Dünyada 40 milyon körpə bu xəstəlikdən əziyyət çəkir - Azərbaycanda da yayılıb

Dünyada 40 milyon körpə bu xəstəlikdən əziyyət çəkir - Azərbaycanda da yayılıb
Bu gün dünyada uşaqlar arasında çəkisizliklə yanaşı artıq çəki də böyük bir problemə çevrilib. BMT-nin son məlumatına görə, təkcə ötən il ərzində 5 yaşadək olan uşaqların 40 milyonu artıq çəkidən əziyyət çəkib. Bu isə dünyada 5 yaşadək olan uşaqların 5.9 faizi deməkdir. Erkən yaşlarda artıq çəki və piylənmə eyni zamanda gələcək nəslin xəstə olacağı ilə bağlı narahatlıq doğurmaqla yanaşı, həm də bir sıra sağalmaz xəstəliklərin yaranacağından xəbər verir.

Daha öncəki illərdə rəqəmlər necə dəyişib?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2016-cı ilə aid məlumatına nəzər yetirdikdə isə son iki ildə köklükdən əziyyət çəkən uşaqların sayında müəyyən qədər azalmaların olduğunu görə bilərik. Belə ki, 2016-cı ilin məlumatına görə, dünyada 5 yaşadək olan uşaqların 41 milyonu artıq çəkidən əziyyət çəkib. Həmin ilə aid məlumatda qeyd olunur ki, 5-19 yaşlı uşaq və yeniyetmələr arasında artıq çəkidən əziyyət çəkənlərin sayı 340 milyon olub ki, onların da 39 faizini 18 yaşlılar təşkil edib.

Ötən iki illə müqayisədə rəqəmlərdə azalmalar olsa da, öncəki 44 illə müqayisədə belə uşaqların sayında artım gözə çarpır. Belə ki, BMT-nin rəqəmlərinə görə, 1975-ci illə müqayisədə bu cür uşaqların, yeniyetmələrin sayında 16 faiz artım olub. ÜST qeyd edir ki, uşaqlar arasında artıq çəki çəkisizliklə müqayisədə daha çox ölümlərə səbəb olur.

ÜST-ün hesabatlarında bildirilir ki, artıq çəkidən əziyyət çəkən 5 yaşdan kiçik uşaqların təxminən yarısı Asiya qitəsində yaşayır.

Maraqlıdır, Azərbaycanda artıq çəkili uşaqların sayında necə, artım varmı?

Azərbaycan Tibb Universitetinin həkim-dietoloqu Leyla Zülfüqarlı Sputnik Azərbaycan-a açıqlamasında artıq çəkiyə səbəb olan amillərdən və ölkədəki mövcud durumdan danışıb:

"Bu gün dünyanın digər ölkələrində olduğu kimi Azərbaycanda da uşaqlar arasında artıq çəki problemə çevrilib. Son 9-10 illə müqayisədə bizə olan belə müraciətlərin sayında da artım olub. Bu gün uşaqlarda piylənmənin olması gələcək nəslin də bu bəla ilə qarşılaşacağı deməkdir. Piylənmə qızlarla yanaşı gələcəkdə oğlanlar üçün də fəsadsız olmayacaq. Piylənmədən əziyyət çəkən kişilərdə nəsilartırma qabiliyyəti zəifləyəcək".

Mütəxəssis bildirir ki, qeyri-sağlam qidalanma ilə yanaşı genetik faktorlar da piylənməyə səbəb olur: "Bəzi piylənmə bətndaxili inkişafla əlaqədar olaraq meydana çıxır. Bunun baş verməməsi üçün ana hamilə olarkən düzgün qidalanmaya fikir verməlidir. Bundan başqa, etiraf edim ki, bu gün GMO qidalar, qida terroru, süni qidalar artdıqca, piylənmənin yaşı daha da cavanlaşacaq.

Artıq milli sterotipləri qırmağın zamanıdır. Valideynləri şirin çaydan imtina etməyə səsləyirəm. Çünki kökəlməyə səbəb olan faktorlar arasında şirin çayın, şəkərin, qəndin rolu mühümdür. Ümumiyyətlə, bu cür məhsullardan tamamilə imtina etmək lazımdır. Lakin buna əməl edilmədiyi üçün və digər faktorların da təsirini nəzərə alaraq, biz bu gün gənc nəslin genetikasında dəyişikliyi görürük. Onlar alçaq boylu, piyli, artıq çəkili olmaları ilə seçilir. Elmi dildə bu cür şəxslər yağlı tiplər adlandırılır".

Ekspert öncəki illərlə müqayisədə kiçik çəkidə doğulanların sayında azalmaların olduğunu vurğulayıb.

loading...

Xəbər lenti