Kassa çeki verməyənlərin DİQQƏTİNƏ: CƏRİMƏLƏNƏCƏKLƏR

Kassa çeki verməyənlərin DİQQƏTİNƏ: CƏRİMƏLƏNƏCƏKLƏR
Vergi Məcəlləsində nağd pul hesablaşmalarının aparıldığı təsərrüfat subyektləri və obyektlərində vergi ödəyiciləri tərəfindən nəzarət-­kassa aparatlarının quraşdırılması vəzifələri təsbit olunub.

Bu barədə Panorama.az-a Vergilər Nazirliyinin Analitik İnformasiya Mərkəzindən məlumat verilib.

Məlumatda deyilir ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, bəzi fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmaları nəzarət-kassa aparatları (NKA) vasitəsilə aparılmalıdır. Nazirliyin açıqlamasına görə, kassa çekinin verilməməsi məsuliyyət yaradır:

"Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni NKA və ya ciddi hesabat blankları tətbiq edilmədən, vergi orqanlarında qeydiyyatdan keçirilməyən və ya texniki tələblərə cavab verməyən cihazlardan istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim olunmalı çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat sanksiya tətbiq edilir. Həmçinin vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 2000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 800 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 4000 manat məbləğində sanksiya tətbirləri həyata keçirilir. Bundan əlavə təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir".

Nazirliyin açıqlamasında deyilir ki, kassa çekinin tələb edilməməsi verginin dövlət büdcəsindən gizlədilməsinə səbəb olur. Vergi orqanı müasir NKA-lar vasitəsilə (elektron məsafədən ötürmə qurğularının və ya elektron nəzarət lentinin köməyilə) vergi ödəyicisinin apardığı əməliyyatlarla bağlı bütün zəruri məlumatları əldə edə bilir:

"Ona görə də mağaza sahibləri kassa aparatlarından istifadə etməməklə vergini gizlədə biləcəyini, dövlət orqanlarını aldadacağını ağlına belə gətirməməlidir. Çünki NKA vasitəsilə aparılan nağd pul hesablaşmaları barədə bütün məlumatları ortaya çıxarmaqla, ödəyicinin hansı qanunsuzluqlara yol verdiyini sübut etmək çətin deyil. NKA-ya mədaxil olunmuş dövriyyə barədə "Z" hesabatının surəti kifayət edir ki, ödəyicinin hansı məbləğdə vergidən yayındığı müəyyən edilsin. Kassa çekinin tələb edilməsində vətəndaşlar da fəal olmalıdırlar. Çünki əksər hallarda mağaza sahibləri çek tələb etmədiklərinə və yaxud təqdim olunan çek götürülmədiyinə görə bundan sui-istifadə edirlər. Vətəndaşların çek tələb etmək vərdişinin olmaması qarşı tərəfi daha da arxayınlaşdırır".

Nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin sənədlərdə qanunvericiliklə müəyyən olunmuş məlumatların əks etdirilməsini təmin etmək NKA istehlakçısının vəzifələrinə aiddir.Vergilər Nazirliyi davamlı olaraq təşviqedici və izahedici məlumatlarla sahibkarları qanunların tələblərinə və nağd hesablaşmaların aparılması qaydalarına əməl etməyə, nəzarət-kassa aparatlarından düzgün istifadəyə, vurulmuş çekləri mütləq qaydada alıcılara verməyə dəvət edir.
Загрузка...

Xəbər lenti