Ramil Usubov 20 illik sirri açdı

Ramil Usubov 20 illik sirri açdı
"Heydər Əliyevə qarşı sui-qəsddə ittiham olunan Şahin Musayev dedi ki, Baş Kəşfiyyat İdarəsinin əməkdaşıyam”
"Ötən əsrin 90-cı illərinin sonları idi. Ağır dövləti cinayətlərdə, o cümlədən Heydər Əliyevə qarşı sui-qəsddə ittiham olunan general Şahin Musayev Rusiya hüquq mühafizə orqanları ilə birgə apardığımız əməliyyat tədbirləri nəticəsində həbs olunmuş və Azərbaycanın tələbi ilə onun ekstradisiyası gündəmə gəlmişdi. Lakin Rusiyanın Baş Prokurorluğu bu haqlı tələbi qəbul etməmiş və Şahin Musayev həbsdən azad olunmuşdu. Bir müddət sonra Rusiyadakı səfirimiz Ramiz Rzayev məlumat verdi ki, Şahin Musayev hakimiyyətdən bir təmsilçi ilə görüşmək istəyir və onun arzusu odur ki, görüşdə məhz mən olum. Heydər Əliyevin tapşırığı ilə Moskvada Şahin Musayevlə görüşdüm. Ona hakimiyyətin tələblərini çatdırdım və Bakıya dönməsini tövsiyə etdim. Lakin Şahin Musayev birmənalı bildirdi ki, "mən Bakıya dönməyəcəyəm. Heç sizlər də məni ekstradisiya edə bilməyəcəksiniz. Çünki mən Baş Kəşfiyyat İdarəsinin əməkdaşıyam. Onlar məni sizə təhvil verməzlər””.

Bunu "Azərbaycan” qəzetinə müsahibəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubov danışıb.

"Bakıya dönərək söhbət barədə ulu öndərə məruzə etdim. Mən Heydər Əliyevə müraciətlə bəlkə mövzunu Prezident Boris Yeltsinlə müzakirə edəsiniz?! O, yəqin, ekstradisiya məsələsinə kömək edər dedim. Heydər Əliyev bir qədər düşündükdən sonra, hətta bir anlıq tərəddüdlə rusiyalı həmkarına zəng etdi. Boris Yeltsinə mövzu barədə geniş məlumat verdi, Şahin Musayevin dövləti cinayətlərdə və şəxsən ona qarşı sui-qəsddə iştirakının məhkəmədə tam təsdiq olunduğunu söylədi. Boris Yeltsinin cavabı isə əslində elə Heydər Əliyevin gözlədiyi kimi oldu: "Heydər Əliyeviç, məsələdən xəbərdaram. Mənə Şahin Musayev barədə məlumat veriblər. O, bizim mühüm dövlət sirlərimizin daşıyıcısıdır. Bağışlayın, bu səbəbdən onu sizə ekstradisiya edə bilmərik”.

Heydər Əliyev dəstəyi yerinə qoyandan sonra acı-acı gülərək "Ramil, görürsən o vaxtkı rəhbərlik necə agentləri, kəşfiyyatçıları ordumuzun başına qoymuşdu?! Onlar bizim Qarabağdakı uğursuzluqlarımızın əsas səbəbkarlarıdır. Bu agentlər Azərbaycandan başqa hər qüvvəyə, hər kəsə xidmət etdilər” dedi.

Bəli, Heydər Əliyev, həmişəki kimi, tam haqlı idi. Təsəvvür edin, Şahin Musayev kimi xarici ölkə kəşfiyyatına xidmət etməsi məlum olan birisi Azərbaycanın müdafiə naziri səlahiyyətlərini icra etmiş, nazirliyin Baş Qərargah rəisi təyin olunmuşdu. Azərbaycan Ordusunun bütün taleyi milli hislərdən, azərbaycançılıqdan uzaq olan adama tapşırılmışdı. Özü də bu fakt tək deyildi, belə hallar onlarla idi.

Heydər Əliyev bütün müqayisələrin fövqündə durur və onu heç vaxt kiminləsə, o da ola tarixmizə adı qara ləkə kimi düşmüş insanlarla müqayisə etməmişəm. Amma həqiqət müqayisədə üzə çıxdığından bu açıq və səmimi söhbətimizdə hökmən bir məqama nəzər salmalıyam: Heydər Əliyev 1988-1993-cü illərdə ölkəyə rəhbərlik etsəydi, belə agentlər, xainlər vəzifə tuta bilərdilərmi? Yaxud, ümumiyyətlə o dövrdə rəhbərlikdə məhz Heydər Əliyev olsaydı, həmin illərin təlatümləri, tənəzzülləri, Qarabağ münaqişəsi yaranardımı?..

Biz Azərbaycan xalqı olaraq Heydər Əliyevli illərimizin qürurunu yaşadığımız kimi, Heydər Əliyevsiz keçən 1988-1993-cü illərin məşəqqətlərini, faciələrini də unutmuruq və bunları yeni nəslə daim təlqin etməliyik”, - nazir əlavə edib.

Real TV
Загрузка...

Xəbər lenti