Əcnəbi serialların ümidinə qalan Azərbaycan tamaşaçısı - “Kino adına alver edənlər bu sahəni xilas edə bilməz” - Rejissordan sərt İTTİHAMLAR

Əcnəbi serialların ümidinə qalan Azərbaycan tamaşaçısı - “Kino adına alver edənlər bu sahəni xilas edə bilməz” - Rejissordan sərt İTTİHAMLAR
Xarici ölkələrdə, qonşu dövlətlərdə kino sənayesi yüksək inkişaf mərhələsindədir.

Dünya kino sənayesi məhsullarından böyük miqdarda pul qazanır. Son vaxtlar Azərbaycan tamaşaçısı da daha çox əcnəbi filmləri, televiziya seriallarını izləyir. 

Gənc nəsil "Dark”, "Peaky Blinders”, "Game of Thrones”, "Mr. Robot”, "Strange Things”, "Breaking Bad” kimi serialları izlədiyi halda, köhnə nəsil ya türk, ya da rus seriallarını izləyir. Yaşlı və orta nəsil hər gün "Space” televiziya kanalı ilə  nümayiş etdirilən hind filmlərinə baxır. Bir-iki nümunəni çıxmaq şərti ilə Azərbaycan film və  serialları hələ də azərbaycanlı tamaşaçını ekran başına çəkə bilmir.  

Maraqlıdır, görəsən, köhnə Azərbaycan filmlərinin verdiyi zövqü nə vaxtsa yeni ekran əsərlərindən ala biləcəyikmi? Ümumiyyətlə, milli kinomuzun bugünkü vəziyyətə düşməsinin səbəbi nədir?

"Rüstəm İbrahimbəyov atdığı, satdığı, qoyub qaçdığı kinoya təzədən qayıtmaq istəyir”

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən kinorejissor Şeyx Əbdül Mahmudbəyli Azərbaycan kinosunun hazırkı durumunun  səbəblərindən danışıb:  

"Kinoya məsul olan dairələr bu gün bu sahəni, kino xadimlərini parçalamaqla məşğuldurlar. Kino kinoçularındır,  ssenari yazanların, orada çəkilən aktyorların deyil. Kinonu çəkən, onun xidmətində duran kino işçiləri var. Amma çox təəssüf ki, kimlərisə gətirib "kino xadimi” adı ilə məşhuri-cahan edən insanlar böyük oyun oynayırlar. Nə qədər bu oyunlar davam edərsə, Azərbaycan kinosu elə hazırkı vəziyyətdə də qalacaq. Deməli, hansısa maraqlı qüvvələr  Azərbaycan kinosunun inkişaf etməyini istəmirlər. Ona görə də bu cür parçalanmalara gedirlər. Məsələn, Rüstəm İbrahimbəyov kinonun adı ilə haralara gedib çıxmayıb? Və bu gün atdığı, satdığı, qoyub qaçdığı kinoya təzədən qayıtmaq istəyir. Əgər  Rüstəm müəllim təzədən əvvəlki yerinə gəlmək istəyirsə, mütləq  atıb getdiyi ittifaqa ərizəsini  təqdim etməlidir. Dövlət səviyyəsində təsdiq olunan ittifaqda 3-5 nəfər kino mütəxəssisi var. Təzədən ikinci bir cəbhə açmağın heç bir mənası yoxdur. Kino sahəsində birlik yoxdur, nə qədər ki hər kəs layiq olduğu yerdə deyil, bu belə də davam edəcək. Mələklər gəlib kino çəkəsi deyil. Kinonu kino xadimləri çəkməlidirlər, onlar da bu gün pərakəndə vəziyyətdədirlər. Dövlət bizə dolanmaq üçün pul ayırır, amma bu pul kompleks şəklində kinonu problemini həll etmir. Bu problemin həlli üçün hamı səfərbər olmalı, bir yerə toplaşmalıdırlar. Lakin təəssüflər olsun ki, məhz Rüstəm İbrahimbəyovun şəxsində bu gün Azərbaycan kinosuna ciddi ziyan vurulur”.

Maddi texniki baza yenilənməlidir

Kinorejissor kino sənayesinin inkişafı üçün kinostudiyanın müasir standartlara uyğunlaşdırılmalı olduğunu bildirib:

"Kinomuzun düzgün inkişafı üçün bizim kinostudiyamızın müasir səviyyədə maddi-texniki bazası bərpa olunmalıdır. Azərbaycan kinosuna həyatı, nəfəsi kimi baxan insanlar kinonun taleyini həll eləməlidir. Kinonu kino adına alver edib özü üçün pul, ad-san qazananlar yox, bu işə ömrünü verən insanlar xilas edə bilər”. 

"Serial sahəsi bərbad vəziyyətdədir”

Şeyx Əbdül  televiziya serialları ilə bağlı məsələyə də toxunub. Onun fikrincə, bu sahənin inkişafı və yüksəlişi üçün təcrübəli mütəxəssislərə ehtiyac var: 

"Düzdür, özəl televiziyalarda çəkilən serialların Azərbaycan kinosuna heç bir aidiyyəti yoxdur. Lakin serial sahəsi də çox bərbad vəziyyətdədir. Serial elə bir janrdır ki, orada işləmək çox çətin və müşkül məsələdi. Serial üzərində işləyən peşəkarlar elə etməlidirlər ki, bir dramaturji konflikt, hadisə, məhəbbət, müharibə 30-50 seriyada davam eləsin. Buna elə yüksək peşəkarlıq lazımdır ki, mərhələ qırılmasın. Ardıcıllıq inkişaf eləməlidir.  Serialı, qısametrajlı filmi çəkmək çətindir”. 

loading...

Xəbər lenti