Samir Şərifov nə demək istəyirdi...

Samir Şərifov nə demək istəyirdi...

Parlamentdə 2019-cu ilin büdcə layihəsinə dair müzakirələrdən sonra maliyyə naziri Samir Şərifovun dövlət televiziyasına müsahibəsində manatın taleyi barədə dedikləri ekspert çevrələrində, ümumən ölkənin ictimai rəyində birmənalı olmayan reaksiyalara və spekulyativ ajiotaja səbəb oldu. Axı nazirin bu sözləri müəyyən dərəcədə hökumətin gələcək maliyyə və monetar siyasətinə, habelə Azərbaycan milli valyutasının vəziyyətinə işıq salırdı: Azərbaycana manatın kursunun hədsiz möhkəmlənməsi sərfəli deyil.

Xatırladırıq ki, saytımızın ekspertləri bu problemə onlarla analitik məqalə həsr ediblər və orada həmin konseptual yanaşmanın motivlərini aydın, obyektiv şəkildə izah etməyə çalışıblar. Doğrudan da, güclü milli valyuta bir sıra digər amillərlə bərabər, iqtisadiyyatın yazılı gerçəkliklərinə əsasən, yerli istehsal malların qiymətlərinin yüksəlməsinə, nəticədə, idxalın artmasına və ixracın azalmasına gətirib çıxarır. Və belə situasiyada hökumətin valyuta ehtiyatlarının artırılmasına yönəlmiş bütün tədbirləri və hərəkətləri nəticəsiz qalır. Yerli istehsalçılar isə istehsalın həcmini azaltmalı olurlar.

Nazir də bunu nəzərdə tutaraq qeyd edirdi: "Çox güclü manat Azərbaycan istehsalçılarının ixrac potensialına mənfi təsir edir. Onların məhsulları ixrac üçün daha az rəqabətə davamlı olur. Digər tərəfdən yerli istehsalçılar daxili bazarda da rəqabəti uduzurlar, çünki idxal olunan mallar daha ucuz olur”.

Daha sonra nazir əlavə edib ki, ölkədə son illər yürüdülən siyasət "makroiqtisadi balansın və dayanıqlı iqtisadi artımın” dəstəklənməsinə yönəlib. Və bu sözlər fərqli yozumlar üçün yer qoymur.

Belə qənaət yaranırdı ki, nazir hər şeyi dəqiq ifadə edib. Lakin müxalif ekspertlər və özlərini iqtisadçı adlandıranlar dərhal hay-küy qaldırdılar, cəmiyyəti yeni devalvasiya ilə qorxutmağa çalışdılar. Bədxahlar sosial şəbəkələr və az tanınan saytlar vasitəsilə maliyyə nazirinin bəyanatları ətrafında diskussiyanı qızışdırmağa başladılar. Amma bununla da iş bitmədi, oyuna diletantlarla yanaşı, ağır çəkililər də qoşuldu və artıq onların şərhləri narahatlıq doğurmağa başladı.

Məsələn, az tanınan saytlardan birində Mütəllibov və AXC hökumətinin eks vitse-premyeri, Milli Məclisin indiki deputatı Vahid Əhmədovun ekspert dəyərləndirmələri yer aldı. Və özü üçün qəribə - ümummilli bəlanın "qaranquşu” rolunu seçmiş deputat-ekspertin dilindən çıxan döyüşkən ruhlu diletantlıq heç bir şübhə yeri qoymadı – haqqin.az diskussiyaya qoşulmalıdır.

Azərbaycanda artıq biz onun şahidi olmuşuq ki, Mərkəzi Bank məzənnə siyasətini manatın ucuzlaşmasından və ya möhkəmlənməsindən asılı olaraq dəyişib. Əgər 2000-ci illərin ortalarında ölkəyə nəhəng miqdarda neft dollarlarının daxil olması Mərkəzi Bankı manatın möhkəmlənməsinə imkan verməmək üçün kütləvi manat intervensiyası həyata keçirməyə və dollar almaq üçün milyardlarla manat xərcləməyə məcbur edirdisə, 2014-cü ilin neft böhranından sonra mənzərə əsaslı şəkildə dəyişdi. Ölkənin valyuta ehtiyatlarından milyardlarla dollar qısa müddət ərzində valyuta bazarlarına buraxıldı ki, ucuzlaşan manat sərt böhranın pəncələri altında əzilib məhv olmasın.

Yenə təkrar etmək lazım gəlir ki, bütün bunlar oxuculara da, ekspertlərə də, xüsusən də ekspert-deputata yaxşı bəllidir. O zaman bu qədər səs-küy qaldırmaq və stulu sındırmaq nəyə lazımdır, bir halda ki, söhbətin məlum həqiqətdən getdiyi bəllidir? Və bu məqamda dərhal qeyd etmək lazımdır ki, bütün bu şərhlər nazirin sözləri əsasında qurulmur, Şərifovun guya hansı bostana daş atdığı barədə fərziyyə yürüdən skeptiklərin uydurmalarına əsaslanır. Axı məzənnə siyasəti müstəsna olaraq Mərkəzi Bankın səlahiyyətlərindədir, idxal və ixrac məsələsi isə İqtisadiyyat Nazirliyinin sahəsidir. Maliyyə Nazirliyinin işi isə büdcə gəlirlərinə və xərclərinə nəzarət etməkdir. Və bir halda ki, maliyyə naziri manatın məzənnəsi haqda danışdı, deməli, belələrinin fikrincə, fəlakətdən qaçmaq mümkün deyilmiş.

Amma məsələ də bundadır ki, Samir Şərifov AzTV-dəki çıxışında məzənnə siyasəti barədə ümumiyyətlə bəhs etməyib! Azərbaycan hökumətinin bu ehtiyatlı naziri öz xidməti səlahiyyətlərinin hüdudlarından kənara çıxmayıb. Əksinə, nazirin çıxışının mahiyyəti ictimaiyyəti ona əmin etməyə yönəlmişdi ki, dünya neft bazarında son həftələrdə hökm sürən müəyyən volatilliyə baxmayaraq, gələn ilin dövlət büdcəsi müxtəlif neqativ ssenarilərdən maksimal müdafiə nəzərə alınmaqla formalaşdırılıb. Deməli, ekspertlər bu mühüm nailiyyəti qeyd etməliydi: dövlət büdcəsi ilk dəfə dövlətin maliyyə resurslarının idarə olunmasına dair yeni Büdcə qaydalarının bazasında hazırlanıb!

Bu mühüm məqam isə, təəssüf ki, başqalarının uydurmalarına əsaslanıb fikir yürüdən ekspertlərimiz tərəfindən praktiki olaraq müzakirə olunmayıb. Hərçənd, onun ölkə üçün indiki əsassız diskussiyadan fərqli olaraq, daha böyük əhəmiyyəti var idi, o cümlədən sosial əhəmiyyəti. Axı yeni Qaydalar hökumətə büdcənin xərclər hissəsini hətta ölkə üçün ən ağır dövrdə belə azaltmağa icazə vermir. 2016-cı ildə dərinləşən iqtisadi böhranın büdcə xərclərini ixtisar etməyə məcbur etdiyi acı təcrübəsi öz işini görüb, bu ixtisar ölkə iqtisadiyyatında ciddi gerilməyə səbəb oldu, ÜDM istehsalı 3 faizdən çox azaldı. Və hamı başa düşdü ki, yaşamaq çətinləşib. Gələcəkdə isə biz sosial çaxnaşmalara səbəb ola biləcək bu cür kəskin hərəkətlərin baş verməyəcəyinə əminik. Amma bütün bunlar öz oyunlarına bəzi ekspertləri və populist bəyanatları ilə tanınan deputat Əhmədovu da cəlb etməyə nail olan iqtisadiyyat diletantlarını az maraqlandırır.

Həmin yeni büdcə Qaydalarının əsas xüsusiyyətlərindən biri neftdən əldə olunan gəlirlər hesabına Neft Fondunda cəmləşmiş xarici valyutadan dövlət büdcəsinin gəlirlər hissəsində istifadənin orta və uzunmüddətli limitlərinin müəyyən edilməsidir. Və nazir bu məsələyə toxunaraq qeyd etdi ki, həmin limitlər dövlətin "neft dollarlarından” büdcə xərclərinin maliyyələşdirilməsi üçün daxili valyuta bazarında hədsiz istifadəsindən çəkinməsini nəzərdə tutur.

S.Şərifov Neft Fondundan transferlərin azaldılmasının zəruriliyi haqda birinci dəfə deyil ki danışır. Və bu çağırış hamı tərəfindən dəstəklənməyə layiqdir. Yeni qaydalardan istifadə isə neft sektorundan daxilolmaların əhəmiyyətli artımı dövründə neqativ ssenarilərdən qaçmağa imkan verəcək. Belə ki, bazarda hədsiz valyuta təklifi bir tərəfdən manatı çox möhkəmləndirəcək, nəticədə yerli istehsala və milli ixracatçılara ilk növbədə zərbə vuracaq. Digər tərəfdən isə Mərkəzi Bank tərəfindən bazardakı artıq valyutanın məcburi alınması pul bazasının ifrat genişlənməsinə gətirib çıxara, bu isə öz növbəsində ciddi inflyasiya təzyiqləri yarada və ümumən iqtisadiyyata mənfi təsir edə bilər.

Və ümumiyyətlə, diqqətli teletamaşaçı yəqin xatırlayır ki, ancaq Büdcə qaydaları kontekstində Samir Şərifov "manatın hədsiz möhkəmlənməsi yerli istehsalçılara neqativ təsir edə bilər” fikrini səsləndirib. Bunu dərk etmək üçün iqtisadçı olmağa gərək yoxdur ki, son illər milli iqtisadiyyatın dinamik şəkildə inkişaf edən qeyri-neft sektoru manatın hədsiz möhkəmlənməsi şəraitində rəqabətə daha az davamlı olacaq, daxili bazar isə yenidən idxal mallarının ekspansiyasına məruz qalacaq. Yerli istehsalçılar üçün manatın hədsiz möhkəmlənməsinin neqativ təsirləri barədə fikri təhrif edib bunu mümkün devalvasiyanın əlamətləri kimi yozmaq ancaq Azərbaycan iqtisadiyyatında əldə edilmiş dayanıqlılığı bəyənməyənlərin işi ola bilər.

Sevinmək lazımdır ki, maliyyə naziri Şərifov öz çıxışında bu cür bədxahlardan fərqli olaraq  ancaq Büdcə Qaydalarına əməl edilməsinin zəruriliyi haqda danışıb. Bu qaydaların tətbiqi imkan verir ki, ilk növbədə orta və uzunmüddətli perspektivdə dövlət xərclərinin yuxarı həddi müəyyən edilsin. Eyni zamanda dövlət büdcəsinin xərclərini büdcə ili çərçivəsində maliyyələşdirmək üçün istifadə olunacaq neft gəlirlərinin son həddi müəyyənləşdirilsin. Bu cür büdcə-fiskal siyasəti Mərkəzi Bank tərəfindən həyata keçirilən monetar siyasətin əsas hədəflərini--manatın stabil məzənnəsi və aşağı inflyasiyanı dəstəkləyir.

Beləliklə, 2019-cu ilin büdcəsi Büdcə qaydalarının bazasında hazırlanıb. Bu, bir tərəfdən dövlət xərclərinin maliyyələşdirilməsinin zəruri səviyyəsini müəyyən edir, digər tərəfdən isə manatın 2017-ci ildə formalaşmış optimal məzənnəsini dəstəkləyir. Bundan əlavə yeni qaydalar daxili valyuta bazarında satışa çıxarmaq və ölkənin idxal tələbatını ödəmək, dövlət və özəl təşkilatların xarici borclarına xidmət edilməsi üçün kifayət qədər həcmdə (amma lazım olandan artıq həcmdə yox)  xarici valyuta çıxarmağı nəzərdə tutur. Və strategiya prezident İlham Əliyevin rəhbərliyi altında Mərkəzi Bankla birlikdə uğurla həyata keçirilir.

O zaman özünü guya dövlətin siyasətinin tərəfdarı kimi təqdim edən  deputat Vahid Əhmədovun həmin blits-müsahibəsindən sonra bunun arxasında bəd niyyətin dayanmadığına necə əmin olasan? Doğrudur, deputat müsahibəsinin əvvəlində təsdiq edir ki, nazirin sözləri kontekstdən çıxarılıb. Amma nəyə görəsə daha sonra özünün məntiqi ardıcıllığını pozur və absurd fikirləri ilə heyrətləndirir, Şərifovun-İlham Əliyevin komandasının ən təcrübəli üzvlərindən birinin ünvanına tamamilə qeyri-korrekt ittihamlar irəli sürür.

Hərçənd Əhmədovun eyni vaxtda iki stulda oturmaq kimi permanent konyunktur ehtirasları heç kimə sirr deyil. Son illərdə sovet "qırımızı direktoru”nun nümayəndələrindən biri ancaq məzənnə probleminə köklənib. Vahid Əhmədovun manatın kəskin ucuzlaşacağı haqda verdiyi proqnozlar yaddaşlarda hələ təzədir. Mərkəzi Bankın və digər maliyyə institutlarının, habelə hökumət nümayəndələrinin valyuta və pul-kredit siyasəti barədə optimist bəyanatlarına baxmayaraq Əhmədov qətiyyən başı çıxmadığı sahə barədə ictimaiyyəti məsuliyyətsiz, açıq-aşkar qızışdırıcı açıqlamaları ilə çaşdırmağa çalışır. Hansı ki, onun keçmişdə verdiyi təşviş dolu proqnozların heç biri (belə proqnozlar isə az deyildi) gerçəkləşməyib. Axı hələ bir neçə il əvvəl başlayan iqtisadi gerləmənin kulminasiya məqamında Vahid Əhmədov manatın devalvasiya uçurumuna yuvarlanacağı haqda danışıb xof yaradırdı. Amma sərt monetar siyasət nəticəsində böhran dayandı, manat tezliklə özünə gəldi. Əhmədovun proqnozlarını isə sözün əsl mənasında yel apardı.

Deputat nəyə görə bu cür şadyanalıqla maliyyə fəlakəti proqnozlaşdırır? Doğrudanmı o hələ də başa düşməyib ki, Samir Şərifov ölkənin diqqətinə nələri çatdırmağı çalışırdı?

Virtualaz.org



Xəbər lenti