“Kəskin bahalaşma ilə bağlı proqnozlar...” - İqtisadçı-ekspertdən şərh

“Kəskin bahalaşma ilə bağlı proqnozlar...” - İqtisadçı-ekspertdən şərh
"Pensiya və sosial müavinətlərin artımından sonra qiymətlərin yenidən bahalaşacağı ilə bağlı xəbərlər yayılır. Sırf Novruz Bayramı ilə bağlı ənənəvi müvəqqəti bahalaşma təbii ki, gözləniləndir və bu hər bayramda istisnasız olaraq belə olur. Çünki bayram süfrəsinə daxil olan ərzaq məhsulların birdən birə kəskim təlabat yaranır və bu da bayram ərəfəsi sözügedən məhsulların bahalanmasına gətirib çıxarır. Bayramdan dərhal sonra isə qiymətlər yenidən əvvəlki məcrasına qayıdır".

"Qafqazinfo" xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Qadir İbrahimli yazıb. O bildirib ki, hökumət bayram bahalaşmasının qarşısını almaq üçün şəhər yerlərində yarmarkalar təşkil edir, qiymətlərin süni artımına nəzarət güclənir və s. Ancaq buna baxmayaraq, bayram ərəfəsində qiymətlərə tam nəzarət mexanizmi yoxdur və bəzi ticarətçilər bayram ərəfəsi yaranan kəskin tələbatdan maksimum faydalanmağa çalışır. Bununla belə, qarşıdakı aylarda istehlak məhsulları bazarında kəskin bahalaşma ilə bağlı proqnozların ciddi əsası yoxdur və tənqidə dözmür:

"Bəzi iqtisadçılar hətta uzaqgedən hesablamalar edərək indiki qiymətləri 7 il öncəki qiymətlərlə müqayisə edirlər. Ancaq indiki qiymətlərlə 6 il öncəki qiymətləri müqayisə etmək və buna istinad edərək qarşıdakı aylarda kəskin qiymət artımları ilə bağlı proqnozlar verməyin peşəkar yanaşmadan çox uzaqdır.

Birincisi, 2012-ci ilin iqtisadi durumu indikindən bir çox gəstəricilərinə görə fərqlidir. Ən başlıcası isə 2012-ci ildə dolların kursu 78 qəpik idi, indi isə 1,7 manatdır. Yəni manat 122 faiz devalvasiyaya uğrayıb. Bu isə avtomatik olaraq idxal məhsullarının qiymətinin bahalaşmasına səbəb olub. Ancaq son 3 ildə manatın məzənnəsi sabitləşib və devalvasiya təhlükəsi yaxın illərdə gözlənilmir.

İkincisi, 2012-ci ildən indiyə kimi yanacaq, işıq, qaz, nəqliyyat xərcləri artıb ki, bu da ən müxtəlif dövrlərdə məhsulların maya dəyərinin artımına və son nəticədə qiymət artımına səbəb olub. Ancaq indiki halda enerji daşıyıcılarının və nəqliyyat tariflərinin artımı gündəmdə deyil və buna zərurət də yoxdur.

Düzdür, minimum əmək haqqı, pensiya və sosial müavinətlərin artımı müəyyən inflyasiya riskləri yaradır. Dövriyyədə pul kütləsinin həcminin artması inflyasiya riskləri yaradır. Ancaq burada cüzi qiymət artımlarından gedə bilər və kəskin bahalaşma heç bir halda gözlənilmir. Təbii ki, hökumət effektiv anti-inflyasiya tədbirləri görsə bu mərhələdən ən az itki ilə çıxmaq olar. Hökumətin davranışlarında görünür ki, qiymət artımlarında maraqlı deyillər.

Belə xəbərlər sanki ictimai rəyi çaşdırmaq, süni gərginlik yaratmaq məqsədi ilə dövriyyəyə buraxılır. Təbii ki, ölkə iqtisadiyyatının problemləri çoxdur, biznes mühitinin yaxşılaşdırılması üçün və rəqabət mühitinin təmin edilməsi üçün hökumət yeni qərarlar qəbul etməlidir. Bu mübahisə predmeti deyil. Ancaq qarşıdakı aylarda qiymətlərin kəskin artımı ilə bağlı proqnozlar peşəkar yanaşma yox, siyasi konyukturaya hesablanmış, bəlkə də sifarişli bəyanatlardır".

Загрузка...

Xəbər lenti