“Ateist inamını incəsənətlə əvəzləyə bilər” – Absurd klassiki

“Ateist inamını incəsənətlə əvəzləyə bilər” – Absurd klassiki

Sim-sim.az Zahid Sarıtorpağın tərcüməsində dünyada absurd klassiki kimi qəbul edilən Ejen İonesko haqda Yuri Bezelyanskinin essesini təqdim edir.

Rusiyanın "Veçernaya Moskva”, "Nauka i jizn”, "Oqonyok”, "Rabotnitsa” kimi məşhur qəzet və jurnallarında tarixi rubrikaların aparıcı müəlliflərindən olan Yuri Bezelyanski tanınmış rus jurnalisti və yazıçısıdır. Onun öz vətənində və ABŞ mətbuatında 1600-dən çox publisistik yazıları dərc olunub. Uzun illərdi toplayıb sistemləşdirdiyi kulturoloji və tarixi informasiyaların əksəriyyəti sonralar yazdığı kitablar üçün bir növ təməl rolunu oynayıb. "Ryürikdən Yelçinə qədər”, "Cakondanın təbəssümü”, "Alovlu əsr”, "Moskva təqvimi” "Qərbin məşhur yazıçıları. 55 portret” və sair bu kimi kitabları oxucuların rəğbətini qazanıb. Görkəmli fransız dramaturqu, absurd klassiki Ejen İonesko haqqındakı bu mətn də adını çəkdiyimiz sonuncu kitabdandır.

Absurd klassiki

Kütləvi ədəbiyyatın uğur reseptini üç anlayış təşkil edir: seks, qorxu, ölüm. Bu zaman kitabları isti piroq kimi əldən qapırlar. Fransız ədəbiyyatının ustalarından olan Ejen İoneskonun piroq bişirməyə aidiyyatı yoxdu. Onun pyes və kitabları dedektiv intriqalarından kənardı. Seks – ya azdı, ya da tamamilə görünmür. Qorxu – var. Ölüm – açar sözlərdən biridi. İonesko başqa bir sahənin – intelektual ədəbiyyatın parlaq nümayəndəsidi. O, absurd teatrının yaradıcılarından biridi. Hətta İoneskonu absurd klassiki adlandırmaq olar.
Ejen İoneskonu 1965-ci ilə qədər SSRİ-də tərcümə etməmişdilər, bu üzdən, oxumamışdılar, amma ədəbi "həcvlərindən” xəbərdar idilər. Onun ilk dəfə "İnostrannaya literatura” jurnalında dərc olunan "Kərgədan” pyesi səs-küyə səbəb olmuşdu. Bizim "ədəbiyyat zooparkında” belə "kərgədanlar” saxlanılmırdı. Bütün maariflənmiş və ziyalı oxucular İonesko haqda bir ağızdan danışmağa başladılar. Savadsız və cahil oxucular isə bu günə qədər onun barəsində heç nə bilmirlər. Sadəliyin və aydınlığın Don-Ustino-Marinski sahillərində belə oxucuların ona heç ehtiyacları da yoxdu.
Qələmi qütrətliydimi? Şübhəsiz. Amma o çox nadir istedad idi. "Məktub – daxilin güclü müalicəsidi! Mürəkkəbindən asılı olaraq, qara və göy hərflərlə doldurduğum ağ səhifə mənim həyacanımı canına hopdurur. Və günahlarıma dözür. Bu mənə bir mənzərə rəsmi kimi gözəl təsir edir…” (İoneskonun "Fasiləli axtarış” kitabından).
Ejen İonesko 26 noyabr 1912-ci ildə rumın şəhəri Braşovda (indiki Slatin) doğulub. Anası fransız, atası isə damarlarında ya polyak, ya da yəhudi qanı daşıyan rumın idi. Hər ehtimala qarşı, "Yəhudilər rus mədəniyyətində” məlumat kitabında (1966) İonesko da Kafka və Feyxtvanqerlə birgə Qərbin yəhudi yazıçıları sırasında göstərilib (şəxsən məndə bu barədə dəqiq məlumat yoxdu). Ejenin bir yaşı olanda onu anasının vətəninə gətirirlər, o, Parisdə və La Şanel-Antenezdə yaşayır, katolik qaydalarıyla tərbiyə görür, fransız ədəbiyyatına aludə olur və özü də yazmağa başlayır. İonesko özü deyirdi: "On bir yaşımdan yazmağa başladım, dərhal da memuara girişdim. On iki yaşımda şeirlər qoşdum və on üçümdə ilk pyesimi yaratdım…”
"Mən niyə yazıram?” avtobioqrafik məqaləsində İonesko belə deyirdi: "Bu barədə özüm özümdən soruşmalıyam. Mən çoxdan yazıram… Niyə yazdığımın əsas səbəblərindən biri, yəqin ki, bayağılıqların acığına – uşaqlığımın möcüzəli anlarını, faciələrin əksinə – sevinc dolu çağları, qəddarlıqların ziddinə – rəhmi, saflığı geri qaytarmaqdı…”

İnosko 14 yaşında Buxarestə – vəkillik təcrübəsi olan atasının yanına qayıdır və təhsilini Rumıniyada davam etdirir. O, burada şeirlər toplusu və "əgər Tanrı varsa, o zaman ədəbiyyat nəyimizə gərəkdi? Əgər Tanrı yoxdusa, nəyləsə məşğul olmağımızın nə mənası var?” kimi, ədəbiyyatda radikal şübhələrə yol açan bir sıra paradoksal essellər çap etdirir. Yəni İonesko gənclik illərində həmyaşıdlarından fərqli orijinal və tamamilə qeyri-standart fikirlər yürüdürdü. Sonra İoneskonun yolları atasıyla ayrıldı. O, atasının simasında hər şeydən öncə, despotçuluq və ikiüzlülük görürdü, bir də onu Rumıniyada hökmranlıq edən "dəmir qvardiya” – nasistlərə bərabər totalitar hərəkatın qayda-qanunu ruhdan salırdı. İonesko bütün ömrü boyu totalitarizmə nifrət etmişdi. Komformist və faşizm tərəfdarı olan bütün rumın cəmiyyəti də ona yad idi və İonesko 1938-ci ildə Fransaya köçdü. O zaman 26 yaşı vardı.
Fransa haqda İonesko dəfələrlə: "Bura mənim əsil vətənimdi, bütün karyeramı burda qurmuşam”. Parisdə onu teatr cəlb elədi. Teatrda oynamağı o hələ Buxarestdə arzulayırdı, amma atası: "Əsil kişi üçün bu, təhqiredicidi. Bu, peşə deyil, təlxəklikdi” – deyərək ona səhnəyə çıxmağa icazə verməmişdi. Öz aktyorluq istəyini o, qismən də olsa həyata keçirdi: "Tina” filminə çəkildi. "Bunu öz arzumla etdim, istəyirdim ki, əvvəl-axır insanlar üzümü görsünlər – İonesko dedi – Amma filmdən camaatın xoşu gəlmədi, çünki yəqin, mən Qreto Qarbo kimi yaraşıqlı deyiləm, bu filmi az adam xatırlayır, amma o, dünyanın nöqsanlı, qeyri-mükəmməl olduğu üçün Tanrı tərəfindən deyil, İblis tərəfindən yaradıldığı ideyasına görə mənim üçün əziz idi… ”
Ejen İoneskonu pyeslər özünə cəlb etdi, o, Samuel Bekket və Artur Adamovla birgə, biri-birindən asılı olmayan super-avanqard teatr – Absurd teatrını yaratdı. Nə olduğunu bilmək sarıdan bu yeni və təbii ki, müəmmalı teatrla bağlı xeyli hay-küy, fərziyyələr və fantastik fikirlər səsləndirildi. Başa düşməyənlərə Ejen İonesko dəfələrlə səbrlə izah edirdi: "İstənilən teatr absurddu. Ediplə və ya İovayla baş verənlər də absurddu! "Maqbet”də belə sözlər var: "Həyat… Bu, idiotun danışdığı tarixdi: içi söz və iztirabla dolu bir tarix, amma mənası yoxdu…” Şekspirin bu sözlərini Absurd teatrına münasibətdə mükəmməl hesab edirəm. Absurd teatrı – həqiqət teatrıdı: daim onu hiss edirik. Sözün pis mənasında isə, bu, naturalist, realist teatrdı…”
1950-ci ildə İonesko "Keçəl müğənni qadın” pyesini yazdı, sonra "Stullar” (1952), "Borc qurbanları” (1953), "Amadey və ya ondan necə xilas olmalı” (1954), "Qatil doğulmuş” (1958), "Kərgədan” (1959), "Səmada gəzən” (1962) kimi əsərləri meydana gəldi… Artıq "Keçəl müğənni qadın” adlı ilk pyesi İoneskonun adını tanıtdı. Pyes şərti bir ingilisin həyatından bəhs edir. İlk pərdə üçün müəllif şərhində deyilir: "…Uzun müddətli ingilis sükutu. İngilis divar saatı 17 dəfə vurur”. Xanım Smitin ilk replikası:
"Bir bax, saat doqquzdu. Biz şorba, balıq, donuz piyi ilə kartof, andiy salatı yemişik. Uşaqlar ingilis suyu içiblər. Bu gün biz yaxşı nahar etmişik. Şünki biz London ətrafında yaşayır və Smit soyadı daşıyırıq”.
Ardıyca bayağılıq və absurd həyatın məntiqsizliyi və İoneskonun final şərhi gəlir:
"Onlar qəzəblənərək hamısı bir-birinin qulağına çığırır. İşıq sönüb. Və artan templə zülmət qaranlıqda çığırtılar eşidilir: "Oraya get! Buraya gəl! Oraya getmə! Buraya gəl! Oraya getmə! Buraya gəl! Oraya getmə! Buraya gəl!” Birdən səslər kəsilir. İşıqlar yanır. Cənab Marten və xanımı tamaşanın əvvəlində Smitlərin oturduğu kimi əyləşiblər. Tamaşa yenidən başlayır. İlk səhnədə Smitlərin işlətdiyi replikanı eynilə Martenlər də dilə gətirir. Pərdə aramla enir”.
Absurd teatrını bəzən "İrrasional teatr” adlandırırlar, burada İonesko insan həyatını dəhşətli bir yuxu kimi, hər şeyi sirli bir kabus kimi təsvir edir, ölüylə dirini qarışdırır, mürəkkəb alleqoriyaya bağlı sırf bayağılığı önə çəkir, dramaturq tez-tez absurdun onun ixtirası olmadığını qeyd edir, belə ki, Şekspirin, Qoqolun, Dostoyevskinin, Kafkanın, Folknerin, Coysun əsərlərində, Maleviçin, Kandinskinin və Şaqalın rəsmlərində absurd elementlərinin mövcudluğunu göstərirdi. İonesko iddia edirdi ki, "yaradıcılıq cavablar silsiləsi deyil, – suallar silsiləsidi, izahat deyil, – izah tələbidi…”
İntervyülərinin birində Ejen İonesko deyirdi: "Bekket, Adamov və mən birlikdə "ağıllı” və "bacarıqlı” bir teatr, illüziyadan uzaq bir dramaturgiya yaratdıq. Bu dramaturgiya səhnəyə insan varlığını "çılpaq” şəkildə çıxardı, yəni sırf ekzistensialist bir görkəmdə. Bu zaman biz dilə xüsusi diqqət yetirdik. Biz sözü, onun boş şüarçılığını, ideologiyasını məhv etdik, yəni burjua teatrını öldürdük. Əvvəl sanırdım ki, teatrın rolu canlı emosiyaları ifadə etməkdi. İlk pyesim olan "Keçəl müğənni qadın”da mətn yalnız emosiyanı dəstəkləyən bir dayaq rolu oynayır, amma tədricən sözlər mənasızlaşır, dağılıb gedir. Sonralar mən daha çox ənənəvi pyeslər yazdım…”
İonesko dünya teatrının tarixindən söhbət açanda, onun daim tənəzzüldə olduğunu qeyd edir. "Teatr Rasin* dönəmində (Jan Rasin – XVII əsrdə yaşamış məşhur Fransız dramaturqu) önəmli rol oynayırdı. Teatrda Sevgi vardı. İnsanlar sevgidən ölürdülər. XIX əsrdə də teatrda sevgi vardı. Amma XIX əsrdən sonra bu haqda rişxəndlə danışmağa başladılar. Və Rasin sevgisi bir sədaqətsizlik aktına çevrildi…” Yeri gəlmişkən bu gün biz də sizinlə birgə bunu müşahidə edirik. Sevgi əvəzinə bütünlüklə cismdən asılılıq var. Və ya seks – bir sıxıntı, üzüntü dərmanına çevrilib.
İonesko ən vacib problemlərin – insanın ekzistensial problemlərinin: onun ümidsizliyi, tale faciəsi, gülünc gündə olması və absurdluğunun ifadəçisidi.
"Stullar” pyesində (bu pyes son illər rus səhnəsində dəfələrlə oynanılıb) kimsəsiz bir adada mayakda yaşayan iki qocanın hekayəti təqdim olunur. Həyatlarının cansıxıcı məngənəsindən qurtulmaq üçün onlar özlərində "qəbul” təşkil edirlər. Təbii ki, oraya heç kim gəlmir. Amma qocalar özlərini elə aparırlar ki, guya yanlarına qonaqlar gəlir, yeni insanlar təşrif buyurur və onlar üçün bir ucdan çoxlu stul gətirirlər. Nəticədə stullar səhnəni doldurur və bu, əsərin qəhrəmanlarının məhvinə səbəb olur. Pyesin belə bir süjeti var.
İoneskonun "Borc qurbanları” pyesində meşşan cütlüyü olan Şuber və arvadı Madlen axşamı dincliklə keçirdikləri yerdə, qəflətən dalandar qadını axtaran bir polis peyda olur. Polisin təvazökarlığına və gəncliyinə heyran kəsilən ər-arvad onu yanlarına çağırır və qəhvəyə qonaq edirlər. Nəvaziş görən qonaq tədricən bir müstəbidə və cəllada çevrilir. O, Şuberi bu mənzilin keçmiş sakininin adının necə yazılmasıyla bağlı istintaq etməyə başlayır, yəni Mallo (Mallot) sözünün sonunda "t” yoxsa "d” yazılmasını sual-cavab edir. Şuber Mallonu heç vaxt görməyib. Amma dedektiv onu təhdid etdiyindən zülmə düşmüş Şuber özünə şər yaxmalı olur. Bir sıra dəyişikliklər baş verir, nəhayət yeni personaj – Nikolay peyda olur, dedektivi öldürərək polisin funksiyasını özü yerinə yetirir və o da "borcunun qurbanına” çevrilir. Mahiyyətinə görə isə borc absurddu: Mallo soyadının orfoqrafiya gerçəkliyi kimə lazımdı axı?!..
Mən bilərəkdən bir sıra İonesko pyeslərinin qısa məzmununu söyləyirəm, belə ki, hər oxucuya onlara səhnədə tamaşa etmək müyəssər olmur, onlar haqda isə bəzi təsəvvürlərə malik olmaq lazımdı (İoneskonun pyesləri də intelektli insanların mədəniyyət xəzinəsinə daxildi).
"Borc qurbanları” – müəmmalı bir hekayətdir, cəmiyyət qarşısında "Mallo problemi” kimi istənilən borcun mənasını itirdiyini göstərir. Sosial həyatın istənilən qanunu qarşısında hər hansı bir öhdəliyin yerinə yetirilməsi insanın əl-qolunu bağlayır, onu alçaldır, beynini məhv edir, hissiyatını korşaldır, düşünən varlığı robota, ölüvay canlıya çevirir.
İnsanların "yaxşı vətəndaş”, "qanunları pozmayan”, "öz borclarını yerinə yetirən”, "təmiz vicdanlı” olmalarını fərz edən qorxaq qadın Madlenin də, əsassız olaraq özünü aldadıb qanun keşikçisinə – polisə yumşaqlıq göstərən sonra isə, amansızcasına mənəvi cəhətdən məhv edilən Şuberin də, hətta "qanunu” rədd edən, amma özü onun ənənlərinin ovsunlu hökmündən qurtula bilməyən Nikolayın da başına eyni iş gəldi. Hakimiyyət həmişə qanunlara söykənərək və təbliğatın köməyi ilə insanları özündən aşağı tutmağa, alçaltmağa, əzməyə, itaətkara çevirməyə çalışır və ya, bu gün dediyimiz kimi, cəmiyyətin hər bir üzvünü, hər bir seçicini zombiləşdirir.
İoneskonun "Mənfəət üçün qətl” pyesində Pip Ana seçicilərə demaqoqcasına belə bir məlumat yayır: "Vəd edirəm ki, hər şeyi dəyişəcəm. Hər şeyi dəyişmək üçünsə, heç nəyi dəyişmək lazım deyil. Mahiyyət deyil – adlar dəyişilir… Biz təqib edəcəyik, həm də cəzalandıracağıq və ədalət məhkəməsində hökm çıxaracağıq. Müstəmləkəyə çevirməyəcəyik, amma azadlıq vermək üçün işğal edəcəyik. Məcburi iş könüllü adlanacaq. Müharibəyə sülh deyiləcək”.
Ejen İoneskonun şedevrlərindən biri, insanların küt, təhlükəli və xain heyvana çevrilməsindən bəhs edən "Kərgədan” pyesidi. Bütün səviyyələrdə, bu, totalitarizm metaforudu, "kollektiv” ideoloji epidemiyanın tarixçəsidi, qatı "əminliyi” olan insanların tarixçəsidi. İonesko kərgədanın timsalında, hər şeydən öncə nasistləri, həm də tək onları deyil, başqalarını da nəzərdə tutduğunu bəyan edirdi. "Kərgədanlıq” – bu, "ehkama”, "bütpərəstliyə”, "yeni doktrinaya”, və ya "yeni dinə”, kütlələri çuğlamış kollektiv şüursuzluğa çevrilmiş, faşist Almaniyası və Sovet Rusiyası tarixindən bizə tanış olan hər cür ideologiyanı özündə birləşdirir. Nədən İonesko məhz kərgədanı seçib? Dramaturq elə bir heyvan obrazı axtarıb ki, qorxunc və inadcıl, həm də öz yolundan hər şeyi vurub atmağa qadir olsun. Bir dəfə ensiklopediyanı vərəqlərkən, kərgədan şəklinə rast gəli. Onun sözlərinə görə bu seçim heç də uğurlu deyilmiş. Onun fikrinə görə, buraya daha çox qoyunlar uyğun gəlirmiş, amma bu heyvanlar da hədsiz "yumşaqmış” və o saat bizim Puşkin yada düşür:
Otlayın, dinc xalqlar, bu da ot payı!
Sizləri oyatmaz vicdan harayı…
Əgər ki, nəslindən nəslinə ancaq
Miras boyundruq, qamçı qalacaq –
Yunları qırxılan, başı kəsilən
sürüyə azadlıq verilir nədən?..

Müvafiq olaraq qoyunları, otarır, yununu qırxır və kəsirlər. Bu, onların alın yazısıdı. Mənim kərgədanlarımsa, – İonesko etiraf edir – başına hava gəlmiş qoyunlardı. Onlar sağçı da ola bilər, solçu da, mərkəzçi də, faşist də, kommunist də, liberal da, mühafizəkar da. Onlar bütün rejimlərdə mövcuddu.
Maraqlıdı ki, İoneskonun "Kərgədan”ından yarım əsr sonra, 2005-ci ildə Andrey Voznesenski öz "Kərgədan”ını yazdı. Doğrudu, o, öz fransız sələfinə heç bir istinad etmədi.
Tanrını unudub ömür sürürük.
Mənzildə sıxlıq var.
İnsanlar – kərgədandı.
Yoxdu insanlar.

Amma mütləq "kərgədanlığa” hələ çox vardı və o zaman 60-cı illərdə, fikirləri SSRİ-də yüksək qiymətləndirilən Elza Triole belə bir ideya irəli sürdü ki, "Kərgədan”ı Sovet səhnəsində tamaşaya qoysunlar, guya, bu, burjua cəmiyyətini məhv edə bilən güclü tənqidi əsərdi. Pyesi dərhal rus dilinə çevirdilər və İoneskonun özünün də qismətinə yaşamaq yazılmış cəmiyyətlə, Sovet tamaşaçılarında – Tanrı özün saxla! – heç bir gərəksiz paralellər və təhlükəli assosiasiyalar aparmaq fikri meydana gəlməsin deyə ondan mətndə bəzi düzəlişlər aparmağı xahiş etdilər. O, qəti surətdə imtina etdi və "Kərgədan” həmin illərdə bizim teatr səhnəsində oynanılmadı.
Qeyd etmək lazımdı ki, İoneskonun ümumilikdə kommunizmə və xüsusilə də sovetlərin kommunizm anlayışına dəqiq və aydın münasibəti vardı. "Nezavisimaya qazeta”ya müsahibəsində (14 fevral, 1991) o, deyirdi: "Şərqi Avropada kommunist rejiminin süqutu baş verir. Bu, onu bildirir ki, kommunist hərəkatı öz məqsədlərinə çata bilmədi. Kommunizm – 1789-cu ildə Fransız inqilabının final nöqtəsidi, ən yüksək zirvəsidi, apogeydi, o da eləcə öz məqsədlərinə yetməmişdi. 1789-cu ildə inqilabçılar Azadlığı, Bərabərliyi, Qardaşlığı bərqərar etmək istəyirdilər, əvəzində insanın insan tərəfindən istismarına nail oldular. Onlar istismarı ləğv etmək istədilər, əvəzində kommunizm alındı, o da öz növbəsində siyasətdə, iqtisadiyyatda, mənəviyyatda bütünlüklə dağıntılara gətirib çıxardı. Hesab edirəm ki, bu, 200 il bundan öncə fransız inqilabı tərəfindən başladılan prosesin son mərhələsidi”.
"Heç bir cəmiyyət insan kədərini ləğv edə biləcək qüvvəyə malik deyil, heç bir siyasi sistem bizi həyatın məşəqqətlərindən, ölüm qorxusundan, can yanğısından xilas edə bilməz…” –Ejen İoneskonun sarsılmaz əqidəsi budur.
İnsanların hədsiz bədbəxtliklərinin səbəbini İonesko kollektivizmdə, onların qruplara bölünməsində, sürüyə çevrilməsində görür. İoneskoya görə, insanlara yalqızlıq gərəkdi. Amma yalqızlıq yoxdu. Qaragüruh yalqızlığı, özgə yaxınlığı var, işlərinə həmişə bir özgəsinin burun soxmasını hiss edirsən. İnsan daim kütlənin içindədi, – kütləninsə siması olmur, o fərdi əlamətlərdən məhrumdu. Bu, qəddarlıqdı. Yeri gəlmişkən bu haqda bir çox Qərb filosofları yazıb.
"Mən həmişə sevdiyim insanların əhatəsində yalqız olmuşam, – İonesko 1933-cü ilin yanvarında "İzvestiya”nın müxbirinə deyirdi. – Xalq kütlələrindən, vulqar saydığım hər şeydən qorxmuşam. Mənimçün başlıcası teatrdı. Teatr mənim 55 ildi birgə yaşadığım qadınım və birlikdə olduğum qızımdı. Mən hər şeydən çox pisliklərə nifrət edirəm, sonra isə, yəqin ki, burjua komformizminə.
Həyatımız mənim teatrım kimi absurddu, gülüncdü, miskin və kədərlidi – İonesko yad bir jurnalistə öz açıq etiraflarını bildirməyə davam edirdi, – sizinlə oturub müxtəlif şeylər haqda danışmağımız isə mənə anlaşılmaz bir möcüzə kimi görünür… Həyatda ən önəmli olan – Tanrıdı. İncəsənətin heç bir məqsədi yoxdu, amma dindar olmayan insan, inamını incəsənətlə əvəzlyə bilər… O ki qaldı dinə, o, məşəqqətli suallara olduqca sadə cavablar verir. Təbii ki, yaxın adamını sevməlisən. Amma qafil ruhunu xilas etmək naminə cəhənnəmə getmək istəyən müqəddəs Terezadan fərqli olaraq, mən buna hazır deyiləm. Həm də, od-alovdan qorxuram…”
Ejen İonesko 1971-ci ildə, 59 yaşında "ölməzlər” panteonuna qəbul edilir – onu Fransa Akademiyasına üzv seçirlər. Bir fransız tənqidçinin dediyi kimi, bu "nadir müşahidə qabiliyyətinə malik, insan qüsurları üzrə insafsız bir kolleksiyaçı və nümunəvi axmaqşünas”ı – qiyamçı və filosofu oraya qəbul etdilər. Axmaqşünas niyə? Görünür, bu ad ustad sənətkara 1968-ci ildə Parisdəki may tələbə təlatümündə, qiyamçıları və onların "Qadağan etmək qadağan olunur!” və "Tanrı ölüb, Marks ölüb, mən də özümü yaxşı hiss etmirəm” kimi şüarlarını dəstəklədiyi üçün verilib. Bu açıq-saçıq ziyalı tənqidi İoneskonun ad-sanına heç bir xələl gətirmədi, bir qədər də kəskinlik əlavə etdi və budur, o, artıq akademikdir. Ardıyca da öz ironiya dolu mülahizəsini söyləyir: "Bu institutun (Fransız akademiyasının – Y.B.) əhəmiyyəti onun tam mənasızlığındadı. Akademiklərin başlıca imtiyazları – qonaq stolunun arxasında, sahibkarın sağ tərəfində, fəxri yerdə oturmaqdan ibarətdi…”
Bir dəfə, dramaturq əlində çamadanı gəminin trapından ayağını torpağa yenicə basmışdı ki, "Sizin həyat və ölüm konsepsiyanız nədən ibarətdi?” – deyə bir Cənubi Amerika reportyoru bu sualla ona müraciət etdi. O, çamadanı yerə qoyub alnının tərini sildi və bu sualın üstündə 20 il düşünməyə icazə verməsini ondan xahiş etdi, bununla belə, bü müddətdə cavabı tapacağını vəd eləmədi.
Buna bənzər sualları son illər İoneskoya ünvanlayırdılar və fərz edirdilər ki, o, cavabını bilir. O isə, bilmirəm deməyə utanmırdı. "Mən əhatəsində olduğumuz hər şeyə heyrət etməkdən yorulmuram, – deyirdi o. – Mənə elə gəlir ki, insanlar mənasız bir dünyada yaşayırlar. Biz buraya necə düşmüşük? Nəyə görə Yer üzündə şər xeyirdən çoxdu? Bax, bütün ömrüm boyu özümə verdiyim bu suala hələ də cavab tapa bilməmişəm”.
Müsahibələrinin birində İonesko deyirdi: "İnsan həmişə mütləq olanı axtarır. Onu axtarmaq da lazımdı, ona sarı can atmaq da. Di gəl, onu heç vaxt tapmaq, fəth etmək mümkün olmayacaq. Heç vaxt! Amma qətiyyən dayanmaq da olmaz. Sevmək lazımdı. Və qatil olmaq gərək deyil”.
– Bəs həyatda ən çox nədən qorxursunuz? – İoneskoya verilmiş mühüm suallardan biri də budur.
İonesko uzun müddət susandan sonra cavab vermişdi:
– Tanrısız ölməkdən.
– Bəs ölümdən sonra?
–Ümidvaram ki, nəsə olacaq. Həqiqətdə buna əmin deyiləm. Amma inandığıma inanıram. Mən hər səhər dua edib: "Rəbbim, sənə inanmaqçün mənə iman ver!” deyən adam kimiyəm.
İonesko Parisdə, Monparnas bulvarı, 96 nömrəli evdə çox da geniş olmayan bir mənzildə yaşamışdı. Təbii ki, çoxlu kitabların əhatəsindəydi. Son illər görünüşü yaxşı deyildi: üzünü xırda qırışlar basmışdı, gözlərinin altı tuluqlanmışdı. Amma yazıb-yaratmağa davam edirdi. Yeni pyeslərlə yanaşı "Tərkidünya” romanını və "Səpələk atılmış gündəlik”, "Keçmiş indiki, – indiki keçmiş” kimi bir çox nəsr əsərləri yazmışdı. Son kitablarından biri isə, avtobioqrafik "Fasiləli axtarış” povestindən ibarət idi.
Bu, nələrisə xatırlamalı və nələrəsə hayıfsılanmalı olan yaşlı adamın kədərli kitabıdı. Bu da həmin kitabdan kiçicik bir parça:
"Həyatımın az qalmış hissəsini nəyə sərf edəcəyim sarıdan məni iztirab üzür. Heç nəyə marağım qalmayıb, hətta dostlarla da söhbət etmək darıxdırıcıdı, onlar isə məni zaman-zaman yoluxmağa gəlirlər. Beləliklə, neyləməli? İlahi olanlara əlim çatmır. Kəllə-mayallaq aşağılara yuvarlanıram. Tanrının əlini buraxmış kimiyəm.
Ancaq bədbəxt arvadımın xatirinə yaşayıram, daha doğrusu, sürünürəm.
Beləliklə, neyləməli? Qızlarla məsələ bitib. İçə bilmirəm. Yeməkmi? Az bir vaxt aparan eyni yeməklərdi, cansıxıcıdı, cansıxıcı… həyatım bundan ibarətdi…”
"Əsrin dörddə üçünü yaşayıb neyləmişəm axı? Yatmışam, ayılmışam: artıq gecdi, axşam qarışır. Yatmışam, vaxtı yelə vermişəm, zaman da məni itirib. Bəlkə heç vaxt gec olmur? Hələ zaman gələcək. Bəlkə də son anda, son dəqiqədə, son saniyədə yetirəcək özünü…”
"Dünən axşam qəribə sancılar çuğladı məni, çiyinlərimə, kürəyimə üşütmə gəldi, əsəbləşdirici, izaholunmaz ağrılar baş qaldırdı, səhərə sağ çıxmayacağımı, ölüm yatağında olduğumu düşünəndə bədənimdə elə bil qarışqalar gəzdi. Təəssüf, əlbəttə, qan dövranım yaxşı deyil. Hə, hə, mən gözəgörünməz qar içində, buz kimi soyuq yerlərə, ağlagəlməz buzlaqlara doğru gedirəm… həmişə canımda qorxu olub, hətta gəncliyimin ilkin çağlarında, 18, 19 yaşlarımda o vaxtlar psixasteniya adlanan xəstəlikdən əziyyət çəkmişəm… Amma o zamankı qorxularımın bu cür fiziki, fizioloji tərəfləri yox idi. Burası da var ki, elə o vaxt da canımda bir üşütmə hissi vardı, bir ağırlıq duyurdum, daha doğrusu, başımın arxasında bir yük vardı sanki. Bəlkə də beynim zəif və xəstəydi… ”
Yəni, sonrası da elə bu ruhda davam edir. Qocaman yazıçı başa düşürdü ki, bəzilərinə bunlar tamamilə maraqsızdı, sadəcə darıxdırıcıdı, buna görə də "Fasiləli axtarış”ı bir kənara qoymağı və Aqata Kristini oxumağı məsləhət görürdü.
Əlbəttə, Aqata Kristini oxumaq Ejen İoneskonu oxumaqdan asandı. Amma bunlar fərqli ədəbiyyatlardı. "Mən metafizikəm, – deyirdi İonesko. – Yazıçı kimi də metafizikəm və əminəm ki, ədəbiyyatla məşğul olmağın yeganə mənası insanları mənəvi kateqoriyalar, etik dəyərlər üzərində düşünməyə sövq etməkdən ibarətdir.”
Etiraz etmək çətindi. İoneskonun özü dərindən və acı bir ah çəkib davam sözünə edirdi: "Hayıf ki, biz ədəbi deyil, siyasi bir epoxada yaşayırıq. Daha vacib məsələlər olduğu halda, bütün dünya siyasət xəstəliyinə tutulub, mənim üçün siyasətçilər – ağıllı yelbeyinlərdi. Cəmiyyət siyasət azarına düşüb. Hakimiyyət isə, məlum olduğu kimi korrupsiyayla məşğuldu. Hakimiyyət artdıqca, mənviyyat pozulur. Əlbəttə, ən az pislik demokratiyadadı, amma o, gerçəkdən çox az, kiçik bir çevrəyə, elitaya aiddi… ”
Bunlar Ejen İonesko tərəfindən 1993-cü ildə deyilib. O vaxtdan bu yana dünya daha da siyasiləşib. Korrupsiya bütün ölkələrdə əməlli-başlı inkişaf edib. Rusiyada da, ABŞ-da da hakimiyyət öz nəzarətdənkənar fəaliyyəti və açıq-saçıqlığı ilə sadəcə həya hissini itirib. Absurd teatrı – İonesko deyirdi – həyatın öz absurdluğudu.
Paradoksçu, absurdçu, fransız ədəbiyyatının klassiki, absurd teatrının yaradıcılarından biri Ejen İonesko 1994-cü ildə martın 28-də 81 yaşında, Parisdəki evində dünyasını dəyişdi. Haqqa qovuşmamışdan bir neçə il öncə o, gündəliyində belə yazmışdı: "Öz "Kral ölür” adlı pyesimi özüm oynayacam və bu tamaşada baş rolda olacam”.
Kral öldü və tamaşaçıların önündə baş əyməyə qayıtmadı, həyatda tam əminliklə getdi: "Mənim bu miskin görkəmim Kainatda gözdən itəndə, artıq o başqa cür olacaq, özgə bir Kainata çevriləcək .”
O, başqa Kainata çevrildi. Absurd kralının həyatındakından heç də az absurd olmayan bir Kainata.

loading...

Xəbər lenti