“Bakı Bus”un yenə qapısı qırıldı: səbəbi...

“Bakı Bus”un yenə qapısı qırıldı: səbəbi...
Bu gün "Bakı Bus”a məxsus daha bir avtobus ön qapısı qırıq vəziyyətdə hərəkət edib. Günün pik saatlarında yaşanan bu hadisə sərnişinlərin etirazına səbəb olub. Onlar bildiriblər ki, tez-tez müşahidə olunan bu hala səbəb ön qapının bir layının daimi bağlı saxlanılması üçün edilən müdaxilədir.

Sərnişinlər bununla bağlı Bakı Bus MMC-yə dəfələrlə şikayət etmələrinə baxmayaraq, problemin həll edilmədiyini deyiblər.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, məsələ araşdırıldıqdan sonra səbəbləri barədə konkret fikir söyləmək olar:

"Əvvəlcə qapının niyə o hala düşməsini araşdırmaq lazımdır. Buna səbəb texniki nasazlıq və ya sərnişinlərin avtobusa daxil olan zaman yaratdığı sıxlıq ola bilər. Səbəb nə olur-olsun, problem qısa vaxtda həll olunacaq. Bu kimi hallar marşrut xəttinin fəaliyyətinə təsir edən ciddi məsələ deyil”.

Qurum rəsmisi "Bakı Bus”un dövlət büdcəsi hesabına alınan konfortlu və rahat avtobuslarının ön qapılarının yalnız bir layının tez-tez sıradan çıxmasının səbəbi kimi avtobusa sərnişinlərin ön qapıdan daxil olmalarını göstərib. O, "Bakı Bus”a məxsus digər avtobusun bir müddət əvvəl qapısının qırılmasına da sıxlığın səbəb olduğunu xatırladıb.

Problemin səbəblərindən danışan yol-nəqliyyat eksperti Elməddin Muradlı isə bildirib ki, "Bakı Bus” avtobuslarının ön qapısının bir layının daimi bağlı saxlanılmasının yaratdığı narahatlıqlar var və bunun səbəbkarı həm də sərnişinlərdir:

"Sərnişinlər ictimai nəqliyyatda davranış qaydalarına riayət etsə, nizam-intizam mədəniyyəti formalaşsa, yəqin ki, "Bakı Bus” avtobusa giriş üçün nəzərdə tutulan ön qapının bir layını bağlamaz. Davranış qaydaları hamı tərəfindən pozulur”.

Qeyd edək ki, bundan öncə də "Bakı Bus”a məxsus yeni və konfortlu avtobuslarda ön qapının məhz bağlı saxlanılan layının qırıldığı hallar müşahidə olunub. Bəziləri bunu şirkət tərəfindən avtobusa edilən kənar müdaxilənin nəticəsi olduğunu hesab edir.

"Bakı Bus” sərnişinlərin avtobusa minərkən ödənişdən yayınmasının qarşısını almaq üçün ictimai nəqliyyat vasitələrinin ön qapısının bir layını bağlayıb.

w

Xəbər lenti