Elektrik kəsiləndə nə qədər ziyana düşürük? – Deputat rəqəmləri açıqladı

Elektrik kəsiləndə nə qədər ziyana düşürük? – Deputat rəqəmləri açıqladı
"Belə qəzalar təbii fəlakətlərlə bir ölçülür”

Biz artıq texnoloji cəmiyyətdə yaşayırıq. Elektrik enerjisi, istilik, telekommunikasiya sahələri təbiət qanunauyğunluqları ilə bir sıraya qoyulur və buna görə də bu sahələrdə baş verən miqyaslı qəzalar təbii fəlakətlərlə bir ölçülür.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

O qeyd edib ki, miqyaslı elektrik şəbəkəsi qəzaları dünyada 2000-ci ildən başlayaraq, intensiv xarakter almağa başlayıb:

"2003-ci ildə ABŞ-ın bütün şimal-şərq regionunda baş verən "Böyük bləkaut” hadisəsi miqyasına və vurduğu ziyana görə təbii fəlakət sayıldı. Elektrik şəbəkəsinin çökməsinin bir sıra səbəbləri olur. Ümumi olaraq bunlar artıq yüklənmə, resursların çatışmamazlığı, texniki qəzalar və insan amilidir. Miqyaslı elektrik qəzaları dünyada artıq yalnız texniki hadisə kimi deyil, siyası və sosial risklər daşıyan fəlakət kimi qəbul olunmaqdadır.

Beynəlxalq hesablamalara görə, elektrik enerjisinin kəsilməsi zamanı orta hesabla ev təsərrüfatları 1 saatda 8,67 manata, kiçik və orta sahibkarlıq subyektləri 1 saatda 110 manata, iri sahibkarlıq subyektləri isə 30 266 manata qədər gəlir itirirlər”.

Deputat əlavə edib ki, Azərbaycan son illərdə enerji potensialını əhəmiyyətli dərəcədə artırıb:

"Bizim enerji potensialımız artıq 6400 meqavata bərabərdir. Bu isə ölkəni elektrik enerjisi ilə təmin etməkdə heç bir çətinliyin olmamasını göstərir.

Mingəçevir İstilik Elektrik Stansiyasına baş vermiş hadisə miqyasına görə çox böyükdür. Bu qəzanın ölkə iqtisadiyyatına və əhaliyə vurduğu ziyan da böyükdür. Qəzanın səbəbləri ölkə Prezidenti tərəfindən yaradılmış dövlət komissiyası tərəfindən araşdırılır. Komissiyanın ilkin məlumatlarından görünür ki, qəzanın baş vermə səbəbləri içərisində qeyri-peşəkar planlaşdırma, laqeyd yanaşma və texniki standartlara tam əməl olunmaması halları mövcuddur. Dövlət başçısının məsələni şəxsən diqqətdə saxlaması bu sahədə lazımı tədbirlərin görülməsini təmin edəcək”.

Müsahibimiz əlavə edib ki, miqyaslı qəzalar zamanı əsas məsələlərdən biri də qəza zamanı müvafiq dövlət orqanlarının və əhalinin davranışı olur:

"Son günlər dövlət orqanlarının qəza zamanı əlaqəli fəaliyyəti, insanların təşvişə düşməməsi dövlət orqanları ilə əhalinin qarşılıqlı əməkdaşlığının yüksək səviyyədə olduğunu göstərdi”.
Загрузка...

Xəbər lenti