«Facebook»a meydan oxuyanlar – YENİ MEDİA DÖVRÜ

«Facebook»a meydan oxuyanlar – YENİ MEDİA DÖVRÜ
Sosial şəbəkələr media biznesini necə dəyişdi
 
Sosial şəbəkələr cəmiyyətdə informasiya partlayışı və fasiləsiz məlumat axını yaratmaqla yanaşı, dünyanın media biznesini də dəyişib. Feysbukun gətirdiyi yeniliklər və ənənəvi mətbuatın bu yeniliklərə uyğunlaşaraq necə dəyişməsi bu günlərdə Vyanada Avropa Qəzetçilər Konqresində (European Newspaper Congress) müzakirə edildi.
Qeyd edək ki, Avropa Qəzetçilər Konqresinin təsisçisi Yohan Oberauerdir. Avropanın ən aparıcı ənənəvi və çap mediasının toplandığı tədbir Oberauer Fondu tərəfindən təşkil edilir.
 
Feysbuk və digər sosial şəbəkələrin yaratdığı problemlərin qızğın müzakirə edildiyi bir vaxtda Avropanın aparıcı mətbuat orqanları artıq yeni reallıqlara uyğunlaşmağa başlayıblar. Bəziləri isə bu mübarizədə Feysbukun özünə də meydan oxumaqdan çəkinmirlər. 
 
Feysbuk VS ənənəvi mətbuat
Hələ ötən il bizə müsahibə verən Yohan Oberauer bildirmişdi ki, sosial şəbəkəoər ənənəvi mətbuatı təkcə reklam gəlirlərindən deyil, həm də oxuculardan və obyektiv məlumatlardan məhrum edirlər. Bu ilki konqress isə göstərdi ki, Avropa mətbuatı sosial şəbəkələrlə rəqabətə hazırdır.
Feysbukun meydana daxil olması ilə ənənəvi və onlayn media bir neçə istiqamədə dəyişməyə başlayıb. Bunlar texniki imkanlar, kontent, eləcə də reklam və kontent üsullarıdır.  Qəzetlər texniki yeniliklərdən getikə daha çox istifadə etməyə, sosial şəbəkələrdəki məlumat bolluğuna analiz və maraqlı rəylərlə cavab verirlər. Ən əsası, ənənəvi media öz gəlir mənbələrini də diversifikasiya etməyə başlayıblar. İndi ənənəi realm gəlirləri ilə yanaşı, abunəçilik və ödənişli kontent də aktual olmağa başlayıb.

5 Meqabaytlıq yaddaşın tarixi
Konqresdə çıxış edən "Burda” Media Holdinqinin baş direktoru Filip Uelt (Philipp Welte) qeyd edir ki, son on illiklərdə baş verən sürətli rəqəmsallaşma həyatımızı tamamilə dəyişib: «Təsəvür edin 1956-cı ildə 5 meqabayt yaddaşı olan cihazın çəkisi 2 ton idi». Müqayisə üçün bildirək ki, bu gün isə elə haqqında danışılan konqresdə ortabab smartfonla çəkilən bir şəklin həcmi 5 Meqabaytdan böyükdür.

Filip Uelt bildirdi ki, hazırda  insanlar vahid informasiya məkanında yaşayırlar: Minlərlə cihazlar bir-birləri ələ əlaqadırdır. Hətta zəngli saat da bizi vaxtından tez oyada bilər, çünki küçədə tıxac var. Soyuducuda ərzaq qurtaranda qurğu özü avtomatik olaraq ərzaq sifariş edir, futbol köynəyimiz isə bədənimiz haqqında məlumatları dərman şirkətlərinə ötürə bilər».
Bütün bu yeniliklər mediaya da təsir edir: «İndi jurnalistlərdə tayminq anlayışı itib, hər şey fasiləsiz və operativ baş verir».
Nəticədə reklam bazarı da dəyişib – araşdırmaar göstərir ki, "Google” və "Facebook” Avropanın media bazarının 40 faizinə nəzarət edir.
 
Şirkət rəhbəri deyir ki, media bu vəziyyətdə inkişaf üçün yollar axtarır: «Bəziləri bunun üçün sadəcə marketinq və reklamı artırırlar. Amma bu o qədər də ffektli deyil və gələcəkdə bankroktluğa səbəb olur». Onun sözlərinə görə, heç rəqəmsallaşma da çıxış yolu deyil: «Doğrudur, bunun effekti olur, amma bu müvəqqətidir. Əsas yenilik yanaşmaların dəyişməsidir».
 
Bir neçə il əvvəldən yeni ideyalar və idarəetmə üsulları  tətbiq edən şirkət vəziyyətdən çıxa bilib: «Bizim  nəşriyyat evində 2 mindən artıq işçi var və bunların yarısı 2014-dən sonra gəlib. Bizim dəyişikliklərimiz bir neçə istiqaətlidir. Bunlardan biri müəssisənin idarə edilməsidir. Söhbət puldan deyil, tələb olunan istedadları toplayaraq optimallaşdırmadan gedir».
Dəyişikliklər nəticəsini verib: «2017-ci il bizim üçün tarixi oldu, digər mənbələrdən gəlirlərimiz reklam gəlirlərimizi üstələdi».
 
Reklam bazarına arxayın olmayın
Feysbukun mənfi təsirini İsveçrənin Tamedia qruppu da his edib. İsveçrədə demək olar ki, bütün qəzetləri Tamedia dərc edir, şirkətin 12 pullu qəzeti, o cümlədən kənd qəzetləri var. Şirkətin rəhbəri Artur Rutisauşer (Arthur Rutishauser)  bildirir ki, sosial şəbəkələr Tamedianın reklam bazarını 35 faiz azaldıb. Bundan nəticə çıxaran şirkət biznesini optimallaşdırır. Bir neçə il bundan əvvəl başlanan 2020 layihəsinə görə, şirkətin bütün qəzetləri iki redaksiyadan idarə olunacaq: «İstəyirik ki, qəzetlər təkcə başlıqlarla deyil, həm də daxilinə görə, cəlbedici olsun. Eləcə də faktlardan deyil, rəylər və analizlərdən də istifadə edirik».
Şirkətin gəlir üsulları da dəyişib: «Biz təkcə reklama deyil, həm də ödənişili kontentə başlamalıyıq. Çünki reklam bazarına tam arxayın olmaq olmaz».
 
«Məlumatları FB-da bölüşmək fikrim yoxdur»
N-tv.de şirkətinin nümaynədəsi Tilman Arets (Tilman Aretz) isə Feysbukun özünə meydan oxuyur: «Bizim devizimiz köhnədir. Konntent – kraldır. Əksəriyyət bu yanaşmanı köhnəlmiş saysa da, hesab edirəm ki, bütın ciddi redaksiyalarda bu belədir».
 
N-tv.de media sektorundakı yeniliklərə inanılmaz reaksiya göstərib. Şirkət eyni adlı mobil əlavə buraxıb, fasiləsiz iş rejiminə keçib və oxuculaın aktivliyini diqqətlə izləyərək buna uyğunlaşır.
Nəticədə hazırda bu saytın ayda 4 milyon nəfər oxucusu, 64 milyon kliki var. Son 8 ayda axucuların sayı 700 mir nəfər artıb: «Bunun nəcə baş verdiyini özüm də bilmirəm. Mənə də təəccüblü gəlir».

Şirkətin oxucu toplamaq yolundakı araşdırmaları bəzi maraqlı nəticələri ortaya çıxarıb. Məsələn, aydın olub ki, 360 dərəcəlik videolar darıxdırıcıdır, baxılmır. Şəkillərdən düzəldilən videolar da lazımi effekti vermir.
 
O ki qaldı Feysbuka, cənab  Tilmanın yanaşması fərqlidir: «Ötən il Feysbuk 40 milyard dollar gəlir əldə edib. Bütün alman mətbuatının büdcəsi isə cəmi 2 milyard dollardır. Ona görə də məlumatlarımı FB-da bölüşüb onu daha da genişləndirmək və ona pul qazandırmaqdan söhbət gedirsə, mən bu məsələyə bir sual işərəsi qoyarım».
 
«Dağın başındakı oxucuya qəzeti 4 sentə çatdırırıq»
 
Feysbuk və digər sosial şəbəkələrlə mübarizədə Avropa mediasına avropalıların qəzet oxuma ənənəsi də kömək edir.
Məsələn, Avstriyanın böyük bir ərazisində qəzet çatdırma xidmətini udan «Melo qruppa»nın kommersiya direktoru Holqer Binqmann (Holger Bingmann) isə bildirir ki, qəzetləri hətta hətta dağın başında olanlara da çatdırırlar: «Təsəvvür edin ki, bu dağın başına «Bild» qəzetini çatdırmaqla cəmi 4 sent qazanırıq».
 
Morqenblated qəzeti isə oxucuları cəlb etmək üçün tamamilə fərqli dizayna, iri şəkillərə keçib, paralel olaraq ənənəvi abunəni rəqəmsal abunəçiliyə çevirməyə başlayıb. Yəni qəzetə abunə olub onu fiziki alanlar, onu onlayn oxumağa da başlayıblar. Qəzetin təmsilçisi Kristina Ulriksen (Christina Ulriksen) bildirir ki, iki il ərzində abunəçilərin sayı 270 minə çatıb. İlk əvvəl gəlirlər azalsa da, sonradan artım başlayıb və gəlirlər əvvəlki dövrü 27% üstələyib. 2017-ci ildə 1,2 milyon əlavə gəlir qazanmışıq, Amma buna arxayın deyilik və cəhdlərimizi davam etdiririk.
 
«Oxucularımız beşikdən qəbirədək bizi oxuyacaqlar»
Şirkətin müflis olmaqdan necə qurtardığını nağıl edən «Die Zeit» qəzetinin rəhbəri Reyner Esser isə deyir ki, 20 il əvvəl işçilər biznes sinif biletlərlə Afrikaya uçub orda 3 ay qalırdılar: «Bu hal bizi müflisləşmək ərəfəsinə gətirdi, belə davam edə bilməzdi. İndi büdcəmiz daha az və səmərəlidir».  Şirkətin öz oxucularına münasibəti də dəyişib: «İndi onlara yuxarıdan aşağı deyil, tərəfdaş kimi baxırıq».
«Die Zeit»in ən böyük yeniliyi isə bütün yaşlı oxucuları əhatə etməsidir: «Oxucularımızı beşikdən qəbirədək müşayiət etmək istəyirik… Biz hesab edirik ki, oxucularımızı uşaq vaxtından cəlb etməliyik. Bizim uşaq jurnallarımızı artıq 5 yaşı olan uşaqlar oxuya bilər».
 
Azərbaycan mediası da nəticə çıxarmalıdır
Sosial şəbəkələr, xüsusilə Feysbuk Azərbaycanda da populyar olduğuna görə, onun gətirdiyi yenilikləri və yaranmış oşxar vəziyyəti Azərbaycan mediası və oxucuları da hiss edir. Ona görə də, Avropa mediasının istifadə etdiyi üsullar milli mətbuat üçün də maraqlıdır. "European Newspaper Congress – 2018”də Azərbaycanın media nümayəndələri – FED.az biznes-maliyyə xəbərləri portalı və «Report» agentliyinin təmsilçiləri də iştirak edirdi. Azərbaycan mediasının "European Newspaper Congress – 2018”də iştirakı "Japan Tobacco International” (JTI) şirkətinin tərəfdaşlığı ilə həyata keçirilib. Ümumilikdə, 500-dək media təmsilçisini bir araya gətirən Konqressdə aparıcı media qurumlarından 47 nəfər 31 mövzuda məruzə ilə çıxış ediblər.
 
FED.az "European Newspaper Congress – 2018”də iştirakına şərait yaratlığına görə, "Japan Tobacco International” (JTI) şirkətinin Azərbaycan nümayəndəliyinə təşəkkürünü bildirir.
 

Загрузка...

Xəbər lenti