SOCAR-la BŞİH arasında anlaşmazlıq: “Kitab dayanacağı”nı kim söküb? - RƏSMİ

SOCAR-la BŞİH arasında anlaşmazlıq: “Kitab dayanacağı”nı kim söküb? - RƏSMİ
Xəbər verdiyimiz kimi, dörd gün öncə paytaxtın Nərimanov rayonu Nazim Hacıyev küçəsində yaradılan ilk kitab köşkü ("Kitab dayanacağı") dünən səhər saatlarında sökülüb. Məlumata görə, köşkü Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət departamentinin əməkdaşları söküblər.  
"Yeni Sabah” köşkün hansı səbəblə söküldüyünü aydınlaşdırmaq üçün BŞİH-in mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov ilə əlaqə saxlayıb.

O bildirib ki, köşkün bağlanmasına səbəb rəsmi sənədlərin olmamasıdır:

"Hər hansı köşkün qoyulması üçün müvafiq qurumların icazəsi olmalıdır. Heç kimin xəbəri yoxdur, heç kəsə demədən gətirib köşkü qoyublar. Hansı məqsədlə qoyulmasından asılı olmayaraq, hər hansı bir köşk qoyulmadan öncə müvafiq orqanın icazəsi alınmalıdır. Hər şey qanunla olmalıdır”.

İsrafil Kərimovun sözlərinə görə, araşdırmalardan sonra köşkü SOCAR-ın qoyduğu anlaşılıb və icazəsiz qoyulan köşk elə SOCAR-ın öz işçiləri tərəfindən sökülüb:

"Köşkün sökülməsi ilə bağlı apardığımız araşdırmalardan məlum olub ki, bir neçə gün bundan əvvəl sözügedən köşk SOCAR işçiləri tərəfindən quraşdırılıb. Həmin köşkün üzərində SOCAR-ın loqosu olub. Köşkün qoyulduğu yer də SOCAR-ın  Elmi Tədqiqat İnstitutunun yanıdır. Lakin müvafiq icazə alınmayıb. Buna görə də, köşk SOCAR-ın əməkdaşları tərəfindən demontaj olunub, aparılıb”.

İsrafil Kərimov müvafiq orqandan icazə alındıqdan sonra köşkü əvvəlki yerinə qaytarıb qoymağın mümkün olduğunu deyib:

"Mən bu layihəni müsbət qiymətləndirirəm. Bu çox yaxşı bir şeydir. Kitab oxumaq  çox yaxşıdır, mən özüm də kitabları sevirəm, bizim rəhbərlik də həmçinin. Ancaq, bilirsiniz ki, qanunun tələbləri var. Bura şəhərin mərkəzidir, kənd deyil, qəsəbə deyil ki, kim nə istəsə, aparsın evinin qarşısına qoysun. Məramından və məqsədindən asılı olmayaraq, belə bir şey olmaz! İcazə alındıqdan sonra köşkü qaytarıb qoya bilərlər”.  

Qeyd edək ki, layihənin kordinatoru Ramil Hüseynzadə sosial şəbəkədə paylaşdığı məlumatda SOCAR-ın layihə tərəfdaşı olduğunu və "Kitab dayanacağı" üçün məkan və mühafizəni də məhz bu qurumun təşkli etdiyini yazıb. Onun sözlərinə görə, "Kitab dayanacağı" Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti ilə SOCAR arasında baş vermiş anlaşılmazlıq səbəbilə götürülüb.

loading...

Xəbər lenti