Azərbaycanlı həkim ABŞ-da keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycanlı həkim ABŞ-da keçirilən beynəlxalq konfransda çıxış edib
ABŞ-ın Nyu York şəhərində Qadın Həkimlərin Beynəlxalq Assosiasiyasının 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Dünyanın müxtəlif ölkələrindən yüksəkixtisaslı həkim və alim qadınların maraqlı təqdimatlarla qatıldıqları konfransda qadın sağlamlığı, qadınlarda yoğun və düz bağırsağ xəstəliklərinin rastgəlmə tezliyinin araşdırılması, piylənmənin qadınlarda göstərdiyi fəsadlar və ondan çıxış yolları, eləcə də qadın həkimlərinin hüquqlarının qorunması kimi mövzular geniş müzakirə olunub. Tədbirdə ölkəmizi təmsil edən Mərkəzi Gömrük Hospitalının həkimi Aynur Səfiyeva "Kolorektal poliplərdə gender fərqləri” məruzəsi ilə çıxış edib.

Konfransda aparılan maraqlı müzakirələr və digər yeni təqdimatlar ilə bağlı Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyeva ilə həmsöhbət olduq.

A.Səfiyeva bildirdi ki, bu ilin aprel aynda Gürcüstanda Qadın Həkimlərin Beynəlxalq Assosiasiyasının keçirdiyi konfransda iştirak edib. Həmin konfransda Qadın Həkimlərin Beynəlxalq Assosiasiyasının prezidenti professor Bettina Pfleiderer və baş katibi xanım Shelley Ross ilə tanış olub. Azərbaycanlı həkimin çıxışı çox maraqla qarşılanıb: "Mən onlara Azərbaycanı təmsil etdiyimi və kolorektal poliplərlə bağlı tədqiqat işini apardığımı dedim. Bu mövzu onlara çox maraqlı gəldiyi üçün məni Nyu Yorkda keçiriləcək konfransa dəvət etdilər. Konfransda iştirak etmək üçün öncədən elmi mövzumun posterini və tezislərimi konfrans təşkilatçılarına göndərdim. Tezis məruzə şəklində qəbul edildikdən sonra Mərkəzi Gömrük Hospitalının dəstəyi ilə mən beynəlxalq konfransın spikerləri sırasına dəvət olundum”.

Çıxış etdiyi mövzunun aktuallığının nədən ibarət olduğuna gəlincə isə Aynur Səfiyeva dedi ki, Qadın Həkimlərin Beynəlxalq Assosiasiyası dünyanın bütün qitələrini əhatə edən peşəkar təşkilatdır. Bu il Nyu Yorkda düzənlənən konfrans da məhz təşkilatın 100 illiyinə həsr olunub. Belə bir konfransda çıxış etmək onun üçün çox qürurverici haldır: "Apardığım elmi-tədqiqat işinin müəyyən bir hissəsini orada təqdim etdim. Konfrans iştirakçılarına müasir elmi araşdırılmalarda böyük maraq doğuran "kolorektal poliplərdə CD 133 həssaslıq və onlarda gender fərqliliyi” haqqında ətraflı məlumat verdim. Artıq 3 ildən çoxdur ki, kolorektal poliplərdə kanser kök hüceyrələrinin araşdırılması və onların klinik əhəmiyyəti barəsində elmi iş üzərində çalışıram. Bu işlə əlaqədar olaraq beynəlxalq və yerli konfranslarda çıxışlarım olur, eyni zamanda beynəlxalq və yerli tibb nəşrlərində məqalələrim dərc olunub. Onu da deyim ki, elmi tədqiqat işimin əsas hissələri - xəstə sayı, potomarfoloji incələnmə, endoskopik müdaxilələr Mərkəzi Gömrük Hospitalında aparılıb. İşimin bir hissəsini isə Türkiyənin Konya şəhərində Erbakan Universitetində aparmışam”.

Onu da əlavə edək ki, Aynur Səfiyeva bu konfransda Azərbaycanı təmsil edən yeganə həkim olub: "Konfransda Azərbaycanı təmsil edən tək mən idim. Lakin çıxışımdan sonra artıq hər kəs məni görəndə "Azərbaycan” deyirdi və mən bununla çox böyük şərəf duyurdum. Bir vətənpərvər Azərbaycan ziyalısı olaraq düşünürəm ki, vətənimi layiqincə təmsil etməyi bacardım”.

Aynur Şəfiyeva deyir ki, bu konfransda iştirak ona böyük dividendlər qazandırıb. İlk olaraq bu mötəbər konfransdan gözləntisinə nail olub: "Konfransda Azərbaycanı yüksək səviyyədə təmsil etməyi bacardım. Elmi-tədqiqat işimi nüfuzlu alimlərin müzakirəsinə verdim və onların dəyərli fikirlərini aldım, digər ölkələrin mütəxəssisləri ilə bərabər elmi mübadilə apardım. Onu da deyim ki, bu yaxınlarda Qadın Həkimlərin Beynəlxalq Assosiasiyasının rəhbərliyi altında bir tədqiqat qrupunun yaradılması nəzərdə tutulub. Sevinirəm ki, mən də bu tədqiqat qrupunda iştirakım üçün təklif aldım”.

Tibb üzrə fəlsəfə doktoru gələcək planları barədə də danışdı. Elmi işlərini davam etdirəcəyini vurğulayan həkimin sözlərinə görə, Azərbaycan ziyalısı olaraq bacardığı qədər ölkəmizi və çalışdığı Mərkəzi Gömrük Hospitalını bundan sonra da beynəlxalq konfranslarda yüksək səviyyədə təmsil etməyə çalışacaq.

Həkim Avropa koloproktoloji dərnəyinin Azərbaycan üzrə milli təmsilçisi qismində dərnəyin Avstriyanın Vyana şəhərində sentyabr ayında keçiriləcək illik toplantısında da iştirak etməyi planlaşdırır.

"Azərbaycan” qəzeti

 
loading...

Xəbər lenti