Araz Əlizadə Səlim Müslümovu müdafiə etdi

Araz Əlizadə Səlim Müslümovu müdafiə etdi
Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, deputat Araz Əlizadə 181 ölüyə pensiya yazılaraq dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı Hesablama Palatası tərəfindən Dövlət Sosial Müdafiə Fondunda aparılan hesabata münasibət bildirib. 
 
 Araz Əlizadə Sfera.az-a açıqlamasında deyib ki, istintaqın açılması hələ oğurluq faktının açılması demək deyil:

"Təqsirsizlik prezumpsiyası var. Ona görə də indidən bu məsələ ilə bağlı şərh vermək düzgün deyil”.

Deputat sosial sahələrdə korrupsiya hallarının olması və burada keçmiş nazir Səlim Müslümovun günahlandırılması ilə bağlı yazılanları da şərh edib:
"Adətən, bizim bir çox jurnalistlər, siyasətçilər və ictimai xadimlər çay gəlməmiş çırmanırlar. Mən isə o cür adamlardan deyiləm”.

Xatırladaq ki, "Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında” adlı hesabatda 2016-cı ildə məcburi dövlət sosial sığorta haqları üzrə təsdiq edilmiş proqnoz 93,5% icra edilməklə 1 mlrd. 920 mln. 994,8 min manat vəsait yığılması, ilin əvvəlinə nisbətən sonunda sığortaedənlərin Dövlət Sosial Müdafiə Fonduna borcu 21 mln. 612,2 min manat və ya 6,7% artaraq 342 mln. 877,2 min manat təşkil etməsi qeyd olunub.

Daha sonra hesabatda vurğulanıb ki, aparılmış audit tədbirləri 2016-cı il üzrə DSMF-nin məcburi dövlət sosial sığortası üzrə gəlirlərinin və xərclərinin proqnozlaşdırılmasında mövcud potensialın qiymətləndirilməsi, gəlirlərin və xərclərin icra vəziyyətini əhatə edib.

Hesabatda bildirilib ki, qeyd olunan dövrdə qeyri-büdcə sektoru üzrə debitor borcların aradan qaldırılması istiqamətində Fondun fəaliyyəti həmin tədbirləri tam əhatə etməyib.

Auditin başlanıldığı tarixə 181 halda pensiya alan şəxslərin vəfat etdiyi tarixdən sonra hesabların bağlanılmadığı, həmin hesablara ödənişlərin davam etdirilərək 624,5 min manat, 35 şəxsin, eyni zamanda Fondun iki müxtəlif yerli orqanından əmək pensiyası aldığı və nəticədə onlara ikiqat pensiya ödənilərək, ümumilikdə 319,1 min manat məbləğində vəsait ödənildiyi məlum olub.

2016-cı ildə Fondun Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş İdarəsində qeydiyyatda olan müəssisə və təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olan 492 nəfər, İri Sığortaedənlərlə İş İdarəsində isə 416 nəfər Fondun müxtəlif şəhər və rayonlarında əlilliyə görə əmək pensiyasını tam məbləğdə alıb, bu səbəbdən artıq ödənilən pensiya məbləği ümumilikdə, 1092,6 min manat təşkil edib.

Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər üzrə 01.01.2016-cı il tarixə Konfederasiyanın hesabında 662,7 min manat məbləğində qalıq olmasına baxmayaraq həmin vəsait təsdiq olunmuş illik xərclərdə nəzərə alınmayıb, qanunvericilikdə Fondun vəsaitlərinin düzgün və məqsədyönlü xərclənməsinin ildə bir dəfədən az olmayaraq yoxlanılması nəzərdə tutulsa da, Fond və Nazirlik tərəfindən Konfederasiyada müvafiq yoxlamalar həyata keçirilməyib.

Fondun aparatının saxlanılması üzrə 38,9 min manat vəsait təsdiq olunmuş smetada nəzərdə tutulan maddələrə uyğun xərclənməyib, tətbiq olunmuş maliyyə sanksiyalarından daxil olan vəsaitlər üzrə ümumilikdə 25,8 min manat vəsait "Sosial Sığorta haqqında” qanunda nəzərdə tutulmayan istiqamətdə xərclənib. bundan əlavə, ümumilikdə 10,7 min manat məbləğində artıq əmək haqqı və müavinət, həmçinin 6 min manat məbləğində artıq yanacaq xərcləri aparılıb, Azərbaycan Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış "Pensiya və sosial təminat” layihəsi üzrə Fondun dövlət büdcəsinə 2,3 mln. dollar məbləğində borc qalığı yaranıb.
Загрузка...

Xəbər lenti