Belarusda həbs olunan azərbaycanlı: Sadə fermer, yoxsa avtoritet?

Belarusda həbs olunan azərbaycanlı: Sadə fermer, yoxsa avtoritet?
Belarus siyasətçisi Pavel Saverinets bəyan edib ki, azərbaycanlı fermer beş aydır həbsxanada saxlanılır, çünki o, bu ölkənin hüquq-mühafizə orqanları ilə əməkdaşlıqdan imtina edir. 

Panorama.az oxu.az-a istinadən bununla bağlı Belarusun "Naşa niva” nəşrinə istinadla məlumat yayıb. 

Söhbət Şirvan şəhərində doğulmuş 50 yaşlı azərbaycanlı Seymur Məmmədhüseynovdan gedir. O, 1989-cu ildə Belarusa çöküb. Orada evlənib və 1991-ci ildə Rafael adlı oğlu dünyaya gəlib, ancaq tezliklə cütlük boşanıb. 

1996-cı ildə Məmmədhüseynov Belarus vətəndaşlığı alıb. 2000-ci illərdə o, Minskdə yaşayıb. Seymur burada qeydiyyata düşüb və satıcı kimi işləyib. Belarusda Alesya ilə yaşayıb. Cütlüyün Əhməd adlı oğlu dünyaya gəlib. 

2006-cı ildə Məmmədhüseynovun pasportunu müsadirə ediblər. Buna səbəb kimi Seymurun Azərbaycan vətəndaşı olması göstərilib, ancaq o, Azərbaycan vətəndaşı olmayıb.

Məmmədhüseynova Belarusda yaşama icazəsi verilib. Bunun müddəti bir neçə dəfə uzadılıb, 2010-cu ildə isə Seymura Azərbaycan səfirliyinə müraciət etmək və oradan pasport almaq təklif edilib. Səfirlikdən bildirilib ki, Seymur Azərbaycan vətəndaşı deyil, ancaq buna baxmayaraq, pasportu geri qaytarılmayıb.

Nəticədə, Seymura yaşamaq icazəsi verilib. Bu dəfə o, vətəndaşlığı olmayan şəxs kimi təqdim olunub. Məmmədhüseynov burada fermerliklə məşğul olub, kartof yetişdirərək, yerli şirkətlərdən birinə satıb.

2016-cı ildə yenidən onun yaşama icazəsi ləğv edilib. Seymur bununla bağlı məmurlara şikayət məktubları yazmağa başlayıb. O, məktublarında ailəsi burada olduğu üçün Belarusda yaşama icazəsi verilməsini istəyib. Azərbaycanda isə onun heç kimi olmayıb. Məmmədhüseynov Belarusda daimi yaşama icazəsi almaq istəyib, ancaq buna nail olmayıb. Bu, bir ildən çox davam edib.

2018-ci ilin aprelində Seymurun qalma müddəti yenidən başa çatıb. O, Minsk rayonu miqrasiya və vətəndaşlıq idarəsinə müraciət edib. Ancaq Seymur geri dönməyib. O saxlanılıb və ölkədən qovulma təhlükəsi ilə üzləşib. Bundan başqa, onun Belarusa girişinə 10 il qadağa qoyula bilər.

Hazırda Məmmədhüseynov həbsxanadadır. Onun heç bir vətəndaşlığı yoxdur. Hansı ölkənin ona vətəndaşlıq verəcəyi məsələsi hələ də həll olunmayıb. 

Polisdən bildirilib ki, Məmmədhüseynovun kriminal aləmlə əlaqəsi var. Məlumatda bildirilib ki, 2016-cı ildə Seymuru Azərbaycan, Rusiya və digər ölkələrdəki kriminal dairələrlə tanışlığı olduğu üçün yaşama icazəsindən məhrum ediblər. Bundan başqa, güc strukturlarında qeyd edilib ki, Məmmədhüseynov Azərbaycan diasporu ilə yaranan problemləri həll edən şəxs kimi tanınır. 

Seymurun həyat yoldaşı Alesya Kudryavets əmindir ki, bunlar doğru deyil. Onun sözlərinə görə, polis Məmmədhüseynovdan lazımi məlumatı almaq üçün ona təzyiq göstərir:

"Seymur uzun müddətdir Belarusda yaşayır, onun kriminal aləmlə əlaqəsi yoxdur. Hətta Azərbaycan diasporu ilə də əlaqə saxlamır. Bu məsələni polis uydurub”. 


Xəbər lenti