Hesablama Palatası büdcə zərfinə necə rəy verdi? - RƏSMİ

Hesablama Palatası büdcə zərfinə necə rəy verdi? - RƏSMİ
2019-cu ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsi "Büdcə sistemi haqqında” qanunun 16-cı maddəsinin tələblərinə uyğun tərtib edilib, sənəddə həmin maddə ilə müəyyən olunan bütün göstəricilər əksini tapıb. Qanun layihəsi ilə birgə təqdim edilən sənəd və məlumatlar isə "Büdcə sistemi haqqında” qanunun 12-ci maddəsinin tələblərinə uyğun şəkildə hazırlanıb, müəyyən olunmuş müddətlərdə Hesablama Palatasına da təqdim edilib. Cari ildə "Büdcə sistemi haqqında” qanuna büdcə qaydalarını müəyyən edən maddə əlavə olunub. Bu qaydaların məqsədi makroiqtisadi dayanıqlığı, maliyyə və borc intizamını təmin etməkdən ibarətdir və büdcə siyasətinin həyata keçirilməsi üçün makroiqtisadi və büdcə göstəricilərini ifadə edir.

Oxu.Az xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov dövlət büdcəsinin Milli Məclisin (MM) komitələrinin birgə iclasında müzakirəsində deyib.

2019-cu ildə dövlət büdcəsi gəlirlərinin 2018-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 3,5 faiz çox olmaqla, 22,9 milyard manat məbləğində proqnozlaşdırıldığını deyən Hesablama Palatasının sədri qeyd edib ki, 2019-cu ilin dövlət büdcəsi ilk dəfədir büdcə qaydalarının nəzərə alınması ilə tərtib edilib:

"Büdcə qaydası Strateji Yol Xəritəsində müəyyən edilmiş hədəflərin reallaşdırılması məqsədilə dövlətimizin başçısının təşəbbüsü ilə qəbul olunub. Bu qaydaların tətbiqi Prezidentin əsas hədəf kimi qarşıya qoyduğu protsiklik siyasətdən uzaqlaşmaq kimi hədəfə xidmət edir. Büdcə qaydasına uyğun olaraq, ilk növbədə icmal büdcənin xərclərinin yuxarı həddi müəyyən olunub. Həmin hədd cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin 103 faizindən çox olmamaqla xərclənə bilən neft gəlirləri ilə qeyri-neft və digər daxilolmaların proqnozunun cəminə əsasən müəyyən edilib”.

O qeyd edib ki, qeyri-neft büdcə kəsirinin hesablanması icmal büdcənin neftdən asılılığını ölçmək üçün istifadə edilən bir fiskal dayanıqlıq göstəricisidir:

"Bu baxımdan da büdcə qaydalarının bir istiqaməti məhz həmin göstəricinin həddi ilə bağlıdır. "Büdcə zərfi”ndə büdcə qaydasına müvafiq olaraq, 2019-cu ilin icmal büdcəsinin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbəti 29,5 faiz olmaqla, cari ilin göstəricisindən aşağı olmaqla proqnozlaşdırılıb və büdcə qaydalarının tələbinə əməl edilib”.

Bildirilib ki, qeyri-neft baza büdcə kəsirinin hesablanması haqqında metodoloji məlumatlar və qaydalar, neft komponentlərinə aid edilən göstəricilər barədə məlumatların "Büdcə zərfi”ndə təqdim edilmədiyi nəzərə alınaraq Hesablama Palatası dünya təcrübəsində istifadə edilən 4 ssenari əsasında qeyri-neft büdcə kəsirinin hesablanmasını həyata keçirib.

"Müxtəlif yanaşmaların tətbiqi ilə fərqli hesablamaların aparılmasında məqsəd yarana biləcək fiskal risklərin minimallaşdırılması imkanlarını müəyyən etməkdir. Tətbiq edilən yanaşmalardan istifadə etməklə aparılmış hesablamalar bu göstəricilərin 30,8 faiz, 26,2 faiz,35,4 faiz və 33,7 faiz olduğunu göstərir. Beləliklə, təqdim edilmiş qanun layihəsi, layihəni müşayiət edən sənəd və məlumatların qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edildiyini vurğulamaq istərdim”, - deyən V. Gülməmmədov diqqətə çatdırıb ki, 2019-cu ildə cari illə müqayisədə 11 tədiyyə növü üzrə artım, 5 tədiyyə növü üzrə isə azalma proqnozlaşdırılıb.

2019-cu ilin dövlət büdcəsi cari illə müqayisədə vergi gəlirlərinin azaldılması, qeyri-vergi gəlirlərinin isə artımla proqnozlaşdırılması ilə xarakterizə olunur:

"Növbəti ilin dövlət büdcəsinin vergi gəlirlərinin proqnozlaşdırılmasına bir neçə amil təsir göstərib. Həmin amilləri ümumiləşdirərək 2019-cu ilin dövlət büdcəsinin gəlirlərinin proqnoz göstəricilərinin vergi sahəsini tənzimləyən qanunvericilik aktlarında nəzərdə tutulmuş dəyişikliklər və bu sahədə aparılacaq genişmiqyaslı islahatlar, hasilatın pay bölgüsü sazişləri üzrə podratçı təşkilatların əsas kapitala yönəldilmiş investisiya xərclərinin artımı və ötən illərdə formalaşmış artıq ödəmə məbləğlərinin azaldılması istiqamətində atılan addımlar fonunda tərtib edilib. 

Qeyri-vergi gəlirlərinin artırılmasının əsas mənbələri kimi Dövlət Neft Fondundan transfert 398,3 milyon manat, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 127,6 milyon manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilən maliyyə sanksiyaları çıxış edir. Ümumiyyətlə, qeyd edək ki, neftin baza qiymətinin növbəti il üçün 9,1 faiz artırılaraq 60 dollar səviyyəsində qəbul olunması dövlət büdcəsinin neft gəlirlərinin artımına əhəmiyyətli təsir göstərmir”.

Palatanın sədri deyib ki, 2019-cu il üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği 11364,3 milyon manat, dövlət büdcəsinin gəlirlərində payı 49,5 faiz səviyyəsində və 2018-ci ilin gözlənilən icra göstəricisindən 398,3 milyon manat və ya 3,6 faiz çox olmaqla proqnozlaşdırılıb. Növbəti il üçün transfertin həcmi 2013-cü ildəki səviyyədə proqnozlaşdırılsa da, həmin dövrdə büdcədə neft sektorunun payı 73,2 faiz olub, hazırda isə bu pay 59,8 faizədək azalıb.

Bildirilib ki, növbəti ildə büdcə gəlirlərinin 15,1 faizi Dövlət Gömrük Komitəsinin payı olaraq proqnozlaşdırılıb və bu qurum vasitəsilə 2018-ci illə müqayisədə 8,2 faiz çox olmaqla 3,5 milyard manat vəsait təmin ediləcək.

"Əlverişli makroiqtisadi şərait, o cümlədən gömrük yığımlarına cəlb olunan idxal həcminin artması, eləcə də gömrük rüsumları dərəcələrinin cari ildən etibarən optimallaşdırılması Dövlət Gömrük Komitəsi xətti ilə istər vergi, istərsə də qeyri-vergi gəlirləri üzrə proqnozların artıqlaması ilə yığılacağına əminlik yaradır.

Tərəfimizdən aparılmış hesablamalar göstərir ki, növbəti ildə 100 min manat məbləğində büdcə gəlirinin yığımında Vergilər Nazirliyinin xərcləri 3,1 min manat, Gömrük Komitəsinin xərcləri isə 3,8 min manat məbləğində təşkil edəcək. Beləliklə də, yığımın artım tempi ilə müqayisədə həmin yığımı təmin edən inzibati sistemlərin xərclərinə sərf olunan maliyyə resurslarının artım tempinin daha yüksək olduğunu, büdcə gəlirlərinin yığılmasına hər iki qurum üzrə xərclərin artımla proqnozlaşdırıldığını qeyd etmək olar”, - deyə V. Gülməmmədov vurğulayıb.

Qeyd edilib ki, Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinə aid edilən sosial sığorta haqlarının yığılmasının da növbəti ildən etibarən vergi orqanlarının səlahiyyətlərinə daxil edilməsi nəzərdə tutulur.

Bu da Vergilər Nazirliyinin inzibati və digər zəruri resurslarının bu istiqamət üzrə də əlavə sərfiyyatı deməkdir.

V. Gülməmmədov bildirib ki, dövlət büdcəsinin xərcləri növbəti ilə ümum daxili məhsulun 30,2 faizi nisbətində olmaqla, 24,8 milyard manat məbləğində proqnozlaşdırılıb:

"Dövlət büdcəsinin xərclərinin strukturunda dəyişiklik nəzərdə tutulmayıb. Büdcə xərclərinin funksional təyinatlılığı baxımından 2019-cu il dövlət büdcəsinin xərcləri dövlət idarəetmə orqanları, güc strukturları, sosial siyasətin həyata keçirilməsi, investisiya və iqtisadiyyatın digər sahələri, digər xərc istiqaməti üzrə nəzərdə tutulub. 2019-cu il dövlət büdcəsinin layihəsində büdcədənkənar vəsaitlər üzrə xərclər nəzərəçarpacaq artımla proqnozlaşdırılıb – 626,6 milyon manat və ya 2018-ci illə müqayisədə 28,1 faiz çox. Bu artıma müxtəlif amillər təsir göstərib. Göstərilən xidmətlər üzrə qanunvericilik aktlarında dəyişikliklərlə yanaşı, növbəti ildə bir neçə qurum üzrə ilk dəfə olmaqla, bu xərclərin nəzərdə tutulması artıma təsir edən əsas amillər olaraq qiymətləndirilməlidir.

Ümumiyyətlə, Hesablama Palatası büdcə təşkilatlarının xərc normativlərinin hazırlanması, eyni zamanda, büdcədən maliyyələşən xərclər müəyyən edilərkən "Büdcə sistemi haqqında” qanunda göstərilən tələbin icrasını təmin etmək məqsədilə həmin qurumlar tərəfindən büdcədənkənar vəsaitlərin nəzərə alınması ilə bağlı nəzarətin gücləndirilməsini, analoji yanaşmanın publik hüquqi şəxslərə də tətbiq olunmasını təklif edir. Eyni zamanda, davamlı gəlir mənbəyi yaradan xərclərə üstünlük verilməsi, dövlət büdcəsinin xərcləri hesabına maliyyələşən publik hüquqi şəxslərin mövcud maliyyələşmə mexanizminin dəqiqləşdirilməsi, dövlət əmlakından səmərəli istifadə edilməsi və bu sahədə daxili nəzarətin gücləndirilməsini məqsədəuyğun hesab edirik”.

Palata sədri deyib ki, 2019-cu ilin dövlət büdcəsinin layihəsi müstəqillik dövrünün manat ifadəsində ən böyük büdcəsi olaraq tərtib olunub və ilk dəfə olaraq büdcə qaydaları nəzərə alınıb.

Загрузка...

Xəbər lenti