Qafqaz Müsəlmanları İdarəsi “Qaloş piri” olayını pislədi: “Xurafatdır…”

Qafqaz Müsəlmanları İdarəsi “Qaloş piri” olayını pislədi: “Xurafatdır…”
"Belə addımlar İslamda ən böyük günahdır”.

Sfera.az-a açıqlamasında bu sözləri "Qaloş piri” biabırçılığı ilə bağlı dinşünas Elşad Miri deyib. Onun fikrincə, belə əməllərin Allaha, Peyğımbətə qarşı gələn insanların etdiklərindən heç bir fərqi yoxdur:

"Peyğəmbərin dövründə insanlar Allaha inanırdılar, onlar dindar idilər. Sadəcə olaraq, insanları Allaha yaxınlaşdırmaq üçün vasitəçilər qoşurdular. Həmin vasitəçilər də "Qurani-Kərim”də” büt adlandırılır. İndi də bu insanlar belə bir bütdən istifadə edirlər. İndi insan gedib hansısa ağanın qəbrindən, bir seyidin heykəl, qaloş və yaxud papağından hansısa arzusunun yerinə yetirilməsini istəyirsə, bunun Allaha, Peyğımbərə qarşı gələn insanların etdiklərindən heç bir fərqi yoxdur. Bu İslamda ən böyük günahdır. İnsanlar ayılmalı və arada heç bir vasitə olmadan ancaq Allahdan istəməlidirlər”.

"Bizə aydiyyatı yoxdur”.

Bu sözləri isə Sfera.az əməkdaşına açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib:

"Həmin pirlin idarə olaraq bizim quruma heç bir aydiyyatı yoxdur. Bu hansısa özfəaliyyətdir. Amma ümumiyyətlə, xurafat olaraq baş verənləri pisləyirik”.

Qeyd edək ki, sosial şəbəkələrdə Goranboyun Qurbanzadə kəndindəki pirdə çəkilən görüntülər səs-küylü müzakirələrə səbəb olub. Müzakirələrin səbəbi isə insanların nicat tapmaq üçün gəldiyi pirdə başına qaloş sürtülməsi olayıdır. İddialara görə, qaloş burada yaşayan Seyid Miribiş ağaya məxsusdur. Lakin Goranboy Rayon İcra Hakimiyyətinin Qurbanzadə kənd icra nümayəndəsi Mehman İbrahimovun mətbuata verdiyi açıqlamaya görə orada insanların başına çəkilən əşya qaloş deyil, seyid adlandırılan həmin şəxsin papağı olub.
loading...

Xəbər lenti