilini 15 sentyabrda başlamaq olar və bu anlaşılandır. Bəs tədris müddətini 15 iyuna qədər uzatmaq nəyə lazımdır? İndi yeni nazir təyin edilib. Bəlkə o, tədris ilinin başa çatmasını iyunun 30-na təklif edəcək. Bu məsələlər nazirlərin sözü ilə həll edilməməlidir. Elmlər Akademiyası, universitetlər, elmi təhsil mərkəzləri var və onlar bu məsələ ilə məşğul olmalıdır. Mən xahiş edirəm ki, tədrisin başlama və başa çatma dövrü, dərs ləvazimatı barədə işlərlə məşğul olunsun”.

Spiker Oqtay Əsədov isə bildirib ki, Aqil Abbas tərəfindən qaldırılan məsələlərə İsa Həbibəyli tərəfindən cavab veriləcək:
"Tədris ilinin 15 iyunda başa çatması tədris ilinin 15 sentyabrda olması ilə bağlıdır. Bu tədris proqramı ilə bağlı məsələdir. Alimlər məsələsinə gəldikdə alimlər hər zaman olub, olacaq. Yəqin siz gənc alimləri tanımırsınız, onların səsləri bir azdan çıxacaq”.

Xəbər lenti