Autizm: Sosial münasibətlər sferasındakı ünsiyyət problemi

Autizm: Sosial münasibətlər sferasındakı ünsiyyət problemi
Bir çox insanlar elə bilir ki, autizm ancaq azyaşlılarda olur, autistik spektr pozulmaları ətrafında müzakirələr, elmi araşdırmalar daha çox uşaqlar üzərində aparılır. Amma bu qənaətə gəlmək doğru deyil.

Belə ki, həm uşaqlarda, həm böyüklərdə autizm sosial adaptasiya, cəmiyyətə inteqrasiya və məhdudlaşan maraqlar, stereotiplər, təkrarlanan davranış və hərəkətlərlə müşayiət olunur.

Uşaqların ünsiyyətcil olması onların inkişafına da müsbət təsir edir. Bəzən isə körpələrdə həddindən çox özünəqapanma, sakitlik, narahatlıq və başqa hallar müşahidə olunur. Valideynlər bunun autizm olduğunu düşünürlər.

Ətraf mühit, xəstəliklər, stress, ailədaxili və cəmiyyətdə problemlər sonradan da autistik pozuntu yarada bilər. Davamlı depressiya, psixi reaksiyaların dəyişməsi nəticəsində insan qapanır, sosial bağları qoparır, ünsiyyətdən qaçır, heç kimi arzulamır, sosialfobiya yaranır - beləcə həqiqi autizm yox, onun ikincili təzahürü baş verir. Belə hallar anadangəlmə autizmə nisbətdə çox uğurla müalicə olunur. Bu gün uşaqlarda da autizmin cinsə görə fərqli olduğu məlumdur. Hətta oğlan uşaqlarında autizm daha çox rast gəlinir, nəinki qızlar.

Psixoloq Roza Kazımlı sözügedən mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, autizm erkən yaşda başlayan sosial münasibətlər sferasında ünsiyyət problemidir: " Autizm olaraq da tanınan Autustik Spekturum Pozğunluğu (Autism Spectrum Disorder) (ASD) doğuş zamanı və ya doğulduqdan sonra başlayır və ömür boyu da davam edir. Autizm fərdin öyrənmə qabiliyyətinə və insanlarla münasibətinə də təsir edir. Autizmi olan iki nəfər bir-birinə bənzəmir.

Autizmi olan şəxslərin zehni qabiliyyətləri, yaşları, davranışları, ünsiyyət bacarıqları geniş bir çeşidlilik göstərir. Onlar başqalarını anlamaqda əziyyət çəkər, göz təmasından qaçar, səbəbsiz yerə ağlayar və ya gülər, həddindən artıq cəld, əksi olaraq ləng də ola bilərlər. Sualları dar mənalar ilə cavablayar, işarət məqsədi ilə özünün əl və barmağından deyil, başqalarından istifadə edər, sözlərin məcazi mənalarını və çoxmənalı sözlərin bir neçə mənasını anlamaqda problem yaşayarlar. Söhbətə başlamaqda və davam etdirməkdə çətinlik çəkərlər. Sözləri və ifadələri tez-tez təkrar edərlər.Tək oynamağı sevərlər, bir oyuna və ya fəaliyyətə qatılmağı bilməzlər. Autizmi olan insanlar qəlibləşmiş və təkrarlanan davranışa sahibdirlər. Onlar dəyişiklikləri bəyənməzlər, bir mövzuya çox böyük maraq göstərirlər, qəribə bədən hərəkətləri edərlər.”

Psixoloq bu cür uşaqların valideynlərinin "Niyə mənim uşağım”, "Necə sağaltmaq olar”, "Əlacı varmı”kimi suallarını vermələrini də doğru hesab etmir: "Autizmin səbəbi beyin inkişafının pozğunluğu, xromosom anomaliyalar və ya gen mutasiyaları ola bilər. Bəzən elə görünür ki, autistlərə heç kim lazım deyil, onlara təklikdə rahat olur. Lakin bu, belə deyil. Yadda saxlamaq lazımdır ki, autist uşaq digər uşaqlardan da çox ünsiyyətə ehtiyacı var. İnsanlar bəzən tək qalmaq istəyirlər və autist uşaqlar da istisna deyil. Uşağa "gizli” guşə yaratmaq lazımdır. Bu elə bir yer olmalıdır ki, uşaq burada öz fikirləri ilə təkbətək qala bilsin və ona heç kim mane olmasın. Uşağın ev heyvanları ilə ünsiyyətinə ehtiyatla yanaşın. Çünki autist uşaqlar heyvanlara qarşı səbəbsiz aqressiv ola bilərlər. Ev heyvanını evdə saxlamaqdan əvvəl uşağa ev heyvanı yumşaq oyuncağını hədiyyə etmək olar.Uşaqlarınızı müxtəlif inkişafetdirici mərkəzlərə aparın.”

Psixoloq Zeynəb Eyyubova isə qeyd etdi ki, autizm diaqnozunu bir deyil, bir neçə mütəxəssis qoymalıdır: "Bəzən yalnış yerə uşaqlara autist adı verilir. Bu, cəmiyyətin onlara qarşı davranışını da dəyişir. Fikrimcə, valideynlər bu xəstəlik olduğunu şübhələnirlərsə, ilk olaraq, mütəxəssislə məsləhətləşsinlər. Sonra isə müəyyən müalicə proqramlarından istifadə etsinlər. Autizmli uşaqlara müalicədən  daha da əhəmiyyətli əvvəl valideynlərinin, sonra isə cəmiyyət üzvlərinin anlayış və diqqət göstərməsidir. Mənəvi dəstək, ünsiyyət onlar üçün daha xeyirlidir.”

(C) "İki sahil”
loading...

Xəbər lenti