“Paşinyan 7 rayonu qaytarmaq istəyirdi...” - İrəvan dilemma qarşısında

“Paşinyan 7 rayonu qaytarmaq istəyirdi...” - İrəvan dilemma qarşısında
Nikol Paşinyan Ermənistanda hakimiyyətə gələndə onun tutduğu mövqeyi Qərb dəsti-xəttinə oxşadırdılar. Paşinyanın özü də bunun "məxməri inqilab” olduğunu demişdi. Amma "məxməri inqilablar” o zaman baş verir ki, ona xaricdən dəstək verilir. Buna görə də Nikol Paşinyanın xaricdən dəstək alması məsələsi ortaya çıxa bilər.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Arzu Nağıyev deyib.

O qeyd edib ki, "məxməri inqilab”dan sonra fərqli hərbi, siyasi və iqtisadi proqramlar üzə çıxmağa başlayır: "Yəni, hakimiyyət dəyişikliyi baş verən kimi kadr dəyişikliyi və erkən seçkilərə gedilir. Son nəticədə konkret proqram üzrə işlər görülməyə başlanılır. Amma Ermənistanda bu məsələlərin həlli uzandı. Dağlıq Qarabağ münaqişəsi prioritet olduğuna və "Qarabağ klanı” Paşinyana qarşı müqavimət göstərdiyinə görə proseslər ləng gedir. Ümumiyyətlə, Ermənistanın ictimai-siyasi həyatındakı proseslər həmişə "Qarabağ kartı” üzərində cərəyan edir.

Hətta Nikol Paşinyan Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılacağını demişdi, belə bir istəyindən danışmışdı. Amma həmin vaxt onu "satqın” kimi qələmə verərək, bu məsələni gündəmdən çıxarmağa çalışdılar. Paşinyan da bu təzyiqlərə adekvat olaraq ilk səfərini Qarabağa etdi və oğlunu Azərbaycanın işğal altındakı ərazilərinə "hərbi xidmət”ə göndərdi. Hətta separatçı rejimin "üçüncü tərəf” kimi danışıqlara cəlb edilməsinin vacibliyini vurğuladı”.


 
Arzu Nağıyev hesab edir ki, İrəvanda cərəyan edən hadisələrin özünə qarşı yönələcəyindən ehtiyatlanan Rusiya Ermənistanı öz nəzarətindən çıxarmamağa çalışır:

"Əgər Ermənistan nəzarətdən çıxsa, Rusiya Qafqazda nüfuz dairəsini tamamilə itirəcək. Buna görə də Rusiya Ermənistanı diqqət mərkəzində saxlayır. Bu baxımdan "Soros” Fondu, yaxud ABŞ-ın digər QHT-lərinin Ermənistandakı hakimiyyət dəyişikliyində iştirakı ilə bağlı müzakirələr səngimək bilmir. Bu ittihamların ciddi əsasları ola bilər. Çünki Qərb Ermənistanın Rusiyanın nəzarətindən çıxmasında maraqlıdır. Bu kontekstdə Rusiyanın sakit dayanması da maraq kəsb edir”.


Xəbər lenti