Əliyevi gətirən maşın Şuşaya qalxa bilmədi

Əliyevi gətirən maşın Şuşaya qalxa bilmədi

Ramil Usubov Qarabağda Heydər Əliyevlə ilk görüşü barədə danışıb.

"Ümummilli liderimizlə ilk canlı təmasım məhz Dağlıq Qarabağda olub. 1982-ci ilin yanvar ayında Heydər Əliyev Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimində iştirak etmək üçün Şuşaya gəlmişdi. Mən o zaman Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini vəzifəsində çalışırdım və tədbirdə ictimai təhlükəsizliyin qorunmasına bilavasitə rəhbərlik edirdim”.

Bu barədə "Azərbaycan” qəzetinə müsahibəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubov danışıb.

Nazir qeyd edib ki, Dağlıq Qarabağda erməni şovinizmini susduran Heydər Əliyevə vətəndaşlarımızın ehtiramı, rəğbəti o qədər güclü idi ki, bu görüşə kütləvi axın vardı.
"Yeri gəlmişkən, sadə erməni əhalisi də ayrı-ayrı görüşlərdə vilayətdə erməni milliyyətçiliyini qızışdıranlara qarşı qətiyyətli mövqeyinə, bütövlükdə Dağlıq Qarabağın sosial-iqtisadi inkişafına göstərdiyi daimi diqqət və qayğıya görə cənab Heydər Əliyevə minnətdarlıqlarını bildirirdilər.

Yaxşı xatirimdədir, həmin gün güclü qar yağmışdı. Heydər Əliyevi gətirən maşın Şuşanın girəcəyində, hərbi komissarlığın qarşısından qalxa bilmədi. Mən hüquq mühafizə orqanlarının bir qrup əməkdaşı və ətrafdakı cavanlarla köməkləşib maşını əllərimizdə yoxuşu qaldırıb düz yerdə qoyduq. Bununla, bir növ, qarabağlı gənclər qətiyyəti ilə erməni millətçilərinə sipər olan ölkə rəhbərinə öz ehtiramlarını bildirirdilər. Həmin tədbirdə Heydər Əliyevlə ünsiyyətimiz də oldu. Mən artıq Heydər Əliyev böyüklüyünü daha dərindən dərk edir, konkret faktların timsalında bu dahi şəxsiyyətin öz vətəninə, xalqına necə bağlı olduğunu görürdüm”.

Ramil Usubov müsahibəsində bildirib ki, Heydər Əliyevlə həmin hadisədən bir də 11 il sonra görüşüb.

"AXC-Müsavat hakimiyyəti dövründə Daxili İşlər Nazirliyində idarə rəisi vəzifəsindən azad edilmişdim və bölmə rəisi işləyirdim. O zamankı iqtidar mənsublarının özbaşınalıqları, haqsızlıqlar, DİN-dəki çəkişmələr, qanun pozuntuları məni hətta o vəziyyətə gətirmişdi ki, həmin ərəfədə daxili işlər orqanlarından tərxis olunmaq üçün yazdığım raportu nazirliyin rəhbərliyinə təqdim etmək istəyirdim. Lakin qəbula düşə bilmirdim, deyirdilər ki, nazir əvəzinin vaxtı olanda qəbul edəcək.
 
Belə bir vaxtda, 1993-cü il iyulun 2-də DİN-in qərargah rəisi mənə dedi ki, Heydər Əliyev səni nazirin kabinetində telefona çağırır. Xatırladım ki, artıq ulu öndərimiz Prezident səlahiyyətlərini həyata keçirirdi. Bu xəbərdən çox həyəcanlandım. Telefonla danışdıq. Mənə dedi ki, Naxçıvanda vəziyyət olduqca gərginləşib. Sən orada daxili işlər naziri işləmisən, şəxsi heyət arasında nüfuzun var. Gedib vəziyyətə nəzarət edilməsi üçün tədbirlər gör. Heydər Əliyev kimi bir dühadan belə bir etimadı qazanmağın məsuliyyətini anlayaraq, təcili Naxçıvana getdim.

Əvvəlcə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri əvəzi, sonra isə nazir təyin olundum. Çox böyük çətinliklərlə, hətta sui-qəsdlə, terrorla üzləşdim. Lakin Heydər Əliyevin tapşırığını yerinə yetirmək üçün bütün qüvvələri səfərbər etdik və bir müddətdən sonra bölgədə kövrək də olsa, sabitliyi bərpa edə bildik. Naxçıvandakı durumla bağlı müntəzəm olaraq ulu öndərə məruzə edir, ondan müvafiq göstərişlər, məsləhətlər alırdım”.

Ramil Usubov qeyd edib ki, daxili işlər naziri postuna təyinat onun üçün gözlənilməz olub.

"1994-cü il aprelin 29-da Prezident yanında DİN-in məsul işçilərinin müşavirəsi keçiriləcəkdi. İclasdan bir neçə saat əvvəl Prezident məni qəbul etdi, Naxçıvandakı vəziyyətlə, xidmət və həyat yolumla maraqlandı. İclasın gedişində isə nazirliyin ozamankı rəhbərliyinin işi kəskin tənqid olundu və daxili işlər orqanlarının fəaliyyətində ciddi dönüşün yaradılması tələb edildi. Sonda Heydər Əliyev gözləmədiyim halda bildirdi ki, məni ölkənin daxili işlər naziri təyin edir. Ümummilli liderimiz onu da qeyd etdi ki, Ramil Usubova tam inanıram, Prezident kimi ona etimad göstərirəm və bir də hamınızdan tələb edirəm ki, ona kömək göstərəsiniz. Bu sözlər mənim üçün ən böyük etimad və dəstək idi.

Beləliklə, mən Heydər Əliyevlə birgə işləmək, onun rəhbərliyi altında dövlət quruculuğu prosesində iştirak etmək imkanı qazandım. Sonrakı 9 ildə də Heydər Əliyevin misilsiz fəaliyyətini, vətənə və xalqa həsr olunan fədakar missiyasını daha geniş miqyasda gördüm. Bütün dövrlər üçün ən ali örnək ünvanımız kimi qəbul ediləcək böyük vətəndaş, dahi şəxsiyyət, qüdrətli lider yalnız xalqın rifahı, dövlətin qüdrətlənməsi, müstəqil Azərbaycanın parlaq gələcəyi naminə yaşayırdı. Elə onun fəaliyyət fəlsəfəsi, həyat mənası da yalnız bu idi”.

Real TV
Загрузка...

Xəbər lenti