“Prezidentin “get” deməsini gözləməkdənsə, özləri getsə yaxşıdır” – Sabir Rüstəmxanlı

“Prezidentin “get” deməsini gözləməkdənsə, özləri getsə yaxşıdır” – Sabir Rüstəmxanlı
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı Yenisabah.az-ın suallarını cavablandırıb.
- Sabir bəy, Baş nazirin müavinləri Əli Həsənovla  Hacıbala Abutalıbov postlarını tərk edib. Bunu islahatların tərkib hissəsi kimi qiymətləndirənlər var. Sizin də bu barədə fikirlərinizi bilmək maraqlı olardı. 

- Biz həmişə demişik və bundan sonra da deyəcəyik ki, dövlət strukturlarında doğru idarəçilik bölgüsü aparılmalıdır. Qanunvericilik orqanı, icra hakimiyyəti orqanları və s. yalnız öz işi ilə məşğul olmalıdır. Təbii ki, ardıcıl olaraq da islahatlar aparılmalıdır, yeni qüvvələr gəlməlidir. Çünki eyni adamın uzun illər vəzifədə qalması xalqı da, elə onların özlərini də yorur. İşləmək potensialları tükənir. 

Son vaxtlar hakimiyyət islahat vədləri verir və bu istiqamətdə müəyyən addımılar atılır. Əlbəttə mən son sərəncamları bəyənir və kadr dəyişikliklərini doğru addım hesab edirəm.

Amma bu məsələdə yaş faktorunun önə çəkilməsi ilə razılşamıram. Elə adam ola bilər ki, yaşı çoxdur lakin iş bacarığı yüksəkdir, təcrübəlidir və s. 

- Hakimiyyət komandasında varmı belə kadrlar?

- Mən ümumi deyirəm və hesab edirəm ki, yaşı çox olmasına baxmayaraq işləmək potensialı tükənməyən, peşəkar, dövlətin maraqlarını təmin edə bilən kadrları saxlamaq lazımdır.  Elə adam var ki, cavandır, amma təcrübəsi yoxdur. Nəzarət edəcəyi sahəni doğru-dürüst bilmir. Bu halda o öz fəaliyyəti ilə dövlətə hansı faydanı verə bilər axı? Yaşa görə təcrübəli adamları cavan lakin təcrübəsiz adamlarla əvəzləmək islahat deyil. 

Əlbəttə ki, kadr islahatlarında bacardıqca cavanlara üstünlük verilməlidir. Amma bu halda ilk növbədə onların iş bacarığı nəzərə alınmaldır. Mən onun tərəfdarıyam ki, kim işinin öhdəsindən gələ bilmirsə, yenisi ilə əvəzlənməlidir. Onun yerinə gələn də qarşıya qoyulan vəzifəni yerinə yetirə bilmirsə, cavan da olsa o vəzifədə qalmamalıdır. Kadr təyinatlarında regionçuluğa, qrup maraqlarına yer olmamalıdır. Görürəm ki, yenə mətbuatda köhnə hava çalanlar var. Nə bilim naxçıvanlılar, qərbi azərbaycanlılar, şirvanlılar deyib bölücü söhbətlər edilir. Ayıbdır. Hələ 1988-ci ildə Milli Azadlıq Hərəkatı başlayanda mən o meydanı idarə edəndə aşağıdan bir məktub gətirdilər. Həmin məktubda meydana toplaşan insanlar yazırdı ki, biz bura naxçıvanlı, lənkəranlı, bakılı, şəkili kimi gəldik amma buradan azərbaycanlı kimi gedəcəyik. Yəni millət hələ o zaman regionçuluğa öz münasibətini bildirib. Ona görə də yenidən insanları ibtidai təfəkkürə qaytarmaq, etnik goreşənliklə məşğul olmaq doğru deyil. Bu şəkildə dövləti qoruyub saxlaya bilmərik. 

- Deməli, kadr dəyişiklikərində yaş amilini önəmli hesab etmirsiniz...

- Şübhəsiz elə bir dövrdür ki, cavanlar da irəli çəkilməlidir. Amma eləsi var ki, bir neçə universitet bitirib. İngiliscə, rusca danışır amma öz dilində danışa bilmir, öz tarixindən, mədəniyyətindən xəbərsizdir. İndi gətir bunu qoy tutaq ki, xarici işlər naziri. Bu gedib hansı kökdən, hansı tarixdən danışacaq? Erməni buna deyəndə ki, Qarabağ Ermənistanındır, bu hansı arqumentlə, hansı bilgi ilə deyəcək ki, yox, bu torpaq mənimdir. Axı gərək bunu bilsin. Hər kəsin öz işlədiyi sahə üzrə yetərincə bilgisi olmaldıır.  Bu dəqiqə ingilis dili bilmək dəbə çevrilib. Nə olsun bilir. Öz dilini ki, bilmir. Xarici dili bilir amma bu dildə özü haqqında məlumatı yoxdur. Ona görə də dil bilmək əsas deyil. Əsas sağlam bilik, sağlam düşüncə, dövlətçilik əxlaqıdır. İngilis dili dünyanın vahid dili deyil ki. Bu gün dünyada bir dildən başqa dilə tərcümələr çox asan şəkildə edilir. Beynəlxalq qurumların iclaslarında da hər kəs öz dilində danışır və fikirləri avtomatik tərcümə olunur. İndi bu dil məsələsini matah edib soxurlar millətin gözünə. Hansı idarəyə gedirsən soruşur ki, filan dili bilirsən? Əvvəlcə soruşmaq lazımdır ki, sənə tapşırılan işi yerinə yetirmək bacarığın, savadın varmı? Ona görə də hesab edirəm ki, dəyişikliklərdə şübhəsiz ilk növbədə iş bacarığı nəzərə alınmalıdır. 

- Belə iddialar var ki, islahatlar cəmiyyətin gözləntiləri ilə üst-üstə düşmür və ləng gedir. Siz prosesi necə dəyərləndirirsiniz?

- Millətin gözləntisi daha böyükdür.  Əhali arasında müəyyən mənada narazılıq var. Xüsusən icra başçılarından, müəyyən qurumlardan ciddi narazılıq edənlər var. Xalq istəyir ki, islahat siyasəti daha çevik aparılsın. Amma reallığa baxanda bu o qədər də asan deyil.

- Sizcə, çətinlik nədədir?

- Lazımi kadrlar tapılmalıdır, onların şəxsi maraqalrını deyil, dövlət mənafeyini üstün tutacaqlarına əmin olmalısan. Mən də dövlət idarəsində işləmişəm və kadr dəyişikliklərinin nə qədər çətin proses olduğunu bilirəm. Bu işlər "silim atım” psixologiyasi ilə olmur. Hər kəsin zəhmətinə hörmət ertmək lazımdır. Fikrimcə, islahatlarla bağlı siyasətdə uzun illərdir ki, bəzi gözləntilərin özünü doğrultmaması, bəzi icra başçılarının, idarə rəhbərlərinin mədniyyətinin aşağı olması, adamlarla danışıq qaydalarını bilməmələri, insanları yersiz incitmələri və süni surətdə insanları dövlətdən, hakimiyyətdən narazı salmaları da nəzərə alınmalıdır.

- Bəzi məmurların əhalini yersiz incitməyindən danışdınız. Sizcə, bu məqsədli şəkildə edilir, yoxsa bacarıqsızlığın təzahürüdür?

- Heç biri istisna deyil. Bəzilərinin elə bacarığı o qədərdir. Digər məqama gəlincə, hər halda Azərbaycanda müxtəlif xarici ölkələrin maraqları var. Müxtəlif xarici qurumlar aranı qarışdırmaq istəyirlər. Demokratik düşərgə, müxalifət olaraq dəfələrlə demişik ki, qarışıqlıq istəmirik. Dəyişikliklər seçki yolu ilə olmalıdır. Amma buna olan ümidlər doğrulmayanda şübhəsiz xalqın etiraz səsi yüksəlir. Azərbaycanda aranı qarışdırmaq istəyən qüvvələr də şübhəsiz bundan yararlanmağa çalışacaq. Sirr deyil ki, Ermənistana qardaş gözü ilə baxıb dövlətimizə həqarət edən, gah Azərbaycanı "Aran Respublikası”, gah da "Bakı Respublikası” adlandıran qonşularımızın dini qiyafədə olan təbliğatçıları var. Müəyyən təbliğat qrupları var ki, çox gözəl adlarla, layihələrlə gəlirlər, amma araşdıranda bəzilərinin arxasında düşmən qüvvələrin dayandığı üzə çıxır. Çox həssas dövrdür, ona görə də bu məsələlərdə diqqətli olmaq lazımdır.

 - Təqaüd yaşına çatan məmurların könüllü istefa verəcəyinə inanırsız?

- Məncə, könüllü istefalar ola bilər. Ümumi siyasəti, Prezidentin qətiyyətini görəndə başa düşəcəklər ki, "get” deyilməsini gözləməkdənsə,  "gedim” demək daha yaxşıdır.

- Milli Məclisin fəaliyyətini qənaətbəxş hesab etmək olarmı? 

- Milli Məclisdə yoxam deyə onu tənqidm etməyim bir az doğru çıxmaz. Mən Milli Məclisdə olarkən oranın işi ilə bağlı kifayət qədər tənqidi çıxışlar etmişəm. İndi bir daha onları təkrar etmək istəmirəm. Stenoqram var. Digər tərəfdən bu çıxışları jurnalistlər, deputat həmkarlarım eşidiblər. Günün birində o çıxışlarımı çap etdirəcəyəm.

Bununla belə, hesab edirəm ki, Milli Məclisdə millətin ümumi siyasi-ictimai coğrafiyası əsk olunmalıdır. Yəni, parlamentdə iqtidarla yanaşı müxalifət, Qeyri Hökumət Təşkilatları, müxtəlif təbəqələri təmsil edən insanlar da olmalıdır. Milli Məclis müzakirə yeridir. Görürsən ki, kimsə deputat seçildi, 5 il gəlib-getdi, heç nə danışmadı. Bu adamın deməyə sözü yoxdursa, onun ikinci dəfə orada olmasına nə ehtiyac var? 

Milli Məclis kifayət qədər savadlı, proqessiv düşüncəli, qanunvericlikdən anlayışı olan insanlardan ibarət olmalıdır. Amma orada bu səviyyədə olmayan adamlar var. Ümumiyyətlə, Milli Məclisdə xeyli artıq adam var və məncə, onlar da artıq nümunə götürüb parlamentdən getsələr yaxşı olar. 

loading...

Xəbər lenti