Ermənilər Bolqarıstanda təhdidə keçdi – Qarabağ həqiqəti...

Ermənilər Bolqarıstanda təhdidə keçdi – Qarabağ həqiqəti...
Ermənilərdən başqa şey gözləmək olmazdı.

Bu sözləri Axar.az-a Bolqarıstanın BTV kanalında Qarabağ həqiqətlərindən bəhs edən filmin nümayişindən sonra ermənilərin bu ölkədə təxribatı və təhdidləri haqda danışan politoloq Elxan Şahinoğlu deyib.

"Erməni lobbisi fəaliyyət göstərdikləri ölkədə hər zaman saxta erməni soyqırımını tanıtdırmağa çalışır. Ancaq bunun əksi olanda, reallığı göstərəndə ermənilər dərhal ciddi narahatlıq keçirir. Çünki həqiqətlərin yayılması onların onillərdir apardığı yalançı təbliğatı məhv edir. Məhz buna görə ermənilər Bolqarıstanın BTV kanalında Qarabağ həqiqətlərindən bəhs edən filmin nümayiş olunmasına bu cür reaksiya verirlər. Filmin qısa müddətdə rezonans doğurması əslində çox şeydən xəbər verir. Ermənilər nə qədər çalışsalar da, Qarabağ həqiqətlərini ört-basdır edə bilməyəcəklər. Düşmən açıq şəkildə nəinki cəbhədə, hətta informasiya savaşında da bizə uduzur”, - siyasi şərhçi bildirib.

Politoloq bildirib ki, düşmənin Bolqarıstanın sözügedən televiziyasına qarşı təzyiqi yolverilməzdir:

"Azərbaycanın informasiya təbliğatında da Ermənistanı üstələməsi Qarabağ məsələsində Bakıya bir sıra üstünlüklər qazandıracaq. Azərbaycan ədaləti yayımlayan və onun yanında olan həmin televiziyaya dəstək nümayiş etdirməlidir. Bu, çox önəmlidir, çünki həmin televiziya Xocalı soyqırımı ilə bağlı real həqiqətləri ortaya qoyub. Hazırda zaman və şərait Bakının xeyrinə işləyir. O üzdən hər hansı addım atmasaq, onlar təzyiq qarşısında geri çəkilə bilərlər”.

Qeyd edək ki, Bolqarıstanın BTV kanalında Qarabağ həqiqətlərindən bəhs edən film nümayiş olunub. İvan Qeorqiyev və Boris Pintevin ərsəyə gətirdiyi "Spomeni ot Karabax” filmində Ermənistanın Azərbaycana qarşı təcavüzü əks olunub.

Filmdə erməni vəhşiliyi, Xocalı soyqırımı və digər qətliamlar, təmas xəttində mövcud durum və s. obyektiv həqiqətlər bolqar tamaşaçılarına təqdim edilib.

Film qısa müddətdə rezonans doğurub. Bunun ardınca filmdəki həqiqətləri həzm edə bilməyən ermənilər jurnalistlərə və televiziyaya qarşı hücuma keçiblər. Onlar hətta təhdidə də əl atıblar.
Загрузка...

Xəbər lenti