Heydər Əliyevin sərt danladığı həmsədrdən Paşinyana QARABAĞ ÇAĞIRIŞI: Ter-Petrosyan və...

Heydər Əliyevin sərt danladığı həmsədrdən Paşinyana QARABAĞ ÇAĞIRIŞI: Ter-Petrosyan və...
ATƏT-in Minsk qrupunun keçmiş rusiyalı həmsədri Vladimir Kazimirov Ermənistanın baş naziri Nikol Paşinyana təklif verib.

Panorama.az publika.az-a istinadla xəbər verir ki, Kazimirov Paşinyanla Serj Sarkisyanın görüşməsini və Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti birgə müzakirə etməsini təklif edib.

"Son dövrlər Ermənistanda daxili vəziyyət ağırlaşıb, ölkənin siyasi liderləri arasında qarşıdurmalar yaşanır. Bu vəziyyət danışıqlarda Ermənistanın mövqelərini zəiflədəcək. Qarabağ danışıqlarına görə Ermənistanda bütün siyasi güclər birləşməlidir. Hesab edirəm ki, Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan və Nikol Paşinyan təcili şəkildə görüşməli və Qarabağ məsələsini müzakirə etməlidirlər", - deyə daim Ermənistana dəstək verməsi ilə seçilən Kazimirov İrəvandakı vəziyyətdən narahat olduğunu gizlətməyib.

Qeyd edək ki, Kazimirov 1992-1996-cı illərdə ATƏT-in Minsk qrupunun həmsədri olub. O, Bişkek protokollarının imzalanması prosesində yaxından iştirak edib. Hətta protokollara Dağlıq Qarabağ separatçılarını tərəf kimi daxil etməyə cəhd edib.

Həmin vaxt dövlət müşaviri olan Qabil Hüseynli bunu belə xatırlayır: "Mərhum prezident Heydər Əliyev rusiyalı həmsədr Kazimirovla atəşkəs məsələlərini razılaşdırdı. Razılığa görə, bu Azərbaycan və Ermənistan tərəfi ilə bağlanır və orada beynəlxalq təmsilçilər iştirak etməlidir. Hamısı olmasa da müəyyən məsələlərə əməl edildi. Atəşkəsin bağlanması üçün Bişkek şəhərində toplanıldı. Azərbaycan tərəfindən orada Ali Sovet sədrinin birinci müavini Afiyəddin Cəlilov iştirak edirdi. Rəhmətlik Afiyəddin mayın 10-u səhər Heydər Əliyevə zəng vuraraq dedi ki, bura qondarma "DQR"-in nümayəndəsinin də adı salınıb. Heydər Əliyev ona dərhal geri qayıtmasının tapşırdı. Bu barədə Heydər Əliyev sonradan bizi toplayarkən məlumat verdi. Afiyəddin Cəlilov axşamüstü Bakıya qayıtdı, Kazimirov da onunla birlikdə gəlmişdi. Onda Heydər Əliyev Kazimirova dişinin dibindən çıxanı dedi. Sonra razılığa gəlindi ki, sənəddə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının da imzaları olsun. Kazimirov İrəvanla danışdı, onlar razılaşdı. Onlardan Ali Sovetin sədri imzalayacaqdı, buna görə də avtomatik olaraq Rəsul Quliyevin imzalaması məsələsi ortaya çıxdı və erməni icmasının rəhbəri ilə Azərbaycan icmasının rəhbəri, Şuşanın o vaxtkı icra başçısı Nizami Bəhmanov imzaladı. Kazimirov hazır olan sənədi imzalamaq üçün İrəvana apardı. Sonra Bakıya gətirdi və burada imzalama mərasimi keçirildi. Yəni Azərbaycan tərəfi imzaları Bişkekdə deyil, Bakıda atdı. Sənəd üç nüsxə idi. Biri Rusiyada, biri Ermənistanda, digəri isə Azərbaycanda qaldı".

Xəbər lenti