Bakıda üç dahinin yaşadığı evdən FOTOREPORTAJ

Bakıda üç dahinin yaşadığı evdən FOTOREPORTAJ

Hərdən düşünürəm ki, xoşbəxtlik sadəcə insanlara, canlılara məxsus bir hiss deyil. Məncə, cansız əşyalar — mənzillər, otaqlar, divarlar da da xoşbəxt ola bilərlər. Bu xoşbəxt mənzillərdən biri də Bakı şəhər, Səbail rayonu Tərlan Əliyarbəyəv küçəsi 6 ünvanında yerləşir.

Unudulmaz şair Səməd Vurğunun ömrünün son iki ilini (1954-1956) keçirdiyi bu ev əzəməti ilə birgə, xoşbəxtliyini də nümayiş etdirir. 1974-cü ildə təşkil edilən bu ev-muzeyin 1975-ci il oktyabrın 6-da təntənəli açılışı olub. Bu Azərbaycanda yazıçı və bəstakarların xatirəsini əbədiləşdirmək üçün yaradılmış ilk memorial muzeydir.

Mənzilə daxil olan kimi onun aurasına qapılırsan. Sanki divarlar da məğrur şəkildə hansı şəxsiyyətləri gördüklərini sənə bildirməyə çalışırlar.

Gözlərin sırasız şəkildə əşyaları seyr etməyə başlayır. Səməd Vurğun, Yusif Səmədoğlu və Vaqif Səmədoğlunun otağın fərqli künclərində duran kiçik büstlərinin baxışları sanki eyni nöqtədə kəsişərək söhbətləşirlər.

Muzeyin direktoru, mərhum şairimiz Vaqif Səmədoğlunun ömür-gün yoldaşı Nüşabə xanım bizi çox xoş qarşıladı. O, muzeyə direktor təyin olduqdan sonra burada etdiyi yeniliklərdən danışdı. Şübhəsiz ki, bu muzeyi daha da dəyərli və gözəl edən də elə Nüşabə xanımın muzeydə Yusif Səmədoğlu və Vaqif Səmədoğlu guşələrini yaratmasıdır. O, muzeyə direktor təyin olduğu il (2015) bu təşəbbüsünü reallaşdıraraq, sadəcə bir ailə üçün yox, həm də ədəbiyyat üçün böyük bir addım atıb. Axı bu üç dahini sadəcə qan bağları, eyni mənzildə yaşamaqları yox, həm də ədəbiyyat kimi müqəddəs bir məfhum da birləşdirir.

Nüşabə xanım “Səməd Vurğunun şeirlərini daha çox sevirsiniz, yoxsa Vaqif Səmədoğlunun” sualına belə cavab verdi.

— Səməd Vurğunun şeirlərini məktəb vaxtından öyrənirdik. O, həqiqətən də ədəbiyyatımızda əvəzolunmaz şairlərdəndir. Düzü, o vaxtlar ədəbiyyatı çox sevsəm də, poeziya ilə o qədər də maraqlanmırdım. Poeziyanı mənə sevdirən isə Vaqif Səmədoğlu oldu.

Elə doğrudan da müqayisə edilməməli olan bu iki şairin poeziyamızda xüsusi yeri var. Yazıçı Yusif Səmədoğlu isə bu iki şairdə də olan ilahi verginin nəsrimizdəki təcəssümüdür.

Səməd Vurğunun yazı masasındakı telefonunu görən kimi Vaqif Səmədoğlunun qardaşı Yusifə ithaf etdiyi, atasının ölümünə həsr olunmuş “Qantel” şeirini xatırlatdım.

Bi­lir­siz qan­tel nə­dir?
Çu­qun­dan tö­kül­müş,
U­zun­bel sək­ki­zə bən­zər
ə­zə­lə bər­ki­dən.
Mən bir də­fə
dün­ya­nın ən ağır
qan­te­li­ni qal­dır­dım:
te­le­fon ça­ğır­dı mə­ni,
gö­tür­düm dəs­tə­yi,
səs gəl­di:
-Özü­nü ələ al,
öl­dü…
Qüv­vəm çat­ma­dı,
düş­dü əlim­dən
dün­ya­nın ən ağır qan­te­li…

Səməd Vurğunun yazı masasının şüşəsi altında qalan çəkilməmiş siqaretləri isə insanı kədərə boğurdu.

Masadakı son əlyazması, yazdığı son şeir, son bənd də elə şairin ölümündən sonra necə qiymətləndiriləcəyindən xəbər verirdi.

Baxt məni bu yerə qonaq göndərdi,

Gedirəm, yamandır ayrılıq dərdi.

Demə Səməd Vurğun gəldi gedərdi,

Unutmaz bu oba, bu mahal məni.

Vaqif Səmədoğlu və Yusif Səmədoğlu üçün ayrılmış guşə də möhtəşəmliyini açıq şəkildə nümayiş etdirirdi. Hər iki yazıçının yazı masaları, çap maşınları, sonuncu siqaret qutuları və siqaretləri.

Vaqif Səmədoğlunun əsaları, fotoaparatları, pianosu. Yusif Səmədoğlunun skripkası, qol saatları, qəlyanları və bütün digər aksesuarlar sahiblərini həm məmnunluq hissi ilə xatırlayır, həm də bizə xatırladırdılar.

Səməd Vurğunun öldüyü vaxt həyat yoldaşı Xavər xanım tərəfindən dayandırılan saat isə bu şairin və övladlarının yaradıcılığının zamanla çərçivələnmədiyini nümayiş etdirirdi.

Publika.az//

Загрузка...

Xəbər lenti