Elmar Vəliyevin güllələnməsi ilə bağlı – yeni faktlar

Elmar Vəliyevin güllələnməsi ilə bağlı – yeni faktlar
Gəncənin icra başçısı Elmar Vəliyevin odlu silahla atəşə tutulması gündəmin əsas mövzusu olaraq qalır. İcra başçısının sağlıq durumu haqda ziddiyyətli məlumatlar gəlməkdədir, onun həyatına təhlükə olmaması haqda da xəbərlər var. Elmar Vəliyevə edilən silahlı hücum zamanı yaralanan cangüdəni Qasım Aşbazovun isə səhhəti yaxşılığa doğru gedir. Əməliyyat edilən Q.Aşbazovun həyati təhlükəni adlatdığı deyilir. Onun yaxın zamanlarda reanimasiyadan palataya köçürüləcəyi də vurğulanır.

"A24.az” xəbər verir ki, hadisə anı haqda "musavat.com”da özəl bilgilər var. Yunis Səfərov törətdiyi qanlı olay zamanı qısaqol köynəkdə olub. Silahı qoluna sarıtdığı gipsin içərisində xüsusi qaydada gizlədib və Gəncə İHB binası qarşısında Elmar Vəliyevin binadan çıxmasını gözləyib. Başçı tək bir mühafizəçi ilə – Qasım Aşbazovla binadan çıxıb. Giriş qapısının önündə isə 4 mühafizə polisi olub. Yunis Səfərov başçıya kənardan və hündürdən səslənərək, ona sözü olduğunu bildirib. Polislər dərhal onu əhatəyə alıb. Elmar Vəliyev geri dönərək, "buraxın gəlsin”, deyib. Yunis Səfərov qolu gipsdə, boynundan asılmış halda Elmar Vəliyevə yaxınlaşıb. Gözlənilmədən, cəld hərəkətlə silahı qolundakı sarğının arasından çıxararaq, dalbadal Vəliyevə iki, mühafizəçiyə bir dəfə atəş açıb. Güllələrdən biri başçının qaşını yalayaraq keçib, digəri qarın boşluğuna nüfuz edib. Qasım Aşbazova dəyən güllə isə ağız nahiyəsindən girərək, gözündən çıxıb. Daha sonra polislər Səfərovu yaxalayaraq, həbs ediblər…

Yunis Səfərovun tutulandan az sonra Rusiya vətəndaşı olmasını təsdiqləyən pasportunun fotosurəti yayılıb. Məlum olub ki, Y.Səfərova həmin pasport Gəncədə mühafizə polisinə xəsarət yetirib silahını oğurlayandan sonra verilib. Yəni Yunis Səfərov polisi döyüb silahını əlindən aldığına görə axtarışa verildikdən sonra Rusiyaya qaçıb və orada pasport alaraq yenidən Gəncəyə qayıdıb.

Onun Elmar Vəliyevə yaxınlaşmaq üçün əlini gipsə salması və bu şəkildə ona yaxınlaşması, hadisədən əvvəl polisdən zor tətbiq etməklə silah alması, Rusiya vətəndaşlığını qəbul etməsi deməyə imkan verir ki, başçıya qarşı sui-qəsd planlı olub.  Bəs motiv nədir? Niyə Elmar Vəliyevi öldürmək istəyiblər? Bu, sırf onun qaba idarəçiliyindən doğan qəzəbin bu şəkildə ifadəsidir, yoxsa ortada başqa məsələlər var?

Olaydan keçən 2 gün ərzində Yunis Səfərovun icra başçısına qarşı törətdiyi cinayətin motivi haqda ictimaiyyətə rəsmi məlumat verilməyib.

Bu arada "youtube” kanalında Gəncədə icra başçısına qarşı sui-qəsd törədən Yunis Səfərovun xanımı olduğu iddia edilən bir qadının səs yazısı yayılıb. Guya Yunisin "xanımı” sui-qəsd əməlinin motivini izah edir. Xanım iddia edir ki, baş verən hadisə şəxsi qisas zəminində deyil, Yunisin icra başçısı Elmar Vəliyev tərəfindən guya təhqir edildiyi iddia olunan bacısı 9 ildir Gəncəyə, ümumiyyətlə, Azərbaycana gəlmir. Qadın iddia edir ki, məsələdə dini amil əsasdır. Bu səs yazısının saxta olması haqda rəylər üstünlük təşkil edir.

Yunis Səfərovun hazırda harada saxlandığı da bilinmir. Ona qarşı Elmar Vəliyevin yaxınlarının hər hansı bir xoşagəlməz addım atacaqları da istisna deyil. Bu baxımdan onun Gəncədə hazırda saxlandığı məkandan Bakı İstintaq Təcridxanasına köçürülməsi üçün hansı işlərin görülüb-görülməməsi də ictimaiyyətə məlum deyil. Bundan başqa, ictimaiyyəti maraqlandıran suallardan biri də Yunis Səfərovun işi üzrə  aparılan istintaqa Vəliyevlərin təsir imkanları ilə bağlıdır. Belə ki, baş prokurorun müavini, respublikanın hərbi prokuroru Xanlar Vəliyev güllələnən Elmar Vəliyevin qardaşıdır. Onun əlaqələrindən istifadə edə biləcəyi ehtimalı da nəzərə alınmalıdır.  Bu halda Xanlar Vəliyevin Yunis Səfərovun istintaqı aparıldığı dönəmdə müvəqqəti olaraq vəzifəsindən uşaqlaşdırılması məsələsi də aktuallığını saxlayır.

Bu arada Gəncənin sabiq deputatı, Abbas Abbasovun oğlu Aydın Abbasov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi hadisəsinə maraqlı reaksiya verib. Sabiq deputat düşmənçilik münasibətində olduqları Elmar Vəliyevin vurulmasına iki bənd şeirlə münasibətini ifadə edib.

A.Abbasovun bu gün sosial şəbəkədə paylaşdığı 2 bənd şeirdə gəncəlilərə xəyanətdən və buna görə cəzadan söhbət açılır:

– Gəncə xəzinədir əzəl binadan,

Qədir bilməyənə Gəncə qənimdir.

İndi gəncəlilər dursa kənarda,

Hər gələn deyər ki, Gəncə mənimdir.

Gəncəni sevənə Gəncə gencədir,

Ədalət hər şeydən burada öncədir.

Kim etsə xəyanət gəncəlilərə,

Qisməti ya möhnət, ya işgəncədir!

Qeyd edək ki, Abbasovlarla Elmar Vəliyevin münasibətləri 2013-cü ildən sonra düşmənçilik həddinə çatmışdı. Abbas Abbasov 2013-cü ilin prezident seçkiləri ərəfəsində Moskvada siyasi fəallıq göstərməyə başlayanda oğlu Aydın Abbasov Milli Məclisdə Gəncəni təmsil edirdi. Məlumata görə, həmin ərəfələrdə Elmar Vəliyevin göstərişi ilə deputat toxunulmazlığı daşımasına baxmayaraq, Aydın Abbasov Gəncə polisi tərəfindən saxlanılmış, təhqirlərə məruz qalmışdı. Bakının müdaxiləsindən sonra Aydın Abbasov bir daha Gəncəyə ayaq basmamaq şərtilə sərbəst buraxılmışdı.

Bu şərti irəli sürən isə təbii ki, Elmar Vəliyevdən başqası deyildi. Sonrakı illərdə isə Abbas Abbasovun yaxın ətrafı və qohum-əqrəbası Gəncədə təqiblərə məruz qalmışdı. Bu baxımdan Aydın Abbasovun Elmar Vəliyevin güllələnməsinə tikanlı münasibəti təsadüfi deyil…


Xəbər lenti