Heç kim peyğəmbərlik etməsin - Gəncə hadisəsi media kapitanlarını AYAĞA QALDIRDI

Heç kim peyğəmbərlik etməsin - Gəncə hadisəsi media kapitanlarını AYAĞA QALDIRDI
Ötən gün ölkənin strateji baxımdan ən əhəmiyyətli bölgələrindən biri olan Gəncədə dini yönümlü bir qrup radikal şəxs şəhərin İcra Hakimiyyətinin inzibati binasının önündə qeyri-qanuni aksiya keçirib. İğtişaş zamanı hadisənin qarşısını almağa çalışan və öz xidməti vəzifəsini icra edən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov qətlə yetirilib.

Bu qətl hadisələri cəmiyyətdə şok effekti yaradıb. Ölkənin ziyalı, ictimai xadimləri hadisənin kəskin qınaq obyektinə çevrilməsini tələb ediblər.

Publika.az Gəncə hadisələri ilə bağlı media kapitanlarının fikirlərini oxuculara çatdırır.

"Yeni müsavat” saytının baş redaktoru Rauf Arifoğlu bildirdi ki, Gəncədə baş verən hadisələri din pərdəsi altında təqdim etməyə çalışırlar:

"Dünən baş verənlər Azərbaycana qarşı böyük bir təxribatdır və kənar qüvvələrin təsirləri sayəsində həyata keçirilib. Hadisə Gəncə dindarlarının üsyanı deyil. Əlimizdə olan məlumatlar da onu göstərir ki, ümumiyyətlə, həbs olunanların arasında gəncəlilər yoxdur. Hadisə zamanı iki polis həlak olub. Onları öldürənlərdən biri kriminal ünsürdür, daha əvvəl adam öldürdüyünə görə həbsdə yatıb. Belə insanları hər hansı formada dəstəkləmək onun törətdiyi cinayətə ortaq olmaq deməkdir.

Ümumilikdə, hadisə Azərbaycana qarşı xain qəsddir, Azərbaycan dövlətinə təzyiqdir. Dövlət şantaj olunur. Və bütün baş verən proseslər heç də Gəncənin sui-qəsdə məruz qalan icra başçısı Elmar Vəliyevə qarşı çıxış prosesi deyil, əksinə Elmar Vəliyevin adını bəhanə edərək onun Gəncə və respublikadakı zəif reytinqindən istifadə edərək Gəncə vasitəsilə Azərbaycanda qarışıqlıq salmaq cəhdidir. Hər kəsi ayıq olmağa çağırıram: ziyalılarımız, feysbuk istifadəçilərini. Ola bilər ki, bəzi insanlar səmimi şəkildə Elmar Vəliyevin yenidən vəzifəyə qayıtmamasını istəyirlər. Ancaq bu proses onların arzu etdiyi proses deyil. Bu, kənar qüvvələrin təxribatıdır. Belə hadisələrə feysbukda layk işarəsi qoymaq belə, dəstək olmaq deməkdir. Bunun tam əksinə, dövlətin yanında olmaq və meydanlara axışıb Azərbaycan polisini xəncərlə qətlə yetirən şəxslərə "dur” demək lazımdır. Mən xatırlayıram, prezidentin köməkçilərindən biri, konkret olaraq, Əli Həsənov 11 aprel seçkisi ərəfəsində çıxış edərkən açıq şəkildə bəyan etdi ki, Azərbaycanda prezident seçkiləri ona görə növbədənkənar keçirildi ki, ölkədə yarana biləcək qarışıqlıqdan təxribat törətmək üçün istifadə edilməsin”.

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı qeyd etdi ki, belə təxribat xarakterli hadisələr Azərbaycanın gələcəyinə atılmış daşlardır:

"Təəssüf doğuran hadisələr baş verir. Belə olaylar hər birimizə mənfi mənada təsir göstərir. Hər bir dövlətin əsası, onun inkişafı, ilk növbədə, sabitliyi ilə bağlıdır. Təəssüf edirəm ki, bu sabitliyi pozan təxribatçıların və kənardan istiqamətləndirilən, dini təriqətlərin, dini separatçıların istifadə etdiyi bir vəziyyət yaranıb. Bu da Gəncənin icra başçısının sui-qəsdə məruz qalmasından sonra yaranan vəziyyətdir. Gəncənin icra başçısına atılan güllələr dövlətin təhlükəsizliyinə atılan güllələr idi. Onun sui-qəsdini sosial şəbəkələrdə tirajlayan və təqdir edən şəxslərin ifadələrindən də bilinirdi ki, bu hadisə bir qrup şəxsin işidir.

Gəncə Azərbaycanın ən qədim tarixə mədəniyyətə malik şəhəridir. Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olub. Gəncəlilər, ümumiyyətlə, bu prosesdə iştirak etməyiblər. Bunu Gəncədə yaşayan yaxın insanların verdiyi məlumatlara əsasən deyirəm. Sosial şəbəkələrdəki rəylər də bunu sübut edir. Məlumdur ki, hadisə Azərbaycan müstəqilliyini istəməyən, onun ərazi bütövlüyünə qəsd etməyə hazır qüvvələrdir ki, belə təxribatları din pərdəsi altında həyata keçirirlər. Əslində onların dini kimlikləri də bəlli deyil, sual altındadır. Bu baxımdan hesab edirəm ki, belə hadisələr bizi düşündürməlidir. Azərbaycan bizimdir, vətənimizdir. Onun müstəqilliynə atılan daşlar hər birimizin gələcəyinə, övladının gələcəyinə atılır. Hesab edirəm ki, qısa müddətdə hadisələrə şəffaflıq gətiriləcək”.

Millət vəkili Aqil Abbas məsələnin birbaşa dinlə bağlı olmadığını vurğuladı:

"Törədilən hadisənin adı cinayətdir. Azərbaycanın iki şərəfli polis məmuru qətlə yetirilib. Düşünülmüş hadisədir. Çünki yüksək rütbəli zabitləri seçiblər. Daha böyük gərginlik yaratmaq üçün bu üsula əl atıblar. Bu işin arxasında da böyük qüvvələr var. O ki qaldı, hadisənin dini zəmində baş verməsi məsələsinə, dini radikalizm deyə bir şey var. Amma mən bu hadisənin səbəblərini dinlə bağlamıram. Öldürülən polsilərdən biri - Səməd Abbasov əhli-şiədir. Qardaşı Gəncənin axundudur. Mənə elə gəlir, hadisələrə dini don geyindirməklə əsl məqsəddən yayındırmağa çalışırlar. Burada dinin, xarici və daxili qüvvələrin rolunu istintaq araşdırıb yekun nəticəni ortaya qoyacaq. Bu məsələdə heç kim peyğəmbərlik edə bilməz”.
Загрузка...

Xəbər lenti