Qadın əsgərlər barədə bilmədiklərimiz - Görünüşcə gözəl olan qızlar...

Qadın əsgərlər barədə bilmədiklərimiz - Görünüşcə gözəl olan qızlar...
Panorama.az "Yeni Müsavat”a istinadla dünyadakı qadın orduları ilə bağlı maraqlı məlumatları təqdim edir:

Hansı ölkənin qadınları əsgər getməyə məcburdur?

Statistika göstərir ki, İngiltərə ordusunun 9 faizi, Nepal ordusunun isə 40 faizi qadın döyüşçülərdir. Dünya ölkələri arasında yalnız İsraildə qadınlar üçün hərbi xidmət məcburidir. Bu ölkədə qadınlar 20 yaşda əsgər aparılır. Kişilərin 3 il hərbi xidmət etdiyi bu ölkədə qadınlar məcburi 2 il hərbi xidmətdə olur. Müsəlman ölkələri arasında isə ən çox qadın İran ordusundadır. Ukrayna ordusu da qadın əsgərlərin sayına görə dünyada qabaqcıl yerlərdən birini tutur. Bu ölkənin ordusunda 50 min qadın əsgər var.

Dünya ordularında qadınların böyük qismi əsasən, arxa cəbhə təminatı və qərargah işlərində çalışırlar. Yalnız İsrail, ABŞ, Rusiya, Çin, Şimali Koreya və Böyük Britaniya ordusunda qadınlar bilavasitə döyüş tapşırıqlarında iştirak edə bilirlər.

Sovetlər dönəmində Böyük Vətən müharibəsi zamanı qadın əsgərlərin sayı isə 800 mini keçirdi. Bu qadın əsgərlərin 70 faizi döyüş bölgəsində, səngərdə düşmənlə üzbəüz olub. Əvvəlki illərlə müqayisədə əhali artımında bir durğunluq yaranan Türkiyədə isə gələcəkdə orduda qadınlara da ehtiyac duyulacağı gözlənilir.

ABŞ prezidenti də bu yaxınlarda çıxışlarının birində bu məsələyə münasibət bildirdi və qadınlar ön cəbhədə xidmət etməsinin mümkünlüyünü vurğuladı.

Norveç qadın əsgərləri dünyadakı müharibə bölgələrinə göndərilir

Digər ölkələrdə vəziyyət necədir? Norveç ordusunda desant olmaq istəyən qadınlar birgə yataqxanalarda qalmağa başlayıb. Norveç ordusunun 19%-ni əhatə edən qadın əsgərlər hazırda desant təhsili alaraq xarici ölkələrdəki müharibə bölgələrinə göndərilir. 2013-cü ilin fevral və mart aylarında elan verilib və 173 qadın müraciət edib. Bu qadınlar kişi hərbçilərlə eyni şərtlərdə təlim keçərək 2015-ci ildən vəzifəyə başlayıb. Bununla da hərbçi qadınlar xüsusi məntəqələrdə iştirak etmək hüququ qazanacaqlar.

Norveç ordusunda qadın hərbçilərin kişilərlə bərabər hüquqlara malik olmaları məsələsi uzun müddət müzakirə edilib. 2013-cü ilin aprel ayında iqtidardakı Sosial Demokrat Fəhlə Partiyası, Sosialist Sol Partiya və Sol Liberal Partiyasının müsbət səsləri qadınlara desant olmaq üçün yol açıb. Praktikaya görə, desant olmaq istəyən qadınlar kişilərlə eyni şərtlərdə təhsil alaraq təlim keçməlidir. Eyni yataqxanalarda qalan hərbçilər hətta eyni vannalardan istifadə etməlidir.

Ümumən isə dünyanın ən gözəl və ən ilginc ordusu Norveçə məxsusdur. Bu ölkənin ordusunda kişi və qadın əsgərlər eyni otaqda yatır. Hər otaqda 4 kişi və 2 qadın əsgər qalır. Orduya qoşulan qadınlar kişi əsgərlər kimi geyinir, onlarla eyni şərtlərdə təlim keçir və daim silahlı olur.

Məcburi hərbi xidmət qanunları səbəbindən əsgər gedən bu qadınlar vəziyyətlərindən narazı deyillər. Əksinə, onlar kişilərlə birlikdə olmağın döyüş ruhunu artırdığını düşünür. Norveç hökuməti tərəfindən ölkədə tətbiq olunan qadın və kişi əhali arasındakı cinsiyyət ayrı-seçkiliyini aradan qaldırmağı nəzərdə tutan proqram olduqca müvəffəqiyyətli nəticələr verməyə başlayıb.

Skandinaviya ölkəsi Norveç qadınlarla kişilərin eyni şərtlər daxilində məcburi əsgərlik xidməti etdikləri ilk NATO ölkəsi olub. Mövzuyla əlaqədar olaraq Norveç ordusunun nəzdində üç aya qədər başladılan ilk pilot tətbiqlərinin nəticələrindən hələlik hər kəs məmnundur. Orduda vəzifə yerinə yetirən qadın əsgərlər də eynilə kişi əsgərlər kimi geyinir, davamlı olaraq silah daşıyırlar. Ancaq qadın əsgərlərə saçlarını qısa kəsmək məcbur edilmir və onlara istədikləri menyunu seçmə imkanı verilir.

İsrail qızları orduya gedir, amma müharibəyə yox

İsrailin qadın əsgərləri müharibədə iştirak etməmək şərtilə cəbhə bölgələrində xidmət çəkirlər. 18 yaşı tamam olan, görünüşcə gözəl olan qadınlar qısa müddətdə təlim keçirlər.

Onlara bir çox döyüş növləri, bundan əlavə, onlara silahlardan istifadə və hərbi texnikalardan istifadə öyrədilir.

Təlimdən sonra onlar avtomatla müharibə bölgələrində xidmət edirlər. Dünyadakı ən səs-küylü və zaman-zaman qalmaqallarla gündəmə gələn qadın ordusu isə İsraildə imiş. Məsələn, iki il öncə İsraildən olan qadın əsgərlərin "YouTube”a çəkib yüklədikləri yeni video böyük səs-küyə səbəb olub. Videoda bir neçə yarı-çılpaq israilli qadın əsgərin silah ətrafında oynadığı görünür.

Qadınların sifətlərinin aydın görünmədiyi video "İsrael TV”də nümayiş olunub. Videoda iki qadın otağın ortasında tutduqları tüfəng ətrafında fırlanır. Çəkilişdən əsgərlərin rəqsini çəkən şəxsin videonu facebook-a yerləşdirəcəyini deməsi eşidilir.

Xatırladaq ki, bir müddət əvvəl İsrail ordusunda daha bir qalmaqal yaşanmışdı. Yenə qadın əsgərlər yarıçılpaq şəkildə şəkillərini çəkərək facebook-a yükləmişdilər.

İsrailin geyim firmalarından biri hərbi stildə yeni kolleksiyasının təqdimatı üçün hazırladığı təqvimdə İsrail ordusunda xidmət edən qadın əsgərlərdən istifadə edib. Onlardan model kimi yararlanan şirkətin hazırladığı təqvim hazırda İsraildə 25 dollara, ölkədən kənarda isə 35 dollara satılır. "Dünyanın ən seksi əsgəri geyim tərzi” adlanan kolleksiyanın isə ən tezi 2015-ci ildən satışa çıxarılacağı bildirilir.

Yaponiya dövləti də qadın hərbçilərin ön cəbhədə xidmət etməsinə icazə verən qanun qəbul etməyə hazırlaşır. Bu barədə ictimaiyyətə "Mainichi” qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, Yaponiya Müdafiə Nazirliyinin İş İnstitutu qadın əsgərlərlə bağlı qanun layihəsi hazırlayaraq hökumətə təqdim edib. Qeyd edək ki, qadın hərbçilərlə bağlı qanun layihəsinin hazırlanmasına səbəb Yaponiya əhalisinin sayında azalma müşahidə olunmasıdır. Yeni qanuna görə, xarici ölkələrdə xidmət edən qadın əsgərlər geri çağırılaraq Yaponiyanın ön cəbhələrinə göndəriləcək.

Türkiyə Silahlı Qüvvələrinin göz bəbəyi olan 4-cü Komando Tuqayında 4 qadın komandir var. Tunceli dağlarını qoruyan 4-cü Komando Tuqayındakı 4 qadın komandir heç də kişi hərbçilərdən geri qalmır. Qadın hərbçilər terrorla mübarizədə qaynar nöqtə olan Tunceli dağlarında qorxmadan xidmət edirlər. Onlar kişilərlə bir yerdə məşq edir. Və bütün normativlərdə cinsi ayrı-seçkilik yaşanmır.

NATO bünyəsində Əfqanıstanda vəzifə yerinə yetirən Birləşmiş Krallığın əsgərlərinin arasında çox sayda qadın əsgər var. Bu qadın əsgərlər digər əsgərlər kimi patrula çıxır, lazım olduğunda Talibanla qarşıdurmalara qatılır. İngilis qadın əsgərlərin bir vəzifəsi daha var. Yerli xalq ilə ünsiyyət qurmaq və onların etibarını qazanmaq. Foto müxbir Alison Baskerville Əfqanıstandakı ingilis qadın əsgərlərin gündəlik həyatlarını göstərmək üçün icazə alaraq, media ilə paylaşıb. Qadın əsgərlərin duşundan, yuyub asdıqları alt paltarlarına qədər hər cür xüsusiyyətlərini çəkən usta fotoqraf bunları ölkəsindəki bir qalereyada sərgilənib.

Hazırda Azərbaycan Silahlı Qüvvələrində zabit, gizir, çavuş və əsgər vəzifələrində təqribən 1000 nəfərə yaxın qadın hərbi qulluqçu xidmət edir. Bu barədə daha öncə medianın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib. Onun sözlərinə görə, qadınların hərbi xidmət keçməsi "Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə tənzimlənir və könüllü surətdə həyata keçirilir.

Qeyd edək ki, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları və digər şəxslər aşağıdakı hərbi xidmətlərə könüllü daxil ola və qəbul edilə bilərlər:

- əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətinə - qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən, gizirlərdən və miçmanlardan başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar;

- gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar;

- zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar.
Загрузка...

Xəbər lenti