Gəncənin deputatı: “Nardaranda öz niyyətlərinə çata bilməyən qüvvələr bu dəfə Gəncəni seçdilər”

Gəncənin deputatı: “Nardaranda öz niyyətlərinə çata bilməyən qüvvələr bu dəfə Gəncəni seçdilər”
"İyunun 3-də Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd hadisəsinin terror aktı olması rəsmi mənbələr tərəfindən də təsdiq edilib.  Hətta cinayətkar Yunis Səfərovun həyat yoldaşının iki dəfə video yayımla müraciəti yayıldı. Həmin video müraciətdən də bəlli olur ki, bu hadisə şiə  fundamentalizminin təsiri altında törədilmiş terror aktıdır”.

Bunu Modern.az-a açıqlamasında Gəncə şəhərinin deputatı Musa Quliyev icra başçısına qarşı  sui-qəsdə münasibət bildirərkən deyib.

Deputat təəssüf hissi ilə qeyd edib ki, məlum hadisəyə sosial şəbəkələrdə və bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) qeyri-adekvat reaksiya verilib.

"Terrorçunun əməlini dəstəkləyənlər və onu Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla eyniləşdirmək istəyənlər ortaya çıxdı. Gəncənin deputatı və bir ziyalı olaraq bu məsələ məni çox narahat edir. Ekstremal vəziyyətdə təmkinli davranmaq, həmişə dövlətimizin yanında olmaq içtimai sosial mənşəyindən asılı olmayaraq hər kəsin vətəndaşlıq borcu olmalıdır. Hətta bəzi "siyasətçilər” bu hadisənin olmasını başqa məcralarda izah edərək, məişət mövzusuna endirməyə çalışdılar. Bu da qəbul olunan deyil. Prezidentin yerdəki nümayəndəsinə sui-qəsd edilirsə, səbəbindən və şəxsi münasibətlərdən asılı olmayaraq, bu, pislənməlidir. Həmçinin,  sosial şəbəkələrdə bəzi fikirlərin çox güman ki, radikal yönümlü və xaricdən dəstəklənən qüvvələr tərəfindən yayılması da sirr deyil.

Amma bütövlükdə Gəncə ictimaiyyətinin, ziyalılarının hadisəyə fikri tamamilə fərqlidir. Mən hadisə baş verən günün səhəri sizin sayt vasitəsilə verdiyim açıqlamada gəncəlilərin bu hadisəyə çox hiddətləndiyini bildirmişdim. Son günlər biz mətbuat vasitəsilə Gəncə sakinlərinin, ziyalılarının icra başçısı Elmar Vəliyevə münasibətini ifadə edən fikirləri oxuyuruq. Heç şübhəsiz ki, dövlətini və vətənini sevən hər bir şəxs bu terror aktını pisləməlidir. Və pisləyir də. Fürsətdən istifadə edərək deputat həmkarlarıma Gəncənin deputatı olaraq təşəkkürümü bildirirəm ki, çox sağlam mövqe nümayiş etdirdilər. Heç şübhəsiz ki, Elmar müəllimin Gəncədə gördüyü işlər şəhər sakinlərinin ürəyincədir. Cənab prezidentin dəstəyi və icra başçısı Elmar Vəliyevin zəhməti ilə Gəncədə olduqca böyük işlər görülüb. Yeni parklar salınıb, binalar tikilib, sosial infrastruktur yaradılıb, iş yerləri açılıb və s. Elmar Vəliyev Gəncədə ictimaiyyətə açıq icra başçısı kimi tanınır.. . Elmar müəllim həmçinin Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatının yardılmasında təşəbbüs qrupunun rəhbəri olub. Həm də partiyamızın çətin günlərində ən fəal üzvlərindən, dəstəkçilərindən biri olub. Yadımdadır ki, 1988-ci ildə ilk dəfə ulu öndər Heydər Əliyevi müdafiə edən mitinq Yevlaxda keçirilib. Həmin mitinqə də Şahmar Vəliyev rəhbərlik edib. Buradan da görünür ki, Elmar Vəliyev və onun ailəsi ulu öndərin kursunun, cənab Prezidentin sadiq əsgərlərindəndir”.

M.Quliyev deyib ki, hüquq-mühafizə orqanları nəyə görə radikal dini qruplaşmaların Gəncəni hədəf seçidiyini araşdıracaq.

"Hesab edirəm ki, bir səbəb ondan ibrətdir ki, Gəncə tarixən milli mənəviyyatımıza, ənənəmizə və dinimizə bağlı şəhər kimi tanınıb. Tarixi "İmamzadə” kompleksinin burada olması, Gəncənin el arasında İmam Hüseyn şəhəri kimi tanınması faktı da terrorun məhz bu şəhərdə planlaşdırılmasına bəhanə olmuşdur. Bəlkə də onlar bu faktın üzərinə gəlməklə, hətta terrorçunun "İmamlarımızın qisasını alıram” fikrini deməsi ölkədə dini zəmin üzərində qarışıqlıq yaratmaqdır. Bildiyimiz kimi, həmin hadisə zamanı Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) qəza baş vermişdi. Ölkə ərazisində elektrik enerjisinin verilməsində problemlər yaranmışdı. Məhz hadisənin həmin vaxt baş verməsi də bu niyyəti güdür.

Amma onlar bu terror aktını planlayarkən bir məsələdə ciddi yanılmışlar. Çünki cənab prezident insanların dini etiqad azadlığını rahat həyata keçirməsi üçün ölkədə hər cür şərait yaratmışdır. Yüzlərlə məbədimiz, ziyarətgahlarımız, məscidlərimiz əsaslı təmir olunmuş, inanclı insanlarımızın istifadəsinə verilmişdir. Bu sırada tarixi "İmamzadə” kompleksinin bərpası üçün kifayət qədər böyük işlər görülmüşdür. Cənab prezidentin xüsusi qayğısı ilə deyərdim ki, "İmamzadə" kompleks i yenidən yaradıldı. Haqq xatirinə demək lazımdır - Gəncə ilə əlaqəsi olan hər kəs mənim bu sözlərimi təsdiq edə bilər - Elmar müəllim ömrünün 3 ilini "İmamzadə” kompleksinin bərpasına həsr edib. Mən özüm şahidəm ki, Elmar müəllim bu məsələnin üzərində gecə-gündüz çalışırdı. İmam övladının yolunda bu qədər zəhmət çəkən, ona abidə kompleksi yaradan bir insana terror etmək, güllə atmaq din qeyrəti çəkməkdirmi? Əsla yox! Terrorçunun milliyəti , dini, Allahı olmaz!

Hesab edirəm ki, Nardaranda öz niyyətlərinə çata bilməyən dağıdıcı qüvvələr yəqin ki, yeni mərkəz axtarışı üçün Gəncəni seçmişdilər. Hadisə ilə bağlı aparılan araşdırmalar nəticələri ortaya qoyacaq”.


Deputat icra başçısı Elmar Vəliyevi və onun mühafizəçisi Qasım Aşbazovun sağlıq durumunun normal olduğunu bildirib.


"Hesab edirəm ki, Elmar müəllim qısa müddətdə işinin başına dönəcək”.           
            

Qeyd edək ki, Yunus Səfərov adlı şəxs bu il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hüquq-mühafizə orqanlarının birgə məlumatında Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayəti məqsədyönlü şəkildə həyata keçirdiyi, əvvəlcədən planlaşdırılmış terror aktı olduğu qeyd edilib.

Загрузка...

Xəbər lenti