Məşhur aktrisa acınacaqlı vəziyyətdə - “Bit bazarında” işləyir

Məşhur aktrisa acınacaqlı vəziyyətdə - “Bit bazarında” işləyir
70-ci illərin məşhur aktrisa və müğənnisi Serpil Örümcer Avcılar mahalında "Bit bazarında” satıcı işləyir.

"Yeşilçam”da və səhnələrdə daim seçilən aktrisa Serpil Örümcer hazırda çox çətin günlər keçirir.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi işləyərək həyatını təmin etməyə çalışır. Bir vaxtlar Türkiyənin axtarılan simalarından olan S.Örümcer sənət dünyasının vəfasız olduğunu deyərək, dostlarından gileylənib. 

Qızının psixoloji probleminin olduğunu söyləyərək səlahiyyətli şəxslərdən pul yardımı istəmək əvəzinə bir işlə təmin olunmasını tələb edib:

"Berkantla evliliyimdən bir qızım var, xəstədir. İki nəvəm də var. Onlar da oxuyurlar. Təbii ki, mən də bu problemlərin öhdəsindən çətinliklə gəlirəm. Bakırköydə bir yerimiz vardı oranı uçurdular. Bundan sonra da ortada qaldım. Sonra bələdiyyə bizə yer vermədi. Zəhmət çəkib bizimlə görüşmədilər. İşləməyi sevirəm, nə olsa da işləməyin ayıb tərəfi yoxdur. Bəzi yaxınlar, dostlar mənə sahib çıxdı, Allah razı olsun.

Gözümdə katarakt var. Mən də bunun müalicəsini arxa plana atmışam. Bu da problem yaradıb. Görmək problemi yarana bilər. Buna da şükür deməkdən başqa çarəmiz yoxdur.

Əgər şöhrətiniz, pulunuz varsa sizi hər zaman izləyirlər, sizdən əl çəkmirlər. Amma bütün bunlar bitirsə təəssüf ki, salam da vermirlər. Mən pis insanların qəzəbinə uğradım. Dost, ya düşmən olduqlarını öyrəndim.

Televiziya kanallarına çıxdım.Mənə iş verin, heç kimə əl açmayım dedim. Bu vaxt İbarahim Tatlısəs çıxdı və "Mənimlə çalışarsanmı Serpil Örümcer?’ dedi. Mənə menecerinin telefon nömrələrini verdi. Biz özü ilə heç cür əlaqə saxlaya bilmədik. İş versə də, verməsə də sağ olsun”.

Qeyd edək ki, 1967-ci ildə "Milliyet” Qəzeti tərəfindən təşkil olunan Gözəllik yarışmasından sonra diqqət çəkən Serpil Örümcer, daha sonra "Samanyolu” mahnısı ilə tanınan müğənni Berkantla ailə qurdu. Bu evliliklə də o növbəti dəfə özündən söz etdirdi.


Xəbər lenti