Oruc tutanlar bu qidalardan yeməməlidir - Aclıq hissi yaradır

Oruc tutanlar bu qidalardan yeməməlidir - Aclıq hissi yaradır
Metbuat.az-ın budəfəki həkim müsahibi həkim-qastroenteroloq Habil Hüseynovdur.

- Həkim, mədə xəstəliklərindən danışaq. Xəstələr daha çox hansı şikayətlə müraciət edirlər?
- Mədənin ən çox rast gəlinən xəstəliyi qastritdir. Qastrit mədə selikli qişasının iltihablanmasıdır. Dərimiz yandığı zaman necə ki dəridə şişkinlik, qızartı əmələ gəlirsə, qastrit zamanı mədənin selikli qişasında şişkinlik, qızarıqlıq, ağrılar ola bilir. Buna görə də, qastriti olan xəstələrin ağrı, köp kimi şikayətləri olur. Qastritin üç növü var. 1) A - autoimmun qastrit, )B - bakterial qastrit ( 90 % hallarda Helikobakter Pilori mənşəli ), C –kimyəvi qastrit ( daha çox dərmanlardan və öd turşularının mədəyə əks axımı, yəni duodenoqastral reflüks nəticəsində yaranır ). Ən çox rast gəlinən bakterial qastritdir. Qastriti olan xəstələr yüngül qidalar yeməli, çox yağlı, çox duzlu, ağır şirniyyatlardan uzaq durmalı, qızarmış yeməklər yeməməli, müalicə qəbul etməlidir. İlk növbədə müayinə zamanı qastritin növü təyin edilməli və ona uyğun müalicə yazılmalıdır.

- Qastrit xərçəngə çevrilə bilərmi?

- Atrofik qastriti olan və intestinal metaplaziyası olan insanlar risk qrupu sayılır. Lakin qastrit necə olur ki, xərçəngə çevrilir sualına hazırda tam açıqlıq gətirilməyib. Helikobakter pilori mikrobunun rolu inkar edilmir.

- Mədədə turşuluq nədən yaranır?

- Mədə möhtəviyyatının qida borusuna normadan artıq atılması reflüks şikayətləri əmələ gətirir. Müəyyən olunub ki, gün ərzində 50 dəfəyə qədər reflüks narahatlıq əmələ gətirmir. Lakin uzun müddətli və çox saylı atılmalar narahatlıq verməyə başlayır. Səbəb olaraq diafraqmal yırtıq, kardial yetərsizlik və nevrotik hallar üstünlük təşkil edir.



- Mədə xəstəlikləri ağız qoxusu yarada bilərmi?

- Bəli, bakterial qastriti olan insanlarda çox ciddi şəkildə ağız qoxusuna rast gəlinir. Amma ağız qoxusunun tək səbəbi mədə deyil. Ağciyər, burun boşluğu xəstəlikləri, diş çürükləri və s. də ağız qoxusu yaradan səbəblərdir. Qidanın mədədə mədə xorası, mədənin bədxassəli şişləri və s. səbəblərdən ləngiməsi və uzun müddət mədədə qalması üfunətli qoxuya səbəb ola bilir. Ciddi ağız qoxusu olan şəxs mütləq həkimə müraciət etməlidir. Ağızdan qoxu gəlməsi çox ciddi xəstəliklərin əlaməti ola bilər.

- Gəyirmənin səbəbi nədir?

- Gəyirmə mədədən və yemək borusundan qazın ağız boşluğu vasitəsilə, bəzən mədə möhtəviyyatının qarışığı ilə birlikdə özbaşına qəfildən çıxmasıdır. Əsasən, əsəb sistemi xəstəlikləri nəticəsində olur. Artıq hava udma öndə gedən səbəblərdəndir. Tez-tez baş verən gəyirmə qastrit, xora, mədə sallanması, digər mədə xəstəliklərinin, həmçinin qaraciyər, öd kisəsi və kor bağırsaq xəstəliklərinin əlaməti ola bilər.

- Acı ağız sindromu nədir?

- Bəzi insanlar ağzında acılıq, turşuluq, duzluluq hiss edirlər. Bu hallara daha çox əsəb sistemi xəstələrində və düzgün qidalanmayan şəxslərdə rast gəlinir.

Öd axınında problemi olan xəstələrdə, öd kisəsi çıxarılmış şəxslərin belə şikayətləri çox olur. Əsas səbəb ödün geriyə ağıza qədər qayıtması ola bilir. Gec saatlarda yeyib, yatan insanlarda bu kimi şikayətlər çox rast gəlinir.

- Hazırda Ramazan ayıdır. Bu ayda oruc tutanlar nələrə diqqət etməlidir?

- Ramazan isti aylara təsadüf olunduğundan insanlar 17 saatlıq müddəti rahat keçirmələri üçün bəzi tövsiyələrə əməl etsələr yaxşı olar. Imsaqda mütləq yüngül qida qəbulu və su içmək məsləhətdir. Gün ərzində ehtiyacımız olan maye və qida qəbulu var. Biz həmin normanı bir dəfəyə sığışdırmamalıyıq. Yaxşı olar ki, həm imsaq, həm də iftarla bu norma bölünərək qəbul edilsin. Səhər yeməyində duzlu pendir, ağır şirniyyat, kofeinli içkiləri az qəbul etmək yaxşıdır. Çay, kofe əvəzinə təmiz su için, çünki çay və kofenin sidikqovucu xüsusiyyəti var, tez susamağa səbəb olur. İmsaqda yumurta, meyvə, zeytun, duzsuz pendir istehlak edilməlidir. Yaxşı olar ki, orucu 2, 3 stəkan su ilə tutasınız. Şəkərli, qazlı içkilər tövsiyə olunmur. İftarı da su ilə açmaq lazımdır. Başlanğıc yeməklə əsas yemək arasında 15 dəqiqə fasilə olmalıdır. Tərəvəz yeməkləri, qaynadılmış təamlara üstünlük verilməlidir. Mümkün qədər iftarda çeşidi azaltmaq lazımdır. Ən əsası isə orqanizmin ehtiyacı olan mayeni qəbul etməliyik (2-2.5 l).



- Bağırsaq problemləri arasında ən çox yayılan qəbizlikdir. Qəbizliyə səbəb nədir?

- Qəbizlik atonik və spastik olmaqla 2 yerə ayrılır. Atonik qəbizlik yoğun bağırsağın əzələ qişasında tonusun azalması və peristaltikanın zəifləməsi nəticəsində əmələ gəir. Spastik qəbizliyin əmələ gəlməsinə isə bağırsaq divarının dairəvi əzələlərinin spazmı nəticəsində yaranır. Bu zaman bağırsaqda ximusun (bağırsaq möhtəviyyatı) hərəkəti pozulur, nəcis bərk konsistensiyalı hissəciklər şəklində olur. Əhalinin böyük qismi bu problemdən əziyyət çəkir. Qəbizliyi yaradan əsas səbəblərdən biri insanların yanlış yemə alışqanlığıdır. Bəzi insanlar yeməyi bütöv udur, çeynəmir. Bu da köp, qəbizlik yarada bilər. Bəzi pasiyentlərimdə düzgün çeynəmə ilə bu problemi həll etmişik. Bədən yetərli miqdarda maye qəbul etmədikdə, mədə-bağırsaq sistemi öz funksiyasını tam görə bilmir. Nəzərə alaq ki, gün ərzində orqanizm 2-2.5 litr maye qəbul etməlidir. Yaxşı olar ki, qaynadılmış sudan istifadə etməyəsiniz. Çünki su qaynadıldığı zaman onun tərkibindəki minerallar məhv olur. Su filtirlənməli, təmiz olmalı ya da təmiz mənbələrdən alınan sudan istifadə edilməlidir. Çox hallarda sadaladığımız alışqanlıqları dəyişməklə biz bu şikayəti aradan qaldırırIq və dərmana ehtiyac qalmır.

- Bağırsaq uzanması nədir?

- Dəqiq səbəbi bilinmir. İrsi və qazanılmız ola bilər. Bağırsaqda uzun müddət ərzində qalan nəcis kütləsi bağırsağın uzanmasına və genişlənməsinə (meqakolon) səbəb ola bilir. Bu isə qəbizliyi daha da ağırlaşdırır. Bağırsağın rentgen müayinəsini apararaq onun uzanması, sallanması, genişlənməsi və s. halları müşahidə etmək olur. Bağırsaq uzanması daha çox doğuşdan gələn problemdir. Bizə müraciət edən şəxsləri dərmanlarla korreksiya etməyə çalışırıq. Dərman müalicəsi və həyat tərzi dəyişikliyi fayda vermədiyi hallarda əməliyyat çıxış yolu ola bilir.

- Qaraciyər yağlanması nədən yaranır?

- Çox rastgəlinən problemlərdəndir. Qaraciyər yağlanması hepatoz və hepatit olaraq qarşımıza gəlir. Sadəcə yağlanma şəklində olduğu zaman o qədər də təhlükəli deyil. Ancaq yağlanma nəticəsində hüceyrələr dağılmağa başlayıbsa, qan analizləri normal sərhədləri aşıbsa vəziyyət ciddi yanaşma tələb edir. Hüceyrələrin öz funksiyası var və onu yerinə yetirməlidirlər. Yağlanma orqanın işini pozur. Qaraciyər yağlanmasının səbəbləri çoxdur. Əsas səbəblər düzgün qidalanmamaq, diet alışqanlığı, çox və yağlı yeməklər, şirniyyat, hərəkətsizlik, şəkər xəstəliyi, xolesterinin yüksəkliyi və s. Əgər hər hansı şəxsdə halsızlıq, yuxusuzluq, tez yorulma kimi şikayətləri varsa, müayinə olunmalıdır. Qaraciyər yağlanması aşkar olunarsa, ilk növbədə səbəbi tapılmalıdır. Yağlanmanın tam müalicəsi yoxdur, əsas olan iltihaba çevrilməsinin qarşısını almaqdır.

- Hepatit dünyanın probleminə çevrilib. Biraz da bu xəstəlikdən danışaq...

- Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada təxminən 370 milyondan çox virus hepatiti xəstəsi var. Bu aşkar olunan xəstələri göstərən rəqəmdir, hələ statistikada göstərilən rəqəm ümumi xəstələrin sayının heç 20 faizi deyil. Əhalini müayinədən keçirsək mövcüd olandan 5 dəfə daha artıq xəstəyə rast gələcəyik. Virus xəstəlikləri bütün dünyada geniş yayılıb. İnsanlar daim gəzir, səyahət edir. Hər hansı ölkədə olan xəstə şəxs başqa yerə gedib oradakıları da xəstələndirir. Hazırda, dünyanın bütün xəstəlikləri bir-birinə qarışmış vəziyyətdədir.

Hepatitlər dünyanın probleminə çevrilib. Bu xəstəlik insandan-insana qanla, ağız yolu ilə və nadir hallarda cinsi yolla keçir. İnfeksiyalaşmış qida və sular olan yerlər, əməliyyatxanalar, stamatoloji klinikalar, gözəllik salonları yoluxma hallarının ən çox baş verdiyi yerlərdir. Bu halların qarşısını almaq üçün güclü sterilizasiya işləri aparılmalıdır. Bu gün hesab edirəm ki, ölkəmizdə bununla bağlı ciddi işlər görülür.

Xəstəlik törədiciləri Hepatit B, Hepatit C, Hepatit D virusları qanla keçən viruslardır. Hepatit A və E ağızdan keçir. Hazırda, tibbdə hepatit xəstələrinin müalicəsi kifayət qədər asanlaşıb. Çox effektiv dərman müalicələri artıq bir neçə ildir ki, istifadə olunmağa başlayıb. Bu Hepatit C xəstələri üçün keçərlidir. Hepatit B və Hepatit Delta xəstələri üçün bir neçə ilə çox effektiv dərmanların hazırlanması ümid edilir.

- Hepatitdən necə qorunaq?

Qəbul edilən qida və su mənbələri güvənli olmalıdır. Dırnaq qayçısı, ülgüc, diş fırçası, sırğa kimi fərdi aksessuarları ortaq istifadə etməyin. Tibbi və kosmetaloji xidmətləri alarkən düzgün yerlər seçin.

Xəbər lenti