Mustafa Kamal Atatürk Britaniya kəşfiyyatının hesabatlarında: onun haqqında nə deyilirdi?

Mustafa Kamal Atatürk Britaniya kəşfiyyatının hesabatlarında: onun haqqında nə deyilirdi?

Bundan 100 il əvvəl hazırlanmış kəşfiyyat hesabatlarından görünür ki, Mustafa Kamal Atatürk 1919-cu ilin may ayında Samsuna gedəndən və Anadoluda müxtəlif toplantılarda mübarizəni təşkilatlandırmağa başlayandan sonra ingilislər onun haqqında daha çox məlumat toplamağa başlayıblar.

Britaniya kəşfiyyatının 1919-cu illərin axırlarına təsadüf edən ilk dəyərləndirmələrində Mustafa Kamal və Anadoluda başlayan hərəkat "inqilabçı və təhlükəli" olaraq qiymətləndirilir, bildirilir ki, ona qarşı çıxanlar dəstəklənməli, rəqiblərinin bir araya gəlməsi təşviq edilməlidir.

BBC Türkcə Britaniya dövlətinin "Britaniya kitabxanasında" saxlanan, gizliliyi artıq ləğv edilmiş kəşfiyyat hesabatları və rəsmi sənədləriylə tanış olub.

Bu sənədlər 2019-cu ilin oktyabr-dekabr aylarında Türkiyədəki Britaniya məmurlarının Londondakı qurumlara Mustafa Kamal və Anadoluda yeni-yeni təşkilatlanmağa başlamış hərəkatla bağlı hesabatlarından və ilk dəyərləndirmələrdən ibarətdir.

Sənədlərin arasında atəşkəs zamanı İstanbulda olan Britaniya Ali Komissarlığının, kəşfiyyat məmurlarının və ordu komandirlərinin Londondakı müharibə və xarici işlər nazirliklərinə göndərdikləri hesabatlar da var.

Hesabatlarda Britaniya rəsmiləri qeyd ediblər ki, Anadoluda hələ yeni təşkilatlanan milli hərəkat xalqın dəstəyini toplamağa başlayıb və Osmanlı imperiyasının taleyini müəyyənləşdirəcək razılaşmada ağır şərtlər olarsa, proses silahlı müqavimətə çevrilə bilər.

Britaniyalılara görə, Anadoluda təşkilatlanan milli mübarizə İzmirin işğalına xalqın reaksiyası sayəsində daha da güclənən bir təşkilatlanma halına gəlib.

Sənədlər atəşkəs dönəminə, Sevr müqaviləsindən əvvələ aiddir

Hesabatlar I Dünya Müharibəsində qalib gəlmiş (1918) "Antanta" dövlətlərinin Osmanlı imperiyasıyla imzaladığı Mondros atəşkəsindən bir il sonrakı dövrü əhatə edir.

Mustafa Kamal 19 may 1919-cu ildə Osmanlı ordusunun müfəttişi olaraq Samsuna gəlmiş, əvvəlcə Amasyada təlimat hazırlayaraq yaymış, ardınca da Sivas və Ərzurumda konfranslar keçirmişdi.

Tarix dərnəyinin rəhbəri və İstanbul Universitetinin müəllimi professor Mehmet Ö. Alkan
Image captionTarix dərnəyinin rəhbəri və İstanbul Universitetinin müəllimi professor Mehmet Ö.Alkan

Tarix dərnəyinin rəhbəri və İstanbul Universitetinin siyasi biliklər fakültəsinin müəllimi professor Mehmet Ö.Alkan deyir ki, 1919-cu ildə baş verənləri anlamaq üçün 30 oktyabr 1918-ci il tarixində imzalanmış Mondros atəşkəsinə baxmaq lazımdır.

Atəşkəsdən sonra Britaniya ordusunun təmsilçiləri İstanbul, Samsun və Qərbi Anadoluya nəzarət edib, İzmiri Yunanıstan ordusu işğal edib, İtaliya isə Antalya ətrafına qoşun çıxarıb.

Professor Alkana görə, 20-ci əsrin ən uzun ilini müəyyən etmək lazım gəlsə, bu, 1919-cu il olar: "Türkiyə üçün də, dünya üçün də hər şey yenidən başlayırdı, sanki kartlar yenidən paylanırdı. 1919-cu il çox maraqlı il olub".

Alkan qeyd edir ki, o vaxt Fransa tez bir zamanda müharibəni dayandıracaq razılaşma imzalanmasını istəsə də, Britaniya Türkiyəylə bağlı üç fərqli baxışın ortaya çıxdığını bildirib:

"Birincisi baş nazir Lloyd George-un təmsil etdiyi təklif idi - Osmanlı imperiyasının dərhal bölüşdürülməsi. Qərbi Anadolunun və Trakyanın Yunanıstan tərəfindən işğal edilməsini və türklərin Anadoludan tamamən çıxarılmasını nəzərdə tutan radikal bir yanaşmaydı.

O dövrün müharibə naziri Winston Churchill-in təklif etdiyi ikinci variantda radikal razılaşmanın türkləri bolşevizmin qucağına itələməsindən ehtiyat edilir və daha yumşaq şərtlər nəzərdə tutulur.

Üçüncü variantsa Hindistan müsəlmanlarının qəzəbindən çəkinən prezident Edwin Montagu-nun təklifiydi - İstanbulun dərhal türklərə təslim edilməsi və xilafətin qorunması".

Alkan Britaniya kəşfiyyatının hesabatlarında "milliyyətçi hərəkat" kimi göstərilən milli mübarizənin "milli hərəkat" adlandırılmasına da diqqət çəkir.

FOTO

İlk hesabat 1919-cu ilin oktyabr ayının əvvəllərində yazılıb

Mustafa Kamalla bağlı ilk kəşfiyyat hesabatı 9 oktyabr 1919-cu ildə tərtib edilib. Hesabat o vaxt Britaniyanın işğalı altında olan Misirdəki kəşfiyyat qurumu tərəfindən, fransızlardan alınan sənədlər əsasında hazırlanıb.

"Mustafa Kamal və milliyyətçi (milli) hərəkat" adı verilmiş sənəddə hərəkatın bütün ölkə miqyasında İstanbul hökumətinə müxalif olduğu və Türkiyənin ərazi bütövlüyünü müdafiə etməklə yanaşı, mandat sisteminə qarşı çıxmadığı da bildirilib:

"Bu hərəkat Yunanıstanın İzmiri işğalıyla başlayıb, ardınca tərəfdarları artıb və Türkiyə heyətinin Parisdən qayıtması, yunanların İzmirdəki hərəkətləri, italyanların Antalyaya girməsi və erməni-kürd problemindəki qeyri-müəyyənlik səbəbindən güclənib. Ordunun yardımı sayəsində hərəkatın geniş miqyaslı siyasi mübarizəyə çevrilmə imkanları məhdudlaşdırılıb və həddindən artıq təhrik edilmədiyi müddətcə silahlı mücadiləyə çevrilməsi ehtimalı azdır".

Bu ilk hesabatda Mustafa Kamalın adının səhvən "Mustafa Kamil" olaraq göstərilməsi diqqət çəkir.

Ancaq Bağdaddakı Siyasi Komitənin üzvü hesabata öz şərhini əlavə edərək Mustafa Kamal və onun planlarıyla bağlı "nikbin olmadığını" yazıb:

"Təəssüf ki, Mustafa Kamalın fəaliyyəti və ya niyyətləri barədə düşüncəm nikbin deyil. (Şimali İraqdan) gələn hesabatlar və İstanbul hökumətindəki gerçəklik səviyyəsi yüksək olan məlumatlar bu hərəkatın təhlükəli xarakter daşıdığını göstərir və hərbi qarşıdurmaya çatacaq səviyyədə xaos yaratmaq ehtimalı heç də az deyil".

"Siyasi hərəkatların basqıyla yox edilmədiyi fikrinə qatılmaqla yanaşı, zor tətbiqinin nə ədalətli olduğunu, nə də əlimizdəki tək silah olduğunu düşünürəm. Ona qarşı çıxanların bir araya gəlməsi təşviq edilməli və rəqibləri bir araya gətirilməlidir.

Sonrakı günlərdə yazılan hesabatlarda isə müharibəni bitirəcək razılaşma olmadan əcnəbi dövlətlər tərəfindən həyata keçirilən işğalların xalqa təsiri və Mustafa Kamalın Anadoluda başlatdığı təşkilatlanma işinin səviyyəsi detallı şəkildə dəyərləndirilib.

AtaturkFotonun müəllifiGETTY IMAGES

İzmirin işğalı nələrə səbəb oldu

1919-cu ilin ikinci yarısında baş verənlərə diqqət çəkən professor Alkan həmçinin qeyd edir ki, "Antanta" dövlətləri müharibəni bitirəcək razılaşma imzalamadan, Mondros atəşkəsinin 7-ci maddəsindən istifadə edərək Türkiyənin faktiki işğalına başlayıblar.

Alkan xüsusilə də yunan ordusunun Britaniyanın dəstəyilə 15-19 may 1919-cu il aralığında İzmiri işğal etməsini "həm Türkiyə, həm mülli mücadilə, həm də Mustafa Kamalın liderliyi baxımından dönüm nöqtəsi" kimi qiymətləndirir.

İzmirin işğalının milli mücadilənin təşkilatlanıb xalqdan dəstək almasında oynadığı kritik rol Britaniyanın kəşfiyyat hesabatlarında da vurğulanır.

Britaniyanın ali komissarı Robeck-in xarici işlər naziri lord Curzon-a 28 oktyabr 1919-cu il tarixli məktubunda da qeyd edilir ki, müharibəyə son verəcək razılaşmada "Osmanlı dövləti üçün ağır ola biləcək şərtlərin" tətbiq edilməsi İzmirin işğalından əvvəl qat-qat asan olardı:

"Atəşkəs razılaşmasıyla əzilən və məğlub edilən Türkiyə varlığını qorumağa bəs edəcək kiçik bir ümid istisna olmaqla, hər şeydən vaz keçməyə hazır idi. Geniş xalq kütlələri nəticəsindən xəbərsiz olduqları sülhü və təhlükəsizliyi arzulayırdılar. İstanbul xarabalıqdan nələri xilas edə biləcəyini düşünməyə başlamışdı. O dönəmdə (İzmirin işğalına qədər) sülh müqaviləsinin şərtlərini tətbiq etmək asan olardı".

Yenə həmin hesabatda İzmirin işğalı "o vaxta qədər yuxulu-yuxulu saga-sola gedən qarışqaların yuvasının dağıdılmasına", milli mücadilə liderləri isə o günə qədər "hər an döyülməkdən qorxan dəcəl oğlanlara" bənzədilir.

sənəd

İzmirin işğalının "dirəniş başlatdığına" diqqət çəkilən hesabatda, həmçinin qeyd edilir ki, "May ayında (1919) Mustafa Kamal müfəttiş olaraq Samsuna göndərilib, Smyrnada (İzmir) yuxuda olan türklər canlanıb. Bir erməni dövlətinin qurulacağını düşünmək üçün çox səbəb vardı və bir çoxları da Pontus Roma dövlətinin qurulucağından danışırdı. Ordu isə yeni bir çevrilişə mane olmağa hazır idi. Mustafa Kamal gələn kimi o bölgəni hərəkətləndirmək üçün fəaliyyətə başlayıb. "Antanta" dövlətlərinin nəzarətində olmayan Amasyada qərargah qurub. Bu hərəkat inqilabçı və təhlükəli xarakterə malikdir".

Hesabatda aşağıdakı fikirlər də yer alıb:

"Bu vaxta (izmirin işğalına) qədər hərəkatın liderləri döyülməkdən qorxan dəcəl oğlanlar kimi idilər. "Antanta" dövlətləri tərəfindən hər hansı bir müxalifətlə qarşılaşmadıqlarına görə, Mərkəzi Hökumətin lazımsızlığı və (əcnəbilərlə) əməkdaşlığı ehtimalı da hiss olunduğu üçün onlar daha çox önə çıxmağa başladılar. Deqradasiyaya uğramış İstanbul hökumətinin türkləri təmsil etmədiyini düşünürlər, deyirlər ki, türkləri onlar təmsil edirlər və ölkəni idarə edə biləcəklərini göstərəcəklər".

Bundan bir neçə gün əvvəl - 20 oktyabr 1919-cu ildə Qaradəniz Ordusunun baş komandanı general George Milne Müharibə Nazirliyinə göndərdiyi (ordan da Xarici İşlər Nazirliyinə göndərilən) kəşfiyyat hesabatında Mustafa Kamal və tərəfdarlarının vaz keçmədikləri üç mövzunun İzmir, Ermənistan və Trakya olduğunu yazıb:

"İzmir məsələsi vacibdir. İzmirdə yaşananların o qədər çox təsiri oldu ki, (Yunanıstan ordusunun) burdan çıxması və (İzmirin) Türkiyəyə qaytarılması artıq hər türkün əsas tələbi halına gəlib".

"Ermənistan məsələsinin ən kritik nöqtəsi burda çox az erməni qalmış olması və müstəqil Ermənistanın yaradılması üçün lazım gələn daha böyük planların daha çox hərbi qüvvə tələb etməsidir. Bu məsələdə çox həssas yanaşmalar var. Hətta Kürəkən Fəridin hökuməti belə çox sərt təlimatlar nəşr edərək heç bir erməninin geri qayıtmasına icazə verilməyəcəyini elan edib".

"Trakya məsələsiylə bağlı nəzərdə tutulan nizamlamaların milliyyətçi hərəkat tərəfindən qəbul edilməyəcəyini göstərən hər hansı fakt yoxdur".

O dönəmdə yazılan hesabatlardan aydın olur ki, Britaniya kəşfiyyatı, əsasən iki üsulla informasiya əldə edib - milli mücadiləylə əlaqəli olduğu bilinən şəxslərin danışıqlarının dinlənməsi və Britaniya kəşfiyyatına işləyən agentlərin müxtəlif adamlarla söhbət edərək informasiya toplaması.

ATATÜRKFotonun müəllifiGETTY IMAGES

Milli mücadilə nəzarətə götürülür

1919-cu ilin sonlarına doğru Britaniya kəşfiyyatı daha çox Mustafa Kamalı və milli mücadiləni nəzarətə götürüb və Londona xəbərdarlıqlar göndərməyə başlayıb.

İlk hesabatlarda Atatürkün adının belə düzgün yazılmadığını xatırladan Alkan deyir ki, "Yerlərdən gələn kəşfiyyat hesabatlarında kamalist hərəkatına, milliyyətçi hərəkata, dirəniş hərəkatına nisbətən doğru diaqnoz qoyan məlumatlar olub. Ancaq hadisələrin gedişi göstərir ki, London bu məlumatlara ciddi yanaşmayıb".

Hesabatların yazıldığı dönəmdə soyadlarla bağlı qanun hələ qəbul edilmədiyi üçün Atatürk soyadını sonradan götürmüş Mustafa Kamaldan ya bu adla, ya da Mustafa Kamal Paşa olaraq bəhs edilir.

Robeck-in xarici işlər naziri lord Curzon-a göndərdiyi hesabatda bildirilir ki, imzalanacaq razılaşmanın yerinə yetirilməsi hər keçən gün bir az da çətinləşir:

"İstanbulda yaranan və Ərzurumda təşkilatlanan milliyyətçi hərəkat yunan bölgəsi xaric, bütün Anadoluya nəzarət edəcək qədər böyüdü və artıq Trakyanın da xeyli hissəsinə təsiri hiss olunmaqdadır. Kürd, ərəb və tatarların bəziləri də hərəkata rəğbətlə yanaşırlar. Mərkəzi Hökumət İstanbulda bir qəsəbə bələdiyyəsinə, milliyyətçilərsə "Antanta" dövlətləri arasında vasitəçiyə çevrilib".

"İndiyə qədər hər şey normal gedib, ancaq Türkiyəyə problem yaradacaq sülh təklifi medalın o biri üzünü də ortaya çıxaracaq. Milliyyətçilər təşkilatlanırlar, mənəvi güc toplayırlar, araşdırırlar, üzv toplayırlar, pul toplayırlar, Türkiyənin bölünməsinə və ya xarici dövlətlərin nəzarəti altına keçməsinə qarşı çıxmaq üçün yuxulu insanları canlandırmağa çalışırlar. İndiyə qədər bunların hamısını bacardılar. Hər keçən gün sülh razılaşmasının yerinə yetirilməsi daha da çətinləşir".

Professor Alkan deyir ki, Osmanlı ordusu dağıdıldığına və silahları da əlindən alındığına görə Britaniya Türkiyədə silahlı müqavimət olacağını gözləməyib və ancaq 1919-cu ilin ortalarından etibarən bu ehtimalı "doğru şəkildə təxmin edən" kəşfiyyat məmurları olub:

"Onların ilk diqqət etdiyi məsələ Türkiyədəki müqavimət hərəkatının özünü çox qanuni yolla - parlament yoluyla təsdiqləməyə çalışmasıdır. Əlbəttə, bu, parlamentin yarandığı ölkə olmasıyla öyünən Britaniya üçün sürpriz idi. Ona qarşı məhz seçki və parlament vasitəsilə mübarizə aparıldı".

General Milnenin hazırladığı hesabatda da oxşar dəyərləndirmələr yer alıb. Hesabatda bildirilir ki, Türkiyədə milli hərəkata dəstək artır və dəstək verənlərin vacib vəzifələrə gətirilməsi bu dəstəyi daha da gücləndirir.

Milne yazıb ki, milli hərəkat silahlı müqavimət mövzusuyla "cilvələşir":

"Bu yolu seçəcəkləri halda odla oynamış olacaqlarını və fəlakətə yol açacaqlarını bilirlər. Ancaq silahlı müqavimət fikrini Sülh konfransına təsir etmək üçün istəyirlər, çünki xalqın bildiyi yeganə təşkilatlanma forması budur.

Sülh konfransında Türkiyə üçün çox ağır nəticələr yaradacaq qərarların veriləcəyi və İstanbuldakı hökumətin üsyançılar üzərində nəzarəti itirəcəyi halda milli hərəkat "Antanta" dövlətlərinin hərbi planlarına ciddi təsir edəcək. Xalq silahlanıb və ilk dəfə birləşib. Milliyyətçilik zəminində üsyan başlayarsa, onun qarşısını ala biləcək hərbi qüvvənin miqyasını hesablamaq çox çətindir".

Qeyri-müsəlman xalqların qayğıları kəşfiyyat hesabatlarında

O dönəmdə yazılan kəşfiyyat hesabatlarında önə çıxan daha bir mövzu Anadoludakı xristianların təhlükəsizlik problemi olub.

Birinci dünya müharibəsi zamanı yerindən edilmiş şəxslərin "qaçqın" adlandırıldığı hesabatlarda Anadoludakı təşkilatlanma nəticəsində həmin şəxslərin geriyə qayıtmaq ehtimalının azaldığı qeyd edilir.

General Milne həmçinin yazıb ki, Anadoluda ermənilərin sayının azalması Ermənistan dövlətinin qurulması ehtimalını azaldır. Başqa bir kəşfiyyat məmurunun Bursadan yazdığı 12 noyabr 1919-cu il tarixli hesabatda isə türklərin yerləşdirildiyi erməni mülklərinin geri qaytarılması məqsədilə yaradılan komissiyaların fəaliyyəti barədə də məlumat var:

"Bilecikdə bələdiyyə sədrinin rəhbərlik etdiyi, iki erməni və iki müsəlmandan ibarət birgə komissiya 15 aprel - 2 oktyabr 1919 aralığında 100 sənəd araşdırıb. Türk qaçqınların yerləşdirildiyi mülkiyyətin, ermənilərə aid evlərin geri qaytarılmasına aid yüzlərcə sənədlə yerli məmurlar məşğul olur, ancaq qaytarılacaq binalar çox acınacaqlı və bərbad durumda olduğu üçün onların içində yaşamaq mümkün deyil. Bu qəsəbədən sürgün edilən 5 min erməninin beşdə biri geri dönüb, digərlərinin itkin düşdüyü hesab olunur".

Hesabatlarda o da bildirilir ki, ermənilərin və yunanların təhlükəsizlik qayğıları davam edir, amma milli mücadilə liderləri qeyri-müsəlmanları qorumağın "öz maraqlarına uyğun olduğunu bildikləri üçün" onların təhlükəsizliyinə təminat verirlər.

Ali komissar Robeck 28 oktyabr tarixli hesabatında mövzuyla bağlı bunları yazıb:

"Yunan və erməni liderlər amerikalı missionerlərin də dəstəyilə xor halında bağırışıb qətliam olacağını deyirlər. Mustafa Kamal da bu ehtimalı nəzərə alaraq təhlükənin qarşını almaq üçün müəyyən addımlar atmış kimi görünür. Samsundakı nəzarət məmuru Mustafa Kamalın təminat verdiyini, ancaq xristianların əbəs yerə narahat olduqlarını bildirir.

Milliyyətçilər xristianları qoruyur və xaricdən gələn yardımlara və müdaxilələrə qarşı çıxırlar. İngilislərə qarşı güclü və getdikcə daha da artan, digər "Antanta" dövlətlərinə qarşı daha kiçik miqyaslarda olan inciklik hiss edilir. Milliyyətçilər yerli xalqlarla çox təmasda ola bilməyiblər. Xristianların qorunacağıyla bağlı davamlı açıqlamalar tamamilə siyasi mahiyyət daşıyırmış kimi görünür. Türklərin bu mövzudakı meyilləri və instinktləri qətliamın baş verəcəyi istiqamətindədir. Milliyyətçilər vuruşmağı seçsələr, yəqin ki, xristianlar qətl ediləcəklər".

sənədlər

İngilislərə görə, Mustafa Kamal Britaniya haqqında nə düşünür?

Kəşfiyyat hesabatlarında cavabı axtarılan suallardan biri də Mustafa Kamalın və liderlik etdiyi mücadilə hərəkatının Britaniyaya münasibətidir.

Sənədlərdən görünür ki, milli mücadiləyə dəstək verən nəşrlərin Britaniya mandatını müdafiə edən İngilis Müxbirlər Cəmiyyətini tənqid edən yazıların xülasəsi də Londona göndərilib.

24 oktyabr 1919-cu il tarixdə Britaniya Ali Komissarlığının yazdığı hesabatda Ərzurumda dərc olunan və milli mücadiləyə dəstək verən "Albayraq" qəzetinin Britaniya siyasətini kəskin tənqid etdiyi bildirilib:

"Milli hərəkatın təbliğat qəzetlərindən olan "Albayraq" kimi nəşrlər köhnə hökumətin milli hərəkata qarşı mübarizə məqsədi ilə İngiltərə hökumətindən rüşvət aldığı fikrini inandırıcı göstərmək üçün böyük səy göstərir. Buna misal olaraq Mustafa Kamalın Amerika radiosuna verdiyi müsahibəni göstərmək olar. Paşa deyir ki, Türkiyəni yox etmək üçün İngiltərənin pulundan istifadə edilir, keçmiş daxili işlər nazirinə 150 min funt sterlinq verildiyi barədə onda və dostlarında dəqiq məlumat var".

Professor Alkan da təsdiq edir ki, o dönəmdə və ondan sonra - Böyük Millət Məclisinin başlaması ilə açılmasıyla ortaya çıxmış Ankara mərkəzli milli mücadilə dövründə də Britaniya İstanbuldakı Osmanlı hökumətiylə daha yaxın münasibətdə olub.

Alkan hesab edir ki, 1920-ci ildə İstanbulu faktiki olaraq işğal etmələri ingilislərin daha bir səhvidir:

"Britaniya belə düşünüb: İstanbulu işğal etsək, Osmanlı hökumətini bizim sülh şərtlərimizlə razılaşmağa məcbur edə bilərik. Amma gözləmədikləri bir hadisə baş verir, Anadoluda, onların əli çatmayan bir yerdə yeni bir parlament fəaliyyətə başlayır və milli mücadilə dünya tarixində nadir görünən bir şəkildə - parlament tərəfindən idarə olunur. Bütün komandirlər bir yandan cəbhədə vuruşacaq, o biri yandan gedib parlamentdə hesabat verəcəklər".

Alkan deyir ki, İstiqlal Savaşının sonuna qədər ingilislər Ankara hökumətiylə həm rəsmi, həm də qeyri-rəsmi təmaslar quraraq anlaşma axtarıblar, amma Fəthi bəy 25 avqust 1922-ci il ziyarətində Londonun uzlaşmadan uzaq olduğunu bildirəndən sonra Böyük Hücum başlayıb:

"Nəticə etibarilə bütün bu savaş dövründə Britaniya ilə Ankara hökuməti arasında isti münasibət olmayıb, tam tərsinə, İstanbul hökuməti ilə olub. İngilislər hətta milli mücadilə ilə yaxın əlaqələri olan Əli Rza Paşa hökumətini də istefaya məcbur ediblər. Yerinə Kürəkən Fərid Paşanın hökuməti keçib və Sevr razılaşmasını imzalayan kökumət olub. Bunu da xatırlamaq lazımdır".

 Mənbə: BBC Azərbaycan

loading...

Xəbər lenti