"Hər an Qarabağda müharibə başlaya bilər..." - Azərbaycanlı səfir

"Bu həll edilməmiş münaqişədir və bütün region üçün strateji baxımdan təhlükəli olmaqda davam edir",-Azərbaycanın Vaşinqtondakı səfiri Elin Süleymanov Fox News telekanalının efirində Qarabağ münaqişəsi barədə danışarkən belə deyib.

Virtualaz.org xəbər verir ki, telekanal mövzunu Azərbaycan və Ermənistan rəhbərləri arasında bu gün Vyanada keçiriləcək ilk rəsmi danışıqlar ərəfəsində gündəmə gətirib. Bildirilir ki, bəzi analitiklər münaqişənin nizamlanmasında nəhayət dönüş yarana biləcəyini təxmin edir. Hansı ki, illərdir tərəflər arasında insan itkisi ilə müşaiyət olunan toqquşmalar davam etməkdədir.

"Status-kvo heç vaxt dayanıqlı olmayıb. Bizdə sülhməramlı qüvvələr yoxdur. Əsgərlər bir-birinə bəzən cəmi 100 futluq məsafədən baxır. Siz kiminsə situasiyanı nə vaxt destablizasiya edəcəyini heç vaxt təxmin edə bilməzsiniz"-səfir bildirib.

"Ciddi eskalasiya üçün potensial həmişə var. Hər iki tərəf kifayət qədər silahlanıb, kifayət qədər zirehləri var-münaqişə istənilən vaxt alovlana bilər."-Elin Süleymanov əlavə edib.

Səfir deyib ki, indiki situasiyada atəşkəsin pozulması adi hallardır və tez-tez snayper atəşləri ilə müşaiyət olunur. Təxminən ayda bir dəfə snayper atışmaları artilleriya zərbələrinə keçir.

Fox News qeyd edir ki, iki ölkə liderləri Vyanada sülh danışıqları üçün bir araya gəlsələr də dalana dirənmiş nizamlama prosesində irəliləyiş olacağına ümid azdır.

"İnsanlar bu gün dalana dirənmiş bu münaqişə ilə yaşayırlar, insanlar sülh istəyirlər, nigaha daxil olmaq, sağ qalmaq, yaşamaq istəyirlər"-Süleymanov deyib.

Bildirilir ki, səfir Fox News-a Amerikadakı yəhudi diaspor təşkilatı AİPAC-ın altıncı konfransındakı çıxışından sonra müraciət edib. Və Azərbaycan yeganə müsəlman ölkəsidir ki, hər il İsrailə həsr olunmuş bu mərasimdə iştirak edir.

"Müsəlman olmaq o demək deyil ki, biz antiisrail mövqeyindəyik, bizim ölkələrimiz arasında möhkəm tərəfdaşlıq var"-Süleymanov bildirib.

loading...

Xəbər lenti