"Fədayənin "Qoca" ilə görüşməsinə icazə verməmişəm"-Avtoritetlərin qaçışında ittiham olunan komandir

Bu gün Bakı Apellyasiya Məhkəməsində məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Elmar Rəhimovun sədirliyi ilə keçirilən prosedə Penitensiar xidmətin tabor komandiri Bəhruz Abdullayev çıxış edib.

İttihamları qəbul etmədiyi deyən B.Badullayev 21 il nazirlikdə xidmət etdiyini söyləyib.

B.Abdullayev bildirib ki, F.Laçının "Qoca" ləqəbli Etibar Məmmədovla görüşməsinə icazə verməyib. O qeyd edib ki, E.Məmmədova hər zaman kini olub: "Etibar 1998-ci ildə "moleletka"da 3 nəfərlə birləşib, bizim əməkdaşımızı öldürüb. Mənim elə bir cinayətkarın kimləsə qanunsuz görüşməsinə, qaçmasına necə şərait yaratmağımı düşünürsünüz? Mənliyimi, 21 illik namuslu xidmətimi ləkələmərəm. Mən dövlətimizə, komandirlərimə xəyanət etmərəm. Düzdür, səhlakarlığım olub, öz əməkdaşlarıma inanmışam. Baş verən hadisəyə görə məni bağışlayın".

Daha sonra söz çıxış üçün dövlət ittihamçısına verilib. Lakin o, çıxışa hazır olmadığını deyib.

Məhkəmənin növbəti iclası aprelin 22-nə təyin edilib.

Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvətalma) maddəsi isə ittihamdan xaric olunub. Hökmdən narazı qalan F.Laçın və digərləri apellyasiya şikayəti veriblər.

mənbə: olke.az

Загрузка...

Xəbər lenti