Əfran İsmayılov: Ölkə prezidentinin tənqidindən qaça bilmədim

Əfran İsmayılov: Ölkə prezidentinin tənqidindən qaça bilmədim
Əslində, onunla hələ "Qarabağ”dan ayrılması dəqiqləşməmişdən öncə görüşməyi planlaşdırmışdım. Ancaq ya mənim, ya da onun planları bir-birimizin görüşməsinə mane olurdu.

Elə alındı ki, "Qarabağ”dan ayrılması dəqiqləşdikdən sonra onunla görüşümüz baş tutdu. Söhbət futbolçu Əfran İsmayılovdan gedir.

Əfran İsmayılov Oxu.Az-a verdiyi müsahibədə həm futbolçu karyerasından, həm də şəxsi həyatından bizə danışdı.

– "Qarabağ”a gəldiyiniz günü necə xatırlayırsınız?

– Mən evdəkilərin sözünə baxıb dərslərə üstünlük verməyə başlamışdım. Demək olar ki, futbol oynamırdım. Sonradan "Qarabağ”ın seçimləri oldu, dost-tanışlar ora getməyimi məsləhət bildi. Mən də getməyəcəyimi bildirdim. Amma sonra həmin adamlar bu barədə dayıma da deyiblər.

O da məni "Qarabağ”ın seçimlərinə apardı. Həmin vaxt klubun akademiyasına götürülən 2-3 nəfərdən biri də mən oldum. Məni "Qarabağ”ın ovaxtkı akademiyasında çalışan türk məşqçilər bəyənmişdi.

– Bəs Qurban Qurbanovla ilk görüşünüz necə yadda qalıb?

– Türkiyəli məşqçi Rasim Kara "Qarabağ”dan "Xəzər Lənkəran”a getdikdən sonra "Neftçi”dən bizə Qurban Qurbanov gəldi. Bütün komandaya onun bizə baş məşqçilik edəcəyi bildirildi. Ancaq həmin il az oynadıldım. Ona görə də Qurban Qurbanova bu barədə fikrimi bildirib, daha çox oynayacağım "Turan”a icarə əsasında keçdim.

Orada da altı ay oynadıqdan sonra "Qarabağ”a qayıtdım və bundan sonra meydana daha çox çıxmaq şansı əldə etdim.

– Yaxınlarda "Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu verdiyi açıqlamasında Qurban Qurbanovu "diktator” adlandırmış, bunu futbolçuların gecə həyatınadək nəzarət etməsi ilə əlaqələndirmişdi. Doğrudanmı, Qurbanovun hər şeyə nəzarət etmək imkanı var?

– O elə bir insandır ki, kimə nəzarət etməli olduğunu bilir. Elə futbolçular var ki, gecə həyatı onların sabahkı oyununa təsir edir. Diskoteka, barlarda olanlarla maraqlanır. Amma mənim nə həyatı yaşadığımı bildiyindən, mənə heç nəzarət etmirdi.

Legionerlərə nəzarətin nəticəsidir ki, ardıcıl olaraq "Qarabağ” ölkə çempionu olur. Özüm də fikirləşirəm ki, Qurban Qurbanov bunu etməklə düz hərəkət edir. Bu, həm futbolçunun, həm də komandanın xeyrinədir. Amma onun "diktator” adlandırılması bir qədər kobud səslənir.

– Cari mövsüm 13 oyunda 538 dəqiqə meydanda olmusunuz və cəmi iki qol vurmusunuz. Əfran İsmayılov üçün bu rəqəm az deyilmi?

– Mən də elə düşünürəm ki, azdır. Ötən mövsümkü müqaviləmdə 15 qol vursam və ya ötürmə etsəm, əlavə bonus alacağım yazılmışdı. Bu il belə şərt yox idi. Amma ötən ilə baxanda indi az oynadım. Klubdan çıxmamışdan qabaq da Qurban müəllimə fikrimi bildirdim. O da dedi ki, sənə inamım azalıb, bundan sonra ayrıldıq.

– Sizə qarşı inamın azalmasının səbəbini tapmısınız?

– Yəqin ki, bu sualın cavabını Qurban müəllim daha yaxşı bilər. Amma mən meydanda olduğum oyunlarda çalışmışam ki, qol vurum. Yadınızdadırsa, "Səbail”lə oyunda bir neçə dəqiqə qalmış meydana çıxıb qol vurmağı bacardım. Baş məşqçinin kimi oynatması onun səlahiyyətinə dair məsələdir. Buna hörmətlə yanaşıram.

– Növbəti planınız nədir?

– Açığı, "Qarabağ”dan ayrıldıqdan sonra Azərbaycan klublarından zəng edənlər var. Onlara 10-15 gün gözləməyi məsləhət bilmişəm. Özüm Türkiyə Superliqasında oynamaq istəyirəm. Orada iki klubla danışıqlar gedir. Oraya ailəmi aparacağam deyə, götür-qoy edəcəyəm. Oradan altı aydan sonra qayıtmaq da yaxşı deyil. Menecerim bir həftə ərzində mənə dəqiq cavab verəcək.



– Sosial şəbəkələrdə ən çox tənqid olunan futbolçulardan birisiniz. Bu tənqidlər sizə nə dərəcədə təsir edir?

– Təsir edənləri də olur, etməyənləri də. Elə şeyləri şişirdib yazırlar ki, heç düşmən düşməninə belə etməz. Elə bil bir dövlətdə yaşamırıq, sonra deyirik ki, gedib torpaqlarımızı alaq. Dəstək olmaqdansa, söyüş söyürlər. Mən həmin insanları boş-bekar insan hesab edirəm.

İnsanların problemi olmayanda, oturur kompüter qabağında, başlayır ona-buna söz atmağa. Sonra da deyir ki, iş yoxdur, dövlətdən şikayətlənir. İnsan gərək özünü günahlandırsın ki, niyə mən işsizəm, niyə mən boş-boş komment yazıram. İşi-gücü olan insan komment yazanda da, normal şəkildə bunu edir. Təhqirləri normal saymıram. Bu, tərbiyədən, qanacaqdan irəli gəlir.

– Bir ara yazıldı ki, zəif oyununun səbəbi ailədəki problemlərlə əlaqədar idi...

– Həyat yoldaşım bir az müalicə olunmuşdu. Belə şey hamıda olur. Təhqirlər daha çox özümə aid edilir. Əvvəllər istəmişəm ki, cavab yazım. Sonra demişəm ki, mənə belə bir şey yazmaq yaraşmaz. Mən yazdıqca məsələ uzanacaq onsuz da. 

Tənqid bütün dünyada var. Amma biz millət kimi gərək bir-birimizə dəstək olaq. Digər ölkələrdə yəhudilər, xristianlar bir-birlərinə kömək edir. Biz isə Azərbaycanda bir-birimizi qırırıq, bir-birimizin torbasını tikirik, bir-birimizə pislik etməyə çalışırıq.

Normal insan belə şeyləri etmir. Hazırda kimin nə yazması məni maraqlandırmır. Belə şeylərə fikir verməməyə çalışıram. Səhvi hamı edir. Məsələn, o gün elə vacib matçda "Liverpul”un qapıçısının etdiyi səhvləri hamı gördü.

– Amma haqlı tənqidlərlə də razılaşırsınız...

– Əlbəttə ki. Tənqiddən başa düşmək olur ki, həmin adam ali savadlı biridir. Görürsən, bəzi şeyləri düz deyir. Onun tənqidlərindən nəticə çıxarmağa çalışırsan. Yoxsa, Əfran bunu geyindi, onu etdi kimi axmaq fikirləri yazanlar... "Facebook”da bir futbol səhifəsi var. Həmişə hazırladıqları "caps”larla məni tənqid edirlər. Onu işlədənlərdən biri o gün AFFA-nın "tirə zərbə” rubrikası zamanı gəlib ki, biz qapıda duraq, sən topla bizim arxamızdan vur.

Deyir ki, hər yerdə belə şey var, bizə topla vur, barışaq. Mən də deyirəm ki, mən küsməmişəm ki, barışım, kiminsə arxasına top vuran deyiləm. Onsuz da mən sosial şəbəkələrdə yoxam. Kim nə yazırsa, yazsın.



– Amma peşəkar idmançıların sosial şəbəkələrdə olması normaldır. Bununla azarkeşlər onların gündəlik nə işlə məşğul olmasından xəbərdar olur...

– Bilirəm. Mən də belə şeylərə pis baxmıram. Sadəcə, bunu özüm üçün vaxt itkisi hesab edirəm. Orada hansısa videoya baxırsan, bir də gördün ki, günün orada keçdi. Mən həyatda başqa şeylərə daha çox önəm verməyə çalışıram.

– Başa çatmış mövsümdə "Qəbələ” ilə Suraxanıdakı oyunlardan birində meydana çıxıb qələbə topunu vurdunuz. Halbuki həmin vaxt daha çox tənqid olunurdunuz. Tənqidlər sizdə motivasiya formalaşdırmır?

– Yox, mən elə prinsipiallıq etmirəm. Çempionlar Liqasına düşəndə məndən soruşdular ki, tənqidçilərə nə cavab verə bilərsən? Dedim ki, bu qələbə hamının sevincidir, bunu da məni tənqid edənlərə həsr edirəm.

– Yaxşı yadımdadır ki, hətta ölkə prezidenti İlham Əliyev də "Qarabağ” komandasını Çempionlar Liqasına düşməsi münasibətilə qəbul edəndə sizi tənqid etmişdi...

– (gülür) Ən axırda otağa mən daxil oldum. Mən bir qədər üzdə olmağı sevmirəm. Həmişə axırıncı sıralarda oturmağa üstünlük verirəm. Otağa daxil olanda komanda rəsmisi Əmrah Çəlikəl məni çağırdı ki, gəl burada otur, yer var.

Elə oldu ki, həmin yer də prezidentin yanından üçüncü sırada idi. Tahir Gözəl, Rəşad Sadıqov, Əmrah Çəlikəldən sonra mən əyləşmişəm. Prezident hamı ilə görüşəndə məndə dayandı. Dedi ki, səni izləyirəm, yaxşı driblinqin, sürətin var, amma ayağında topu çox saxlayırsan. Bunu deyəndə komanda gülməyə başladı. Sonra uşaqlar mənə deyir ki, çalışdın ki, gizlənəsən, burada da tənqiddən qaça bilmədin.

Prezidentin tənqidindən incimək olmaz. Hamının arzusudur ki, ölkə başçısı ilə görüşsün. Həmin vaxt bir daha şahidi oldum ki, ölkə prezidenti ilə görüşmək necə böyük bir şeydir. Bu insana əlavə stimul, motivasiya verir.



– Millimizin sabiq baş məşqçisi Robert Prosineçki sizi yığmaya çağıranda çox tənqid olunub. O isə həmişə deyirdi ki, Əfran elə bir oyunçudur ki, oyunu alınsa, nəticəni müəyyənləşdirən futbolçulardan biri ola bilər. Onunla münasibətləriniz hazırda necədir?

– Robert haqqında həyatımda çox böyük səhifə aça bilərəm. O mənə çox dəstək olub. "Xəzər Lənkəran”da cəmi bir oyun keçirmişdim, məni milliyə çağırdı. "Qarabağ”da az oynamağıma baxmayaraq, Almaniya və Çexiya kimi komandalara qarşı məni oynadırdı. Bu da onun mənə inamından irəli gəlirdi. Mən də bu inamı doğrultmağa çalışırdım.

Millidə ən çox qol vuran və ən çox ötürmə verən mən oldum. İndiyə kimi də onunla əlaqə saxlayıram. "Qarabağ”dan ayrılmağımın səbəbini soruşur. Deyir ki, hər zaman sənə böyük qardaş kimi dəstək olmağa hazıram, mənə məsləhətlərini verir.

Futboldan bir ara çox küsmüşdüm, onun dəstəyi sayəsində yenidən futbola qayıtdım. Əgər o, Bosniya və Herseqovina millisinə yox, hansısa kluba keçsəydi, yəqin ki, məni də özü ilə aparacaqdı. Onun çalışdırdığı millidə Miralem Pyaniç, Edin Ceko kimi ulduzlar çıxış edir. Robertin yeni komandasında uğurlu olacağına çox inanıram.

– Rəşad Sadıqov "Qarabağ”da sizin ən böyük dəstəkçilərinizdən olub. Hazırda onunla münasibətiniz necədir?

– Hamı deyir ki, "Qarabağ”dan ayrılmışam, Rəşad Sadıqovla münasibətlərimiz pozulub. Başa düşə bilmirəm ki, bunun münasibətlərə nə aidiyyəti var? Onunla indiyə kimi də çox yaxınam. Rəşad elə bir qardaşdır ki, həmişə mənim üçün yaxşı olanı istəyir.

Bəlkə də, o da "Qarabağ”dan ayrılıb hardasa daha çox oyun keçirəcəyim kluba keçməyimə və bunun sayəsində millidə oynamağıma sevinər. Rəşadın yanında uşaqlıqdan olmuşam. O hər zaman mənə məsləhətlərini verib və verir. Onun yanında çox futbolçular yetişib. Rəşad Azərbaycan futbolu üçün böyük insandır.

– Din Əfran İsmayılov üçün nədir?

– Din Allahın bizə buyurduğu əmrdir. Çalışıb ona əməl edirəm. Mənim üçün həyatda birinci məsələ budur. Doğrudan da, sosial şəbəkələrdən, dünyəvi şeylərdən çox uzağam. Onlar insana heç nə vermir. Düzdür, oradan faydalanmaq da olur. Ancaq sosial şəbəkələr mənim üçün 60-70 faiz faydasızdır.

Getdikcə daha da faydasızlaşır. İnsanların yoldan çıxması, ünsiyyət zamanı aqressivləşməsi buradan qaynaqlanır. Sosial şəbəkələr məsləhətli bir şey deyil.

– Dinlə maraqlanmazdan əvvəlki Əfranla indiki arasında hansı fərqlər var?

– 100 faiz fərq var. Uşaq vaxtı oğurluğa kimi edirdim. Mənim doğulduğum Gürcüstanın kəndlərindən birində bu işi yaxşı bacarırlar (gülür). Pulumun olması üçün hər şeyi edirdim. 17-18 yaşlarımda dinlə maraqlanıb namaz qılmağa başlayanda evdəkilər buna inanmırdı. Heç kim belə dəyişəcəyimi düşünmürdü.



– Əvvəllər dalaşqan da olmusunuz...

– Bəli. Sözüm çəp gələndə dalaşırdım. İndi isə söz çəp gələndə fikirləşirəm ki, bunu davaya çevirmək lazım deyil. Əlbəttə ki, bunda dinin də müəyyən rolu var. Mənə səbirli olmağı öyrədib. Görürsən ki, səbrini basıb dalaşmadığın insan sabahı günü gəlib özü səndən üzr istəyir ki, səhv etmişəm.

Düzdür, dində də var ki, bəzi məsələlərə, ailənin namus, qeyrətinə toxunulduqda başqa cür məsələyə yanaşasan. Amma ümumilikdə söyüş söymək, dalaşmaq kimi pis əməllərdən qaçmağa çalışıram.

– Ramazan ayı boyunca futbolçuların oruc tutub meydana çıxması hər zaman müzakirə olunub. Siz oruc tutub meydana çıxanda müəyyən çətinlik yaşayırsınız?

– Məhz Ramazan orucu müsəlmanlar üçün fərzdir. Bunu xristianı, yəhudisi, dini bilməyənə kimi hamı bilir. Biz həmin dinin nümayəndələrinə hörmət etdiyimiz kimi, onlar bizim dini qaydalarımıza hörmətlə yanaşır.

Məşqçilər həmin vaxt oruc tutmağımızı bizim ixtiyarımıza buraxır. Prosineçki bunun üçün yüngül məşqlər salırdı. Məşqlər, oyun vaxtı çətinliyin olması, susuzlamaq normal bir şeydir. Ancaq mən hər zaman orucumu tutmağa çalışıram.

– Saçınızı futbol camiəsində kifayət qədər tanınan türk ustası Cəmilə qırxdırırsınız. O isə hər zaman müsahibələrində sizdən saçınızı düzəldərkən kaprizli olmağınızdan narazılıq edir...

– Saçımda əlavə şeylərin, məsələn, cızıqların olmasını istəmirəm. Uşaqlıqdan saçım necədirsə, elə də qırxdırıram. Cəmilin elə deməyinə baxmayın. Ən asan saç mənimkidir. Tez qırxmaq olur. Çünki Cəmildən qeyri-adi bir şey etməyini istəmirəm.

– "Qarabağ”la ölkə çempionu oldunuz. Amma mükafatlandırma mərasiminə qatılıb qızıl medalınızı götürmədiniz. Bu nə ilə bağlı idi?

– Evdəkilərlə getməyimin vacib olduğu bir işim vardı. Bu barədə Qurban Qurbanova zəng edib bildirmişdim. Demişdim ki, ola bilsin, gəlib çatdıra bilmədim. Onlar da bunu anlayışla qəbul etdilər. Artıq gedib klubdan medalımı götürmüşəm.

– İki övladınız var. Oğlan övladınızın futbolla məşğul olmasını nə dərəcədə istəyirsiniz?

– Mən bu məsələyə fərqli baxıram. Elə insanlar var ki, bütün həyatını həsr edib ki, uşağı futbolçu olsun. Amma mənim üçün əsas məsələ həmin uşağın insan olmasıdır. İnsan oldunsa, hörmətin də olacaq. Futbol bu gün var, sabah yoxdur. Görək, mən futboldan qurtardıqdan sonra yaddaşlarda necə qalacağam. Mənə bu maraqlıdır.

Oğlumun beş yaşı var. Açığı, topa o qədər maraq göstərmir. Bilmirəm, gələcəkdə, bəlkə, marağı oldu. Amma çox dəcəldir. Məndən də betərdir. Atam həmişə deyir ki, arzulayırdım dəcəl uşağın olsun ki, bizim nələr çəkdiyimizi başa düşəsən. Çox dəcəldir, aləmi qatır bir-birinə. Çölə-bacaya çıxara bilmirəm onu. Uşağın sakit olmasını da istəmirəm. Amma belə dəcəl də olmaz. Gözləyirik, görək, bəlkə, 6-7 yaşından sonra düzələ (gülür).

– Boş vaxtlarınızda nə işlə məşğul olursunuz?

– Əksər futbolçular kimi "Play Station” oynamağa həvəsliyəm (yeri gəlmişkən, müsahibədən sonra gücümüzü sınayırıq, 2:0 öndə olduğum matç 3:3 hesabı ilə başa çatır). Domino oynaya bilirəm.



– Sonda maraqlı bir əhvalat danışmağınızı istəyəcəkdim.

– Yumor ustası Elməddin Cəfərovla tez-tez məsciddə görüşürük. O, bir ara dizindən əməliyyat olunmuşdu. Deyirəm ki, çoxdandır, görünmürsən, çəkilişlərdə yoxsan. O da hazırcavablığından qalmayıb dedi ki, mən səni meydançada görəndə, sən də məni çəkilişdə görəcəksən (gülür).
 

Загрузка...

Xəbər lenti