“Avtovağzal” və “Memar Əcəmi” stansiyaları fəaliyyətini bərpa edib

“Avtovağzal” və “Memar Əcəmi” stansiyaları fəaliyyətini bərpa edib
İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İES-in yarımstansiyasında baş vermiş qəza nəticəsində Bakı şəhərinin enerji təminatında yaranmış vəziyyətlə bağlı paytaxtın nəqliyyat sisteminə, o cümlədən sərnişindaşıma və yol hərəkətinin təşkili işlərinə mənfi təsirlər göstərib.

Nəticədə bu gün səhər saatlarında metronun "Avtovağzal” və "Memar Əcəmi” stansiyaları fəaliyyətini dayandırıb.

"Bizim Yol”-un əməkdaşı adıçəkilən metro stansiyalarda olub.

Sərnişin sıxlığının aradan qaldırılması üçün Sumqayıt və ətraf ərazilərdən "Avtovağzal” metrostansiyasına gələn 142 və 91 nömrəli marşrut xətləri üzrə avtobuslar stansiyanın fəaliyyəti bərpa edilənədək metronun "Memar Əcəmi”, 158 və 130 nömrəli marşrut xətləri üzrə avtobuslar "20 Yanvar” stansiyasınadək hərəkət edib.

Saat 08:00 radələrində metronun hər iki stansiyanın fəaliyyəti bərpa olunub.

Qeyd edək ki, Energetika Nazirliyi və "Azərenerji” ASC-nin birgə yaydığı məlumata görə, bir necə gündür havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın kəskin şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş vermiş qəzanın nəticələri aradan qaldırılır.

İlkin ehtimala görə, qəzaya səbəb Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma olub. Əlaqədar dövlət strukturlarından yaradılmış operativ əməliyyat qrupu və Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer Xidməti bütün lazımi tədbirlərin görülməsi üçün zəruri işləri həyata keçirir.


Xəbər lenti