Rus jurnalist Şimali Koreyada nələr gördü: Turistlərə metronun yalnız iki stansiyasını göstərirlər

Rus jurnalist Şimali Koreyada nələr gördü: Turistlərə metronun yalnız iki stansiyasını göstərirlər

Şimali Koreya dünyanın ən qapalı ölkəsi olmaqla yanaşı, həm də turistlərin böyük diqqətini çəkir.

Böyük təcrübəsi olan turistlərdən bu ölkəyə getmək istəməyənini görməzsiniz. Rusiyanın "lenta.ru” portalının əməkdaşı Kseniya Melnikova da qapalı və maraqlı ölkəni görmək, gördüklərini yazmaq qərarına gəlib.

Bizimyol.info Melnikovanın qeydlərini nəzərinizə çatdırır. Rus jurnalist qadın hər şeydən əvvəl Şimali Koreyada ciddi izlənildiklərini bildirir.

Melnikova yazır ki, hələ aeroportda onlara rus dilində mükəmməl danışan bir neçə bələdçi və sürücü yaxınlaşıb. Həmin adamlar turistlərə şəhərdə rahat gəzməyə imkan vermək fikrində deyil. Onlar əlindən gələni edir ki, əcnəbilər yerli insanlarla ünsiyyətə girməsin.

Jurnalist Rusiyadan Şimali Koreyaya aviabiletin baha olmasından gileylənib. Halbuki uzaq ölkələr deyillər. Jurnalistin təxminən 500 dolları çıxıb. Üstəlik, bir həftə orada dördulduzlu oteldə qalmaq 500 avrodan ucuz başa gəlmir.

Melnikova əvvəlcə paytaxt Pxenyanda olub. Yazdığına görə, şəhər çox erkən oyanır, artıq saat 8-də küçələr adamla dolu olur.

Sahibkarlığa icazə verməyə başlayıblar. Hər halda, küçələrdə özəl şirkətin taksiləri peyda olub.

Portalın əməkdaşı Pxenyanı ötən əsrin 60-cı illərinin əyalət şəhərinə bənzədib. Hər yer təmizdir, amma həm də darıxdırıcıdır. Şəhəri liderlərin portretləri bürüyüb.

Küçələrdə avtomobil nadir hallarda gözə dəyir. Amma ara-sıra şütüyən maşınlar da insanların diqqətini çəkmir. Sanki belə də olmalıdır.

Pxenyanda yeni uca binalar tikilib. Amma elə təəssürat var ki, mənzillərin çoxu boşdur.

İnsanların geyimi nimdaş təsir bağışlamır. Kişilər, adətən, müasir Avropa geyimlərindən istifadə edir. Şalvarlı qadınlar da çoxdur.

Mobil telefonlar da gözə dəyir. Amma çox köhnə modellərdir.

Pxenyan metrosunun iki stansiyası var. Turistlərə bunlardan yalnız ikisini  – "Yenqvan” və "Puxın”ı görməyə imkan verirlər.

Şayiə var ki, guya çoxlu şəkil çəkənləri hətta həbs edə bilərlər. Melnikova belə qadağa olmadığını bildirir.

Jurnalist yazır ki, əcnəbilər şimalikoreyalıların "Tedonqan” pivəsini xoşlayır. Yerli mətbəxdən it supu məşhurdur. Amma şimalikoreyalılar bayramdan-bayrama bu yeməyin dadına baxır. Ümumiyyətlə, onlar daha çox tərəvəzlə qidalanır. Buna görə də arıq adam çox gözə dəyir.

Melnikova turist sayının nəzərəçarpan dərəcədə artdığını qeyd edir. Jurnalist bundan sonra Cənubi Koreyanın paytaxtı Seula yola düşüb və ölkələr arasında böyük fərqi yazıb.

loading...

Xəbər lenti