Elmar Məmmədyarov nazir postunu itirir — XİN başçısı yeni hökumətdə olacaqmı?

Elmar Məmmədyarov nazir postunu itirir — XİN başçısı yeni hökumətdə olacaqmı?
Xarici işlər naziri Elmar Məmmədyarov yenidən formalaşacaq hökumət kabinetində olmaya bilər. Bu ehtimalı qüvvətləndirən amillərdən biri də yaxın vaxtlarda parlamentdə onun istefaya dəvət edilməsidir.
Bunu «Unikal» qəzetinə  açıqlamasında adının çəkilməsini istəməyən etibarlı mənbə deyib.
Qeyd edək ki, martın 30-da 31 mart azərbaycanlıların soyqırımına həsr olunmuş xüsusi iclasda çıxış edən deputat Fəzail Ağamalı bildirib ki, Xarici İşlər Nazirliyi Azərbaycan prezidentinin yürütdüyü hücum diplomatiyasına adekvat işləmir.O, qeyd edib ki, Azərbaycan həqiqətlərinin dünyada təbliği və haqqının tanınması üçün Azərbaycan prezidentinin müəyyən etdiyi prioritetlə nazir Elmar Məmmədyarovun fəaliyyəti uyğun deyil:
«Bu olduqca ağır mənzərədir. Çox yaxşı olardı ki, Elmar Məmmədyarov heç olmasa öz təşəbbüsü ilə istefaya getsin”.
Qaynağımızın fikrincə, F.Ağamalının belə bir kəskin tələblə, üstəlik, Milli Məclisdə çıxış etməsi təsadüfə, yaxud deputatın şəxsi təşəbbüsünə oxşamır.
Qeyd edək ki, Məmmədyarovla bağlı istefa tələbinə cəmiyyətdən də dəstək gəlib. Məsələn, Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri, tanınmış politoloq Elxan Şahinoğlu yerli mətbuata açıqlamasında Məmmədyarovun vəzifəsindən uzaqlaşdırılmasının vacibliyini vurğulayıb:
«Prezident seçkisindən sonra bəzi nazirlərin dəyişdiriləcəyinə dair xəbərlərin sayı artır. Bu belə də olmalıdır, hakimiyyətə yeni nəfəs lazımdır… Dəyişməli olan nazirlər sırasında xarici işlər naziri də olmalıdır. Çünki onun verdiyi açıqlamalar siyasi ekspertlər və cəmiyyət tərəfindnə birmənalı qarşılanmır. Elmar Məmmədyarov uzun illər diplomatiya sahəsindədir, müxtəlif ölkələrdə çalışıb, səfir işləyib. Ancaq hər yaxşı səfirdən uğurlu xarici işlər naziri çıxmaz. Səfir ölkəsindən aldığı təlimatları yerinə yetirir, daha çox sənədlərlə işləyir, qonaq qarşılayır və yola salır. Əlbəttə, səfirdən səfirə də fərq var. Elə səfir var ki, kabinetdən bayıra çıxmır, gününü keçirir, eləsi də var ki, çalışdığı ölkədə nüfuz sahibinə çevrilir ki, bu da iki ölkə arasındakı münasibətlərin inkişafına xidmət edir. Mən istisna etmirəm ki, Elmar Məmmədyarov ikincilərdən olub. Ancaq xarici işlər naziri postu tam fərqlidir, həm işgüzar olmalı, hər də yaradıcı fikirlərlə çıxış etməlidir. Xarici işlər nazirinin fikrini səlis və aydın ifadə etmək bacarığı da olmalıdır. Bəzən Elmar Məmmədyarov Azərbaycan dilində elə fikir deyir ki, bir neçə dəfə oxuduqdan sonra onun nə dediyini anlaya bilirsən. Bəlkə də bu səbəbdəndir ki, Elmar Məmmədyarov yerli media orqanlarına müsahibə vermir, daha çox rusdilli və ingilisdilli nəşrlərə müsahibə verir. Xarici işlər nazir postu onun media ilə sıx əlaqəsini diktə edir. Ancaq biz bunu görmürük. Azərbaycanın əsas problemi torpaqlarımızın işğalının davam etməsidir. Bu durumu dəyişmək üçün xarici işlər nazirinin üzərinə böyük yük düşür. Nazir açıqlama verməklə işini bitmiş hesab etməməlidir. Məsələn, erməni separatçılarının lideri gah Paris, gah da Vaşinqtonda peyda olur. Elmar Məmmədyarov bunun qarşısını almaq üçün indiyə qədər nələr edib? Niyə Dağlıq Qarabağın azərbaycanlı icmasının liderinin eyni ölkələrə səfərləri və görüşləri təşkil olunmur?.. Elmar Məmmədyarov uzun illərdir deyir ki, Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı substansiv danışıqlar aparılmalıdır. Aparılmır, indi nə edək? Elə «substansiv danışıqlar aparılmalıdır” deməklə deyil ki. Ondan başqa heç kim bu ifadəni dilə gətirmir…. Daha sonra Elmar Məmmədyarov həmsədrlərin Krakov görüşündən sonda dedi ki, «kreativ təkliflər var”. Ancaq üstündən aylar keçib, nə ortada Məmmədyarovun dediyi «kreativ təkliflər” var, nə də danışıqlarda irəliləyiş qeydə alınıb».
Qeyd edək ki, 2004-cü ildən nazir işləyən Məmmədyarovun yeni hökumət kabinetində yer almayacağı və BMT-də Azərbaycanın daimi nümayəndəsi təyin ediləcəyi barədə məlumatlar da son günlər intensivləşib. Onun yerinə namizədlər arasında isə  daha çox ABŞ-dakı səfirimiz Elin Süleymanovun adı çəkilir.
Bütün bunlardan sonra gəlinən qənaət ondan ibarətdir ki, hazırkı xarici işlər nazirinin yeni hökumət kabinetindən kənarda qalması kifayət qədər realdır və bu, gerçəkləşərsə, qətiyyən təəccüblə qarşılanmamalıdır.

Xəbər lenti