Azərbaycan sovet işğalı nəticəsində dəymiş ziyana görə Rusiyadan təzminat ala bilər

Azərbaycan sovet işğalı nəticəsində dəymiş ziyana görə Rusiyadan təzminat ala bilər

"Baltikyanı ölkələrin başlatdığı bu təşəbbüs maraqlı faktdır. Əgər Baltikyanı ölkələrin bu təşəbbüsü beynəlxalq hüquq nöqteyi nəzərindən hər hansı bir ardıcıllıqla və məntiqi hüquqi sonuçla nəticələnsə, bir presedent yaranacaq".

Bunu Sonxeber.az-a iqtisadçı ekspert Natiq Cəfərli Baltikyanı ölkələr – Estoniya, Latviya və Litvanın sovet işğalına görə Rusiyaya qarşı kompensasiya iddiası qaldırmasına və Azərbaycanın da mümkün addım ata biləcəyinə ehtimalına münasibət bildirərkən deyib.

 

Azərbaycan diqqətlə izləməlidir

Onun sözlərinə görə, beynəlxalq məhkəmə Baltikyanı ölkələri iddiasını təmin etsə, digər ölkələrin də beynəlxalq məhkəmələrə və ya beynəlxalq qurumlarda belə bir iddia qaldırmaq şansı yaranacaq: "Buna görə də Baltikyanı ölkələrin açdığı bu davanın nəticələrini gözləməkdə yarar var. Beynəlxalq təcrübələrdən və ya beynəlxalq müqavilələrdən doğan hər hansısa öhdəliklərə görə Rusiyaya qarşı indiki konyukturanı, bu ölkəyə qarşı vəziyyəti də nəzərə alsaq, həmin ölkələrin lehinə qərar çıxa bilər. Həmin qərar çıxsa, bu presedent yaradacaq və digər ölkələr, o cümlədən Azərbaycan da ən azından belə bir iddia qaldırmaq hüququna malik olacaq. Buna görə də Azərbaycan da bu prosesi diqqətlə izləməlidir, gələcək üçün bütün incəlikləri öyrənməyimiz lazımdır".

Rəsmi Moskva Baltikyanı ölkələrin iddialarını rədd edib, işğal faktının olmadığını bəyan edib, əksinə postsovet ölkələrin daha az istehsal edib, daha çox istehlak etdiyini iddia edib.

SSRİ-nin neft sənayesini Azərbaycan təmin edib

Postsovet ölkələrindən hansının SSRİ büdcəsinə daha çox yardım verməsi və büdcədən yardım almasına gəlincə, N. Cəfərli bildirib ki, Azərbaycan büdcəyə daha çox yardım ayıran respublikalardan olub: " Sibirdə 70-ci illər neft yataqları kəşf edilib işlənənədək SSRİ-nin neft sənayesini, ümumiyyətlə ölkəni uzun illər "qara qızıl"la təmin edən Azərbaycan olub. Hətta II Dünya müharibəsində Azərbaycan neftinin mühüm və həlledici rolu olub. Buna görə biz daha çox ödəmişik, nəinki büdcədən almışıq. SSRİ dövründə Azərbaycan neftini indiki qiymətlər ekvivalentinə çevirsək söhbət 100 milyardlarla dollardan gedir. Bu baxımdan Azərbaycanın belə bir iddia ilə çıxış etməyə daha çox haqqı var. Sadəcə bunun beynəlxalq hüquq normalarına uyğun hansı formada həyata keçirilməsini, hansı iddiaların tutarlı və keçərli olmasını nəzərə almaq və bu yöndə addımlar atmaq lazımdır. Baltikyanı ölkələrin apardığı işi bizim beynəlxalq hüquqla məşğul olan dövlət qurumlarımız və qeyri-hökumət təşkilatlar, müstəqil hüquqşünaslar da ciddi izləməlidirlər. Orada baş verə biləcək hər hansısa proses və həmin ölkələrin lehinə alına biləcək qərar Azərbaycan üçün presedent rolunu oynaya bilər. Gələcəkdə Azərbaycanda buna bənzər iddialarla çıxış edə bilər"

Ekspert əlavə edib ki, beynəlxalq aləmdə Rusiyaya qarşı böyük bir cəbhənin olduğunu nəzərə alsaq, beynəlxalq məhkəmələrin Baltikyanı ölkələr lehinə qərar qəbul etmə şansı yüksəkdir: "Açığı Baltikyanı ölkələrin fərqli bir durumu da var. Çünki 1940-cı ildə Molotov-Ribbentrop paktına əsasən həmin ölkələr rus qoşunları tərəfindən işğal olunublar. Bu pakt da beynəlxalq aləm tərəfindən tanınıb".

Azərbaycan sovet işğalı nəticəsində dəymiş ziyana görə Rusiyadan təzminat ala bilərXatırladaq ki, Estoniya və Latviyanın ədliyyə nazirləri sovet işğalı dövründə dəymiş ziyana görə Rusiyaya qarşı kompensiyaya tələbini nəzərdən keçirməyi planlaşdırır. Nazirlər, həmçinin təzminat məsələsini BMT səviyyəsində beynəlxalq hüquq çərçivəsində həll etməyə hazır olduqlarını bəyan ediblər.

Latviya, Litva və Estoniya üç il əvvəl sovet işğalının vurduğu zərərin ödənilməsinin zəruruliyi haqqında birgə bəyannamə imzalayıblar. Litvada təzminatın 30 milyard dollar olacağı iddia edilirdi.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə deyib ki, Rusiya Baltikyanı ölkələrin SSRİ tərəfindən işğalı haqqında iddianı qəbul etmir . Rusiyanın Estoniyadakı səfiri Aleksandr Popov isə qeyd edib ki, Baltikyanı ölkələrə kompensasiya haqqında məsələ Rusiya üçün bağlıdır, terminin özü qəbuledilməzdir.

Rusiya mətbuatı isə 1990-cı ilin statistiki göstəricini açıqlayaraq iddia edib ki, həmin vaxt postsovet ölkələrindən yalnız Rusiya və Belarusun istehsal və istehlakı nəzər alınmaqla balansı mənfi olub. Belə ki, Rusiya və Belarusda müvafiq olaraq 1990-cı ildə adambaşına düşən ÜDM ildə 17,5 və 15,6 min dollar, istehlak etdiyi mal və məhsulların məbləği isə 11,8 və 12 min dollar olub. Müqayisə üçün Litvada bu göstərici 13 və 23 min dollar, Latviyada 16,5 və 26,9 min dollar, Estoniyada 15,8 və 35,8 min dollar təşkil edib. Azərbaycanda bu rəqəm 8,3 və 16,7, Gürcüstanda 10,6 və 41,9, Ermənistanda isə 9,5 və 29,5 min dollar olub.

Загрузка...

Xəbər lenti