İdmançılarımız dopinq qalmaqalına görə dünya çempionatına gedə bilməyəcək – Federasiyadan AÇIQLAMA

İdmançılarımız dopinq qalmaqalına görə dünya çempionatına gedə bilməyəcək – Federasiyadan AÇIQLAMA

Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) xüsusi komissiyasının idmançılarının adı üç və daha çox hallarda dopinqdən istifadədə keçən 9 ölkəyə qarşı başladığı araşdırmalar sona çatıb. Bu ölkələr sırasında Azərbaycanın da adı var.

Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev Modern.az-a açıqlamasında rəsmi qərarın verildiyini bildirib:

“Ağır Atletika Federasiyasına tətbiq edilən 1 illik diskvalifiksiya 19 oktyabr tarixindən rəsmən qüvvəyə minib. Bu müddət ərzində Azərbaycan yığma komandasının üzvləri heç bir beynəlxalq yarışlarda iştirak edə bilməyəcək. Cəzanın səbəbi isə 4 atletimizin qanında qadağan olunmuş maddələrinin aşkar olunmasıdır. Bizdən başqa 8 ölkəyə də bu cür qərar tətbiq edilib”.

K.Məstəliyev müəyyən güzəştlərin nəzərdə tutulduğunu da qeyd edib:

“Buna baxmayaraq Beynəlxalq Ağır Atletika Federasiyası bizə güzəşt şansı da yaradıb. Belə ki, bir il ərzində müəyyən olunan meyarlara uyğun addımlar atsaq, məsələyə daha diqqətlə yanaşacaqlar.

Məsələn, biz antidopinq tədbirlərini daha da genişləndirəcəyik, dörd aydan bir seminarlar təşkil edəcəyik. Yəni bunları yerinə yetirsək, cəza 10 aya endirilə bilər. Hətta bu, 8 ay da ola bilər. 8 ay yeniyetmələrə, 10 ay bütün Federasiyaya aiddir. Bu çox vacib məqamdır. Cəzanın 1 il yox, 10 ay olması təqdirində bizim avqust və sentyabr ayında keçiriləcək vacib yarışlarda iştirak etmək ixtiyarımız olacaq”.

Qeyd edək ki, Azərbaycanın ağır atletika üzrə yığma komandası bir il müddətinə diskvalifiksiya olunduğu üçün ABŞ-ın Anahaym şəhərində (Kaliforniya) keçiriləcək Dünya çempionatında iştirak edə bilməyəcək.

Загрузка...

Xəbər lenti