Bələdiyyələrdən Vergilər Nazirliyinə cavab - "MƏHKƏMƏYƏ VERƏCƏYİK"

Bələdiyyələrdən Vergilər Nazirliyinə cavab -
Yeni binalardan müqavilə ilə mənzil alanlara, həmçinin sənədsiz torpaqlarda əmlak tikən vətəndaşlara bələdiyyələr tərəfindən əmlak və torpaq vergisinə dair bildirişlər gəlir. Bu isə vətəndaşlar arasında müəyyən narazılıqlar yaradıb. Çünki bildirişlərdə qeyd olunur ki, vergini müəyyən edilmiş müddətdə ödəməsələr, Vergi Məcəlləsinə uyğun olaraq, onların ödənilməmiş vergi məbləğinə 0,1 faiz məbləğində əlavə ödəniş hesablanacaq və maliyyə sanksiyası tətbiq ediləcək

Əgər vətəndaşın  xüsusi mülkiyyəti təsdiq edən sənədi- çıxarışı ("kupça”) yoxdursa, o zaman vergiyə cəlb oluna bilərmi? Bu məsələ yeri özünüidarəetmə təşkilatları ilə Vergilər Nazirliyi arasında da bir fikir ayrı-seçkiliyi yaradıb.

Vergilər Nazirliyi müraciət edir ki, bələdiyyələrin vergi ödənişi ilə bağlı etdikləri bu tələb qanuna ziddir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş mülkiyyəti təsdiq edən sənədi yoxdursa, o zaman həmin binaya əmlak vergisi hesablanmamalıdır.

Nazirlikdən bildirilib ki, Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə görə, fiziki şəxslər onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə müəyyən edilmiş dərəcələr tətbiq olunmaqla (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə əmlak vergisi ödəyirlər.

"Əmlak vergisi yalnız mülkiyyəti təsdiq edən sənədi olan əmlaklar üçün tətbiq edilir. Qanunvericilikdə "kupça”sı olmayan evlərə görə əmlak vergisi nəzərdə tutulmayıb. Belə hallarla üzləşən vətəndaşlar yerli bələdiyyələrə müraciət edərək Vergi Məcəlləsinin 197.1.1 maddəsinə istinad edə bilərlər. Həmin maddəyə görə, yalnız xüsusi mülkiyyətdə olan evlər üçün əmlak vergisi hesablanır” deyə Nazirlik xəbərdarlıq edir.

Bələdiyyələrin İqtisadi İnkişafı və Əlaqələndirmə Departamentinin direktoru, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri  Milli  Assosiasiyalarının  icra katibinin müavini Pərviz Muradov isə FED.az-a açıqlamasında "kupça”sız evlərdən vergi yığılmasını qanunauyğun hesab edir.

P.Muradovun sözlərinə görə, əmlak vergisinin alınması "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında "Qanuna əsasən aparılır: "Həmin qanunda qeyd olunur ki, torpaq vergisi mülkiyyətdə və istifadədə olan torpaq sahələrinə görə vergiyə cəlb olunur. Əmlak vergisi isə tikililər və onun hissələrinə görə vergiyə cəlb olunur. Yəni orada "xüsusi mülkiyyət” ifadəsi yazılmır.

Vergilər Məcəlləsinin 197-ci maddəsində isə deyilir ki, rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələrinə vergi şamil edilir. Burada "Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər” ayrı göstərilir və bura xüsusi və xüsusi olmayan bütün mülkiyyətlər daxildir. Vergilər Nazirliyin bu məsələni vətəndaşlara düzgün izah etmir”.

Departament direktoru həmçinin qeyd edir ki, Torpaq Məcəlləsinə və "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanuna görə, qanunsuz zəbt edilmiş torpaqların geri qaytarılması mümkün olmadıqda və Elektrik, rabitə, nəqliyyat xətləri altına düşmürsə, bələdiyyənin qərarı ilə vətəndaşın mülkiyyətinə və ya icarəsinə verilə bilər: "Qanunda dəyişiklik olarkən, 2004-cü ilə Vergilər Nazirliyinə müraciət etdim ki, bu əmlaklarla nə edək?  Onlardan belə bir cavab gəldi: "Torpaq Məcəlləsinin 66-ci Maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

Eyni zamanda  Mülki Məcəllənin  243.1-ci maddəsinə görə, başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir.

Göstərilənləri nəzərə alaraq bildirir ki, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələrin qərarları və tərəflərin arasında müqavilənin bağlanıb-bağlanmamasından asılı olmayaraq başqa şəxsə mənsub torpaq sahəsində daşınmaz əmlakı olan fiziki və hüquqi şəxslər həmin torpaq sahələrinin istifadəçiləridir və onlar Vergilər Məcəlləsinin 105-ci Maddəsinə uyğun olaraq torpaq vergisini ödəməlidirlər”.

"Bu bizə verilən rəsmi cavabdır. Torpaq mülkiyyətçiləri 3 nəfərdir: dövlət, bələdiyyə və özəl. Yəni bələdiyyənin torpağında qanunsuz nəsə tikilibsə, müqavilənin olub-olmamasından, icazə verilib-verilməməsindən asılı olmayaq vergi ödənməlidir”-P.Muradov vurğulayır.

Müsahibimiz deyir ki, əgər əmlak mövcuddursa və istismardadırsa, ona vergi hesablanmalıdır: "Əgər həmin əmlakın sahibi mülkün ona aid olmadığını deyərsə, o zaman "Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” qanuna əsaslanaraq sahibsiz əmlakı bələdiyyə mülkiyyətinə keçirmək mümkündür.  Ondan sonra da bələdiyyə həmin daşınmaz əmlakı istədəyi kimi idarə edə bilər.

Bundan əlavə, əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməsi hələ əmlakın olub-olmaması demək deyil. Qanuna görə əmlak dövlət reyestrindən qeydiyyatdan keçdikdən sonra kimə mənsub olduğunu bildirir. Bu gün ölkədə çoxlu sayda tikinti işləri aparılır və bunların maliyyə sənədləri ilə alqısı-satqısı aparılır. Mənzil Məcəlləsində göstərilir ki, koperativ binalarda mənzil tikildikdən sonra, pulu tam ödəndikdən sonra ora mənzili alan şəxsin mülkiyyəti hesab edilir və üzərində sərəncam vermək və girov qoymaq hüququ var.

Azərbaycanda mülkiyyətlərin 70 faizinin Çıxarışı yoxdur. Nazirlər Kabinetinin qərarı var ki, səlahiyyətli orqanlar tərəfindən mənzil tikintisi üçün nəzərdə tutulan sahələrdə inşa edilən əmlaklar vətəndaşların mülkiyyəti sayılır. Bu gün Vergilər Nazirliyinin açıqlaması sadəcə olaraq vətəndaşları çaşdırmaqla məşğuldur”.

P.Muradov vergilərin ödənilmədiyi halda əlavə faizlərin hesablanmasına və maliyyə sanksiyasının tətbiq edilməsinə də aydınlılq gətirdi: "Qanunda nəzərdə tutulur ki, Vergilər Məcələsində  vergi ödənilmədiyi halda hansı cəza tədbirləri nəzərdə tutulubsa, yerli  vergilərin ödənilmədiyi halda da o cəza tədbirlər tətbiq edilə bilər. Vaxtında qeydiyyata durulmayanda 40 manat cərimə olunur və son 3 ilə dair vergi hesablanır”. 

Müsahibimiz bildirir ki, vergiləri ödəməyən vətəndaşları məhkəməyə cəlb etməklə onun əlindən əmlakı alına bilər. Belə ki, vergidən imtina etmək üçün mülkiyyətin ona aid olmadığını deməlidur. Muradovun sözlərinə görə, "Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” qanununa əsaslanaraq, məhkəmə yolu ilə həmin əmlak bələdiyyənin tərkibinə veriləcək: "Bundan sonra da vətəndaş ayılacaq ki, yanlış düşünüb və vergiləri ödəmək istəyəcək. Bu qədər süründürməçilyin, bürokratiyanın yaranmasına heç ehtiyac yoxdur. Məhkəmələrə qədər bələdiyyələrin problemi həll etmək səlahiyyəti var. Yəni ilk öncə vətəndaşı çağırıb izahat verir, xəbərdarlıq edir. Xəbərdalığa baxılmayacağı təqdirdə məhkəməyə verilə bilər”.   


Загрузка...

Xəbər lenti