Qanunda avtomobillərin texniki baxışı ilə bağlı boşluq var: "Allaha dua edib sürürlər"

Qanunda avtomobillərin texniki baxışı ilə bağlı boşluq var:
"Yol hərəkəti haqqında" qanuna görə minik və icazə verilən maksimum kütləsi 3,5 tona qədər olan yük maşınları istehsal olunduğu vaxtdan dörd il keçdikdə, iki ildə bir dəfə texniki baxışdan keçməlidir. İstehsal olunduğu vaxtdan on il keçdikdə isə ildə bir dəfə texniki baxışa təqdim olunmalıdırlar.

Nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

İnzibati Xətalar Məcəlləsinin 339.1-1 maddəsinin tələblərinə əsasən texniki baxışdan keçməmiş nəqliyyat vasitələri yol hərəkətində iştirakı zamanı xüsusi texniki vasitələrin köməyilə aşkarlanır və inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır. Həmin sürücülər 50 manat məbləğində cərimə edilir.

Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnaməyə də diqqət edək.

Əsasnamədə nəqliyyat vasitələrini dövlət texniki baxışının keçirildiyi yerə gətirmək mümkün olmadığı hallar nəzərə alınıb.

Belə ki, nasazlığa, ehtiyat hissələrinin olmadığına görə avtomobili texniki baxışa aparmaq mümkün olmadıqda, müəyyən edilmiş müddət ərzində onun sahibi aidiyyəti üzrə texniki baxışı keçirən orqana yazılı ərizə ilə müraciət edir.

Nəqliyyat vasitəsinə həmin orqan tərəfindən nəqliyyatın dayanacaq yerində baxış keçirilir və nasazlıq aradan qaldırılana qədər nəqliyyatın istismarı orqanların təlimatlarına müvafiq qaydada qadağan edilir. 

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Oxu.Az-a açıqlamasında bildirib ki, əgər avtomobil sahibi texniki baxış müddətində ölkədə olmayıbsa və ya maşını ustadadırsa, bu zaman ona cərimə yazıla bilməz.

"Avtomobil idarə olunmursa, ona cərimə tətbiq edilə bilməz. Cərimə elektron qaydada tətbiq olunur. Ya da inspektor həmin avtomobili yolda aşkarlasa, cərimə yaza bilər. Kimsə avtomobili qarajda saxlayıb, gedib xaricdə dincəlirsə, ona kim cərimə yaza bilər?!"

E.Muradlı qeyd edib ki, xaricdə olan avtomobil sahibi ölkəyə gəldikdən sonra nəqliyyat vasitəsini texniki baxışdan keçirməlidir.

Ekspert qanunvericilikdəki boşluqlara da diqqət çəkərək deyib:

"Fərz edək ki, avtomobil sahibi bir ildir ölkədə deyil və qayıtdıqdan sonra maşınını texniki baxışa aparır. Həmin şəxs yolla gedərkən kameraya düşür və ya inspektor saxlayır, cərimə yazır. Bu zaman həmin şəxs necə əsaslandırsın ki, texniki baxışa gedir? Bu zaman o sonradan gedib şikayət etməlidir, əsaslandırmalıdır ki, ölkədə yox idi, texniki baxışa gedərkən cərimələnib. Onda belə çıxır ki, belə halda sürücü avtomobili evakuatorla aparmalıdır. Ya da ki, sürə-sürə gedirsə, Allaha dua etməlidir ki, kameraya çəkməsinlər. Qanunda belə boşluq var".

E.Muradlı təklif edib ki, belə sürücülər yaşadığı ərazi ürə dövlət yol polisi şöbəsinə yaxınlaşıb, ərizə yazmalıdır.

"O, ərizə yazaraq arayış istəməlidir ki, avtomobilini sürərək texniki baxışa aparsın. Bu, daha optimal variantdır".

loading...

Xəbər lenti