Nazir jurnalisti məhkəməyə verdi – İddia ərizəsi

Nazir jurnalisti məhkəməyə verdi – İddia ərizəsi

"Ya Teymur Kərimov dediklərini məhkəmədə sübut etsin, ya da cəzalandırılsın”

Səhiyyə naziri Oqtay Şirəliyev mayın 18-də nazirliyin binası qarşısında etiraz aksiyası keçirmiş Teymur Kərimovu məhkəməyə verib. Nazir onun Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrinin ən yüksək həddində cəzalandırılmasını tələb edir.

Bizimyol.info xəbər verir ki, CM-in 147.2 maddəsində cəzanın yuxarı həddi üç ilə qədər, 148-ci maddəsində isə bir ilə qədər həbsdir.

O.Şirəliyev iddia ərizəsində yazır ki, bloger nazirliyin qarşısındakı aksiyada səsləndirdiyi fikirlərlə onu təhqir edib, mənimsəmədə, rüşvət almaqda, insan ölümündə ittiham edib: "Həkimləri diləndirdiyimi, tibb bacılarının pul üstündə bir-birilə dalaşdığını, səhiyyə sistemində korrupsiyanın tüğyan etdiyini, Səhiyyə Nazirliyi üçün insan həyatının önəmi olmadığını, qanın 95 manata satıldığını və bütün bunları mənim yaratdığımı deyib”.

sened 1 oqtay - teymur

O.Şirəliyev tələb edir ki, ya T.Kərimov dediklərini məhkəmədə sübut eləsin, ya da cəzalandırılsın.

İyunun 14-də Nəsimi Rayon Məhkəməsində bu iddia üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.

Nazirdən əvvəl Səhiyyə Nazirliyinin adından məhkəmədə bloqqerə qarşı xüsusi ittiham qaydasında iddia qaldırılmışdı. Həmin iddiada bloqqerin Cinayət Məcəlləsinin 147.2 maddəsilə cəzalandırılması istənilirdi. T.Kərimovun vəkilləri sözügedən iddianın icraata götürülməsinə etiraz etmişdilər. Bildirmişdilər ki, Səhiyyə Nazirliyi hüquqi şəxsdir. Hüquqi şəxs isə xüsusi ittihamçı qismində tanına bilməz. Çünki şərəf və ləyaqət fiziki şəxsə aid anlayışlardır.

sened 2 oqtay - teymur

Vəkillər əlavə edib ki, iddia ərizəsi hüquqi baxımdan da düzgün tərtib olunmayıb.
İyunun 10-da həmin iddia ilə bağlı qərar açıqlanıb. Vəkillərin vəsatəti təmin edilib – iddia ərizəsinə baxılması mümkün sayılmayıb. Səbəb isə Səhiyyə Nazirliyinin hüquqi şəxs kimi, şərəf və ləyaqət, işgüzar nüfuz iddialarıyla çıxış etməsinin mümkünsüzlüyüdür. Bu məsələdə Ali Məhkəmənin 2017-ci ilin noyabrında qəbul etdiyi qərar əsas kimi götürülüb.

Mayın 18-də Səhiyyə Nazirliyinin qarşısında aksiya keçirən jurnalist bildirib ki, dövlət xəstəxanasında anasının müalicəsi üçün ondan tələb olunan rüşvəti verməli olub. Amma artıq dərmanları almağa pulu yoxdur. Ona görə də nazirliyin qarşısında soyunaraq, paltarlarını satışa çıxarır. Səhiyyə Nazirliyi dövlət xəstəxanalarında pul tələb olunması barədə iddiaları rədd edir.

T.Kərimovun anası iyunun 7-də dünyasını dəyişib.

Загрузка...

Xəbər lenti