“Qanuni oğru”lar arasında savaş başladı - Türkiyədə “sxodka“

“Qanuni oğru”lar arasında savaş başladı - Türkiyədə “sxodka“
Məlum olduğu kimi, məşhur "qanuni oğru” Tariel Oniani ("Taro”) ötən həftə azadlığa buraxılıb. "Taro” 10 il idi ki, Orenburq vilayətindəki "Qara delfin” adlandırılan ciddi rejimli həbsxanada cəza çəkirdi. Bildirilirdi ki, o, uzun müddətli həbsdə olan Zaxari Kalaşovdan ("Şakro Molodoy”) sonra Rusiya kriminalının əsas lideri olmağa iddialıdır.

Oninaninin Türkiyədə məskunlaşacağı deyilirdi. Çünki "Taro” həbsdən çıxan ərəfədə Rusiya prezidenti Vladimir Putin mütəşəkkil cinayətkar qrupların liderləri barəsində cəza tədbirlərinin sərtləşdirilməsi haqda qanun imzalayıb. Qanuna görə, cinayətkar qruplaşmaların lideri kimi tanınmış şəxslər 8 ildən 15 ilə kimi azadlıqdan məhrum edilməlidir. Qanunun əsas mahiyyəti bundan ibarətdir ki, "qanuni oğru” kimi tanınan şəxslərin bu statuslarını etiraf etməsi onların həbsi üçün yetərli əsas olacaq.

Hazırda "Taro”nun harada olduğu barədə dəqiq bilgi olmasa da, onun başçılıq etdiyi "Kutaisi klanı” Türkiyədə cinayət aləmini qarışdıran "sxodka” ("oğru toplantısı”) keçiriblər. Toplantıya Teymuraz Nemsitsveridze ("Çripa”), Roman Cəfərov ("Romik Kürd”), Laşa və başqa "qanuni oğru”lar qatılıb. Yığıncaqda liderliyi isə "Taro”nun ən yaxın adamlarından olan "Dato Surqut” ləqəbli David Çxikvişvili edib.

"Oğruların” toplantısında yeni "qanuni oğru” taclandırılıb ki, bu da cinayət aləmində geniş rezonans və qarşıdurma yaradıb. Toplantıda "Aktan” kimi tanınan Orta Asiya cinayətkar qruplaşmasının üzvünə "ad” verilib. Yarı özbək- yarı qırğız olan "Aktan” yaxınlarda Dubaydakı həbsxanada 10 illik cəzasını başa vurub. Mənbənin verdiyi məlumata görə, onun "qanuni oğru” adı almasına özbəkistanlı iş adamı və xeyriyyəçi, Beynəlxalq Boks Federasiyasının rəhbəri Qafur Rəhimov kömək edib.

48 yaşlı "Aktan”ın taclanması qəzəb doğurub. Əvvəla, o səbəbdən ki, "sxodka”da iştirak edənlərdən iki nəfərinin "qanuni oğru” adı şübhəlidir. İkinci ən mühüm səbəb isə budur ki, "Şakro Molodoy” 3 ildir ki, "qanuni oğru” adı verilməsinə moratorium qoyub ki, bu, hələ də qüvvədədir. Məlumatlara görə, "Aktan”ı müdafiə edənlər əvvəl "Şakro” ya müraciət edib, amma o, bu təklifdən imtina edib. "Taro” azadlığa çıxan kimi isə "Kutaisi" klanı "Şakro” nu saymayıb və belə bir addım atıb.

"Kutaisi" klanı elan edib ki, "Şakro kral deyil, şef deyil, hər kəs kimi bir səsə sahibdir". Bu isə Rusiya cinayət aləmində lider olmağa iddialı olan "Taro” ilə "Şakro”nun qarşı-qarşıya gəlməsi deməkdir. Rusiya mənbələri yazır ki, artıq gözlənilən savaş başlamış hesab oluna bilər.

Musavat.com

Загрузка...

Xəbər lenti