Sovet “xozeyin”i Medunovu tələbkar Andropovun əlindən himayədar Brejnev xilas edib – Acı son

Sovet “xozeyin”i Medunovu tələbkar Andropovun əlindən himayədar Brejnev xilas edib – Acı son
O, Andropov hakimiyyətinin ilk qurbanlarından biri sayılır. Hələ Leonid İliç Brejnevin rəhbərliyi dövründə Yuri Andropov onu nəinki vəzifədən uzaqlaşdırmaq, hətta həbs etdirmək istəyib. Brejnevin şəxsi mühafizəsinin rəisi, general-mayor Vladimir Medvedyev öz xatirələrində Sergey Medunovun həbs təhlükəsindən necə xilas olmasını belə xatırlayıb:

"Adi iş günlərinin biri idi. Kabinetdə Brejnevin növbəti tapşırıqlarını qeyd edirdim. Telefon zəng çaldı. Leonid İliç dəstəyi götürmədi, aparatın üstündəki mikrofonun düyməsini basdı. Andropovun səsi eşidildi. Kabineti tərk etmək istəyəndə Brejnev əli ilə qalmağımı işarə etdi. Salamlaşdıqdan sonra Andropov mətləbə keçdi:

- Leonid İliç, yoxlamalar Krasnodardakı korrupsiya faktlarını tam təsdiq edib. O da məlum olub ki, bütün bunların arxasında birinci katib Sergey Medunov dayanır.

Brejnev həmişə olduğu kimi Andropovdan təklif tələb etdi:

- Nə etməliyik? Təklifiniz nədir?

- Cinayət işi açıb Medunovu həbs etmək lazımdır.

Bu təklif baş katibin ürəyincə olmadı və o, bir an susduqdan sonra cavab verdi:

- Yura, bunu etmək olmaz. Medunov böyük bir diyarın partiya rəhbəridir. Neçə illərdir Krasnodar kommunistləri ona böyük etimad göstəriblər. İndi bizim birdən onu həbs etməyimiz bu bölgədə xoşagəlməz atmosfer yarada bilər. Axı həm də Medunov Krasnodar üçün az iş görməyib. Yaxşısı budur, sən onu Moskvada başqa bir işə keçir, sonrasına baxarıq.

- Hansı işə, Leonid İliç?

- Hansısa nazirliklərin birinə müavin təyin etmək olar.

Beləliklə, Brejnev Medunovu Andropovun caynağından aldı. Sergey Medunov SSRİ bağçılıq nazirinin müavini (həmin dövrdə belə bir nazirlik var idi) vəzifəsinə təyin edildi...”

Sergey Medunov nazir müavini təyin edilib canını qurtarsa da, illər boyu onun tabeliyində işləyən minlərlə insan Andropovun açdığı "Soçi-Krasnodar işi”ndə zərər çəkiblər. Diyarda 5 min nəfər vəzifəli şəxs işindən azad olunub, partiya sıralarından xaric edilib, 1500 nəfər isə həbs edilərək müxtəlif müddətlərə azadlıqdan məhrum olunublar. Medunovun azadlıqda qalması Brejnevin yaşadığı son aylarda ona ən böyük hədiyyəsi olub.

Sergey Medunov 1915-ci ildə Tverdə anadan olub. Orta məktəbi bitirdikdən sonra pedaqoji texnikumda təhsil alıb. 1939-cu ildə hərbi xidmətə çağrılıb. 1941-ci ildən 1945-ci ilə qədər müharibənin ən ağır döyüş bölgələrindən keçib. 

1947-ci ildə ordudan tərxis olduqdan sonra Medunovu partiya orqanlarında işə qəbul ediblər. 1959-cü ilə qədər o, Krımın Beloqorsk, Starokrımsk şəhərlərində katib, birinci katib, Krım vilayət partiya komitəsinin inzibati şöbəsinin müdiri, Yalta şəhər partiya komitəsinin birinci katibi, Krım vilayət icraiyyə komitəsi sədrinin birinci müavini vəzifələrində çalışıb. Eyni vaxtda Mərkəzi Komitə yanında Ali Partiya Məktəbində qiyabi təhsil alıb.

1959-cu ildə Sergey Medunov Krasnodar diyarının Soçi şəhərinə birinci katib təyin edilib. 1973-cü ildə isə Krasnodar diyar Partiya Komitəsinin birinci katibi vəzifəsi Medunova həvalə edilib.

Sergey Medunov işgüzar, çevik, tələbkar, bunlarla yanaşı yuxarılarla xoş münasibət yaratmağı, dil tapmağı bacaran bir şəxs olub. Krasnodar diyarına rəhbərlik etdiyi dövrdə ona nə adı, nə də vəzifəsinin adı ilə müraciət ediblər. Medunova hamı "sahib” ("xozyain”) deyə müraciət edib.

Medunov digər vilayət və diyarların birinci katiblərindən Brejnevə yaxınlığı ilə fərqlənib. Baş katiblə dostluq münasibəti olan Medunovun Moskvada ən yüksək postlardan birinə təyin olunması hər an gözlənilib. Amma Yuri Andropov bütün imkanları ilə bu planın qarşısını almağa cəhd göstərib. Kremldə Brejnev tərəfdarlarının çoxalması Andropovun gələcəkdə baş katib kürsüsünə əyləşməsi üçün arzuolunan hal sayılmayıb. Buna görə də o, Medunovu siyasi səhnədən uzaqlaşdırmaq üçün bütün mümkün variantlara əl atıb.

1983-cü ildə sona çatdırılan "Soçi-Krasnodr işi” Andropov hakimiyyətinin ən səslü-küylü hadisələrindən biri olub. Krasnodar vilayətinə tabe olan şəhər və rayonların birinci katiblərinin, demək olar ki, hamısı vəzifəsindən azad olunaraq 8-15 il müddətində azadlıqdan məhrum ediliblər. Xostinski rayon İcraiyyə Komitəsinin sədri DTK və prokurorluq əməkdaşlarının sərt sorğu-sualına tab gətirməyərək intihar edib. Gelencik şəhər partiya komitəsinin birinci katibi Nikolay Poqodin isə ümumiyyətlə yoxa çıxıb və sonrakı taleyi məlum olmayıb. Korrupsiya, rüşvətxorluq faktları milyonlarla məbləğdə qeydə alınıb. Andropovun vurğuladığı kimi, Krasnodarın kurort şəhərləri Qara dənizin suyu ilə yox, korrupsiya çirkabında boğulub.
Andropov bu işdə Moskvada nazir müavini işləyən Medunovu da unutmayıb. Brejnevin vəfatından çox keçməmiş Sergey Medunov vəzifəsindən azad edilib, onu partiya sıralarından azad ediblər.

Vaxtilə Qara dəniz sahillərində "sahib” kimi yaşayan Sergey Medunovun ömrünün son illəri ağır keçib. Həyat yoldaşı və yeganə oğlu vəfat etdikdən sonra o, tənha yaşayıb.
Medunov 1999-cu ildə, 83 yaşında vəfat edib. O, Moskvada Vostryakovski qəbirstanlığında dəfn olunub.

//Musavat.com
loading...

Xəbər lenti