Nazirliyin adından yayılan mesajlara - RƏSMİ MÜNASİBƏT - YENİLƏNİB

Nazirliyin adından yayılan mesajlara - RƏSMİ MÜNASİBƏT - YENİLƏNİB

Azərbaycan vətəndaşlarına qarşı "phishing” hücumu aşkar edilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumat Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin saytında yerləşdirilib.

Belə ki, hücum üçün istifadə olunan keçiddə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi veb-saytının ekran görüntüsü yerləşdirilməklə sayta daxil olmuş istifadəçilər aldadılır. 

 

Adı çəkilən resursda nazirliyinin rəsmi veb-saytının saxta versiyası yerləşdirilməklə vətəndaşlara Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1990-cu ildən 2018-ci ilə qədər işləyən işçilərin Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən 3405 manat məbləğində mənfəət əldə etmək hüququna malik olduqları qeyd olunub. 

Həmin mənfəətin əldə edilməsi üçün vətəndaş saytdakı bir neçə suala cavab verməli daha sonra isə adının müavinət almaq hüququ olan şəxslərin siyahısında olub olmadığını yoxlamalıdır. Həmin saytda yerləşdirilmiş suallara cavab verdikdən sonra sorğu nəticəsində vətəndaşa ödənəcək pulun həyata keçməsi üçün müvafiq düyməyə klik etməklə WhatsApp vasitəsilə paylaşması tələbi qoyulur. 

Vətəndaş həmin düyməyə klik etməklə WhatsApp hesabındakı əlaqələrə əvvəlcədən müəyyən edilmiş mətn və sayta keçid məlumatları digər şəxslərə göndərilir.

Paralel olaraq, müxtəlif reklam məzmunlu səhifələr açılır, bu da ki vətəndaşların telefonlarına virus yoluxması, eləcə də müxtəlif SMS xidmətlərinə avtomatik abunə olmasına gətirib çıxarır. 

Qeyd edək ki, mobiltechnics.com saytı 10 oktyabr 2018-ci il tarixində yaradılmış, "mobusi.com”  texnoloji media şirkətinin reklam məzmunlarının yayımı ilə məşğul olmaqla gəlir əldə etməkdədir. Vətəndaşlardan xahiş olunur ki, internet fırıldaqçılarının toruna düşməmək üçün bu tip cəlbedici vədlər verən saytlarda qeyd olunan xidmət və təkliflərə aldanmasınlar.

Aşağıdakı şəkillərdən "phishing” hücumun mərhələləri ilə tanış ola bilərsiniz:

10:32

1990-cı ildən 2018-ci ilə qədər işləyən işçilər Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən 3405 manat məbləğində mənfəət əldə etmək hüququna malikdirlər. Adınızın bu müavinət almaq hüququ olan şəxslərin siyahısında olub-olmadığını yoxlayın.

Dünən günorta saatlarından etibarən sosial şəbəkələrdə yayılan bu mesaj hər kəsi narahat edib. İnsanlar onlara gələn ismarıcın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən göndərildiyini düşünür. Göndərilən mesajlar insanlar arasında geniş müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov Oxu.Az-a açıqlama verib.

O bildirib ki, nazirliyin adından istifadə edərək dələduzluq edilir:

"Biz bu məsələ ilə bağlı ciddi şəkildə araşdırmalara başlamışıq. Bununla bağlı nazirlik bu işdə əli olan şəxslərə xəbərdarlıq edəcək. Əgər xəbərdarlıqdan sonra da nəticə əldə edilməzsə, qanun çərçivəsində hüquq-mühafizə orqanlarına müraciət olunacaq və həmin şəxslər törətdikləri əməllərə görə qanun qarşısında cavab verəcəklər”.



Xəbər lenti